Metsamor Atom Elektrik Stansiyası 2036-cı ilə qədər işləyə bilər?
11-11-2021, 11:53
"Əlbətttə, atom stansiyasının yeni enerji blokunun inşa edilməsi proqramı və müzakirələr var, bunu nəzərə alaraq və fəaliyyətdə olan atom stansiyasının texniki vəziyyəti haqqında müzakirələr nəticəsində belə bir qənaətə gəlmişik ki, fəaliyyətdə olan atom stansiyası 2036-cı ilə qədər işləyə bilər, 2036-cı ilə qədər hazırlaşmaq və yeni blokun inşa edilməsi işlərini həyata keçirmək lazımdır". Ordu.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan bildirib.
O bildirib ki, təxmini hesablamalara görə, bu, 7-8 il davam edəcək.
"10 il hesab edə bilərik. Bu o deməkdir ki, yeni atom stansiyasının inşası işlərinə 2026-2027-ci illərdən başlamaq lazımdır ki, mövcud atom stansiyasının müddəti bitəndə digəri işləməyə başlasın", - deyə Sanosyan qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.
Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.
1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanıb, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınıb. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.