Cahangir Hacıyev London məhkəməsində dindiriləcəkmi? - Vəkilindən AÇIQLAMA

12-11-2021, 08:30           
Cahangir Hacıyev London məhkəməsində dindiriləcəkmi? - Vəkilindən AÇIQLAMA
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyev London məhkəməsində ifadə verə bilər. Bu haqda “The Evening Standard” nəşri məlumat verib. Qəzetin yazdığına görə, Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA-National Crime Agency) Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 3,2 milyon funt sterlinq (təxminən 4,5 milyon dollar) təşkil edən qızıl-zinət əşyalarının müsadirə edilməsi üçün iddia qaldırıb. Nəşr bildirir ki, Cahangir Hacıyevin bu iş üzrə şahid qismində həbsxanadan videokonfrans yolu ilə ifadə verməsinin təmin edilməsi üçün Milli Kriminal Agentliyi Azərbaycan tərəfinə sorğu göndərə bilər.

Xatırladaq ki, Zamirə Hacıyevanın Böyük Britaniyada dəyəri on milyonlarla funt sterlinq olan mülklərinə, bank hesablarına, o cümlədən Londondakı malikanəsinə və milyonlarla dollarlıq qızıl-zinət əşyalarına həbs qoyulub. NCA bu sərvətin Azərbaycanda korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına əldə edildiyini məhkəmədə sübuta yetirib, Zamirə Hacıyeva məhkəməni uduzub və indi üzərinə həbs qoyulmuş mülkiyyətin Böyük Britaniya dövlətinin hesabına müsadirə edilməsi üçün proses gedir. Londonda aparılan məhkəmə araşdırması zamanı bəlli olmuşdu ki, Zamirə Hacıyeva ərinin ona verdiyi bank kartları ilə təkcə Londonun butiklər yerləşən “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq dəyərində alış-veriş edib, o cümlədən dəyəri yüz minlərlə dollar olan qızıl-zinət əşyaları alıb.

İndi Milli Kriminal Agentliyi bildirir ki, həmin qızıl-zinət əşyalarının alınması üçün milyonlarla dollar Z.Hacıyevanın əri C.Hacıyevdən daxil olub və nəticədə Londonun “Christie’s” hərrac evindən, məşhur “Cartier” zərgərlik firmasından alınmış həmin əşyaların müsadirə edilməsi üçün prosedur başladılıb.

NCA London Magistrat Məhkəməsinə bildirib ki, Azərbaycanda ölkənin ən iri banklarından birini talamaq ittihamı ilə 15 illik həbsxana cəzasını çəkməkdə olan Cahangir Hacıyev bu zinət əşyalarının taleyi ilə bağlı “maraqlı tərəf” ola bilər və ola bilsin iş üzrə onun şahidliyinə ehtiyac yaranacaq.

NCA adından məhkəmədə çıxış edən krallıq vəkili Endryü Berd məhkəməyə bildirib ki, Bakı hakimiyyəti cənab Hacıyevin məhkəmədə videokonfrans yolu ilə iştirak etməsinə icazə verə bilər. Çünki bu, zinət əşyalarının satışından əldə edilmiş vəsaitlərin bir hissəsinin sonda Azərbaycana qaytarılmasının yolunu açardı: “Milli Kriminal Agentliyinin iddiası bundan ibarətdir ki, zinət əşyalarının alındığı vəsaitlər cənab Hacıyev tərəfindən Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə mənimsənilib, oğurlanıb, müxtəlif yollarla əldə edilib və bu əməllərinə görə o mühakimə olunub, hazırda həbsxanadadır. 15 il həbs cəzası alıb”.

Vəkilin sözlərinə görə, əsas məsələ C.Hacıyevin məhkəmədə iştirak etmək marağının olub-olmamasındadır. Endryü Berd deyib ki, Azərbaycan hakimiyyətinin işin gedişində maraqlı olması ehtimalı böyükdür. Çünki zinət əşyaları müsadirə edilib daha sonra satılsa Azərbaycan tərəfi pulların bir hissəsinin ona verilməsi üçün NCA qarşısında məsələ qaldıra bilər: “İstifadəsi mümkün olan beynəlxalq razılaşmalar var, ona görə də onun məhkəmədə iştirak etməsinə imkan yaratmaq sonda Azərbaycan tərəfinin marağındadır”.

Bildirilir ki, hazırda Londonun Naytsbric rayonundakı Uolton-strit malikanəsində (15 milyon funt sterlinq dəyərində) yaşayan Zamirə Hacıyeva qanunları pozduğunu əvvəldən inkar edib və pulların onun ərinin “qanuni gəlirlərindən” qaynaqlandığını bildirib.

Onun müsadirə ediləcək zinət əşyaları arasında dəyəri 1,2 milyon funt sterlinq olan “Cartier” briliyant üzüyü də var. Lakin məhkəmə iclasında aydın olub ki, zinət əşyalarının müsadirə edilməsi daha irimiqyaslıdır. Vəkil Endryü Berd bildirib: “Aktivlər ”Cartier Ltd" firmasından və “Christies” hərrac evindən müsadirə edilib. Onlar ora Leyla Mahmudova tərəfindən (keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı-red.) göndərilib, amma dəlillər var ki, zinət əşyaları əslində xanım Hacıyevanın istifadə etdiyi hesablardan ödənilən 3 milyon funt sterlinqə alınıb. O, “Harrods”dan müxtəlif mallar almaq üçün kredit kartlarından istifadə edib. Bu zinət əşyalarının çoxu “Harrods”dan kredit kartları hesabına alınıb".

