Bakıda adsız dəfn edilən, başdaşını gözləyən sahibsiz məzarlar: Məhbuslar, qocalar, körpələr - REPORTAJ + FOTO
16-11-2021, 12:12
Hər kəs bu dünyada yalnız qalmaqdan qorxar. Məncə, çox az insan yalnız, kimsəsiz ölə biləcəyini düşünüb. Düşünəndə belə insanı vahimə bürüyür, elə deyilmi?
Bu gün hər kəsin qorxduğu taleləri yaşayan insanların uyuduğu məzarlıqdan - “Kimsəsizlər məzarlığı”ndan danışacam…
Əslində ora gedib-getməməkdə çox tərəddüd etdim. Söhbət paytaxtın Suraxanı rayonunda yerləşən və “Dədə Qorqud” qəsəbə qəbiