Londonda Britaniya tarixində ən böyük oğurluq edən şəxslər mühakimə olundu ŞƏXSİ EVLƏRDƏN 26 MİLYON FUNT STERLİNQ APARIBLAR
16-11-2021, 07:09
İki il əvvəl Londonda şəxsi evlərdən ən azı 26 milyon funt sterlinq oğurlayan üç quldur London Kral Məhkəməsində mühakimə olunub. Bu barədə Sky News bildirir.
Qeyd olunur ki, quldurlar Milad bayramları ərəfəsində 2019-cu ilin dekabrında bir neçə “əməliyyat” keçirib. Onların qurbanları “Formula 1”-in keçmiş rəhbəri Tamara Ekklstounun qızı, "Çelsi"nin keçmiş futbolçusu Frenk Lempard və Tailandlı milyarder Vişai Şrivaddanaprabhi olub. Bu Britaniya kriminal tarixində ən böyük oğurluq seriyası hesab edilir.
Oğurlanan qızıl-zinət əşyaları və nağd pulun ümumi məbləğinin 26 milyon funt sterlinq (35 milyon dollar) olduğu bildirilir. Bir çox qiymətli əşyalar hələ də sahiblərinə qaytarılmayıb. Quldurlar cinayət yerində barmaq izləri və ya DNT nümunələri qoymurdular. Müstəntiqlər yalnız 1 000-dən çox taksi sürücüsünü dindirdikdən sonra cinayətkarların izinə düşə biliblər.
Oğurluq işi üzrə məhkəmə qarşısına 3 İtaliya vətəndaşı çıxarılıb: 24 yaşlı Yuqoslav Yovanoviç, 45 yaşlı Alessandro Maltese və 44 yaşlı Alessandro Donati. Polis onların Milanda görüşdüyünü güman edir.
Bazar ertəsi məhkəmə Yovanoviçi 11 il, Malteseni və Donatini isə 8 il həbs cəzasına məhkum edib.
Britaniya detektivləri dəstənin dördüncü üzvünün Belqradda gizləndiyi güman edilən 40 yaşlı serbiyalı Lyubomir Romanov olduğundan şübhələnirlər. Avqustda Serbiya hakimiyyəti onu Britaniyaya ekstradisiya etməkdən imtina edib. Polis bildirib ki, Romanov Alfredo Lindley adına sənədlərdən də istifadə edir.