Qəzet yazır ki, gələn il iş üzrə daha bir məhkəmə keçiriləcək və orada Cahangir Hacıyevin müsadirə prosesində hansı rol oynaya biləcəyi müəyyən olunacaq, daha sonra zinət əşyalarının taleyi barədə qərar veriləcək. NCA bildirir ki, Z.Hacıyeva bu zinət əşyaları və yaşadığı malikanə ilə yanaşı Askotddakı “Mill Ride” qolf meydançasını da qanunsuz əldə edilmiş vəsaitlərlə alıb.

Aydın məsələdir ki, Azərbaycan tərəfi Z.Hacıyevanın müsadirə olunan zinət əşyalarının satışından əldə olunan vəsaitlərin heç olmasa bir qisminin ölkəyə çatmasında maraqlıdır: çünki onların alınması məhz Azərbaycandan çıxarılan vəsaitlər hesabına baş verib. Bu baxımdan, Azərbaycan hökuməti C.Hacıyevin London məhkəməsi üçün ifadə verməsini təşkil edə bilər. Bu proses hansı hüquqi sənədlər əsasında həyata keçirilə bilər? C.Hacıyev Z.Hacıyevaya qarşı Londonda aparılan məhkəmə prosesi ilə bağlı dindirilibmi?

C.Hacıyevin vəkili Aqil Layıcın “Yeni Müsavat”a dediyinə görə, hüquqlarını müdafiə etdiyi şəxs Londonda aparılan proseslə bağlı dindirilməyib: “Bu iddialar çoxdandır səsləndirilir. Lakin ortada konkret hüquqi addımlar yoxdur. Cahangir Hacıyev bu məsələ ilə bağlı dindirilməyib, ona ifadə verməsinə dair məlumat verilməyib”.

Qeyd edək ki, Azərbaycan dövlətlərarası qarşılıqlı hüquqi yardıma dair əsas beynəlxalq sənəd olan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına bir sıra qeyd-şərtlərlə qoşulub. Onlardan biri Konvensiyanın 3-cü maddəsi ilə bağlıdır. Bu maddədə qeyd edilir ki, hüquqi yardımla bağlı “Sorğunu alan Tərəf onun qanunvericiliyi ilə müəyyən edilən qaydada cinayət işlərinə aid olan və şahid ifadələrinin alınması və ya maddi sübutların, materialların və ya sənədlərin ötürülməsi məqsədi ilə sorğu edən Tərəfin məhkəmə orqanları tərəfindən ona göndərilən istənilən məhkəmə tapşırıqlarını yerinə yetirir. Əgər sorğu edən Tərəf istəyirsə ki, şahidlər və ekspertlər ifadəni and içərək versinlər, onda o, bu barədə xüsusi olaraq xahiş edir, sorğunu alan Tərəf isə, əgər onun ölkəsinin qanunvericiliyi bunu qadağan etmirsə, bu xahişi yerinə yetirir. Sorğunu alan Tərəf tələb edilən materialların və ya sənədlərin təsdiqlənmiş surətlərini və ya təsdiqlənmiş fotosurətlərini ötürə bilər, əgər ancaq sorğu edən Tərəf xüsusi olaraq orijinalları tələb etmirsə, sorğunu alan Tərəf xahişi yerinə yetirmək üçün bütün səyləri göstərir”.

Azərbaycanın bu maddəyə dair qeydində bildirilir ki, konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş cinayət işlərinə aid olan və şahid ifadələrinin alınması üçün məhkəmə tapşırıqları Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəaları nəzərə alınmaqla yerinə yetiriləcək.

Azərbaycan Konstitusiyasının 66-cı maddəsində qeyd olunur: “Heç kəs özünə, arvadına (ərinə) övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verməsi məcbur olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir”.

Digər qeyddə Azərbaycan bəyan edir ki, axtarış və əmlak üzərində həbsin qoyulması ilə bağlı məhkəmə tapşırıqlarını konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “a” və “c” yarımbəndlərində qeyd olunan şərtə uyğun olaraq icra edəcək. Konvensiyanın 5-ci maddəsində qeyd edilir ki, sənədi ratifikasiya edən ölkələr axtarış və ya əmlak üzərinə həbs qoyma ilə əlaqədar olan məhkəmə tapşırıqlarının icra edilməsi hüququnu bir neçə şərtə riayət etməklə özündə saxlaya bilər. Maddənin 1-ci bəndinin “a” yarımbəndinə əsasən bu şərtlərdən biri “məhkəmə tapşırığı ilə əlaqəsi olan cinayət istər sorğu edən Tərəfin qanunu, istərsə də sorğunu alan Tərəfin qanunu ilə cəzalandırılan cinayətdirsə”, digəri isə “c” yarımbəndinə əsasən “məhkəmə tapşırığının yerinə yetirilməsi sorğunu alan Tərəfin qanunvericiliyinə zidd deyilsə” şərtləridir.

Beləliklə, Böyük Britaniya məhkəməsi “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyası əsasında Azərbaycandan C.Hacıyevin ifadə verməsinin təmin olunmasını istəyə bilər. Lakin Azərbaycanın konvensiyaya qoşulma şərtinə əsasən C.Hacıyev xanımının əleyhinə ifadə verməyə məcbur edilə bilməz.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bu məsələdə əsas məqam dövlətlərarası razılığın olmasına bağlıdır: “Azərbaycanı buna məcbur edəcək hüquqi sənəd mövcud deyil. Mövcud beynəlxalq sənədlərdə bu məsələ üzrə məcburilik nəzərdə tutulmur. Buna görə də belə işlərdə əsas rolu dövlətin bu və ya digər məsələdə maraqlı olub-olmaması oynayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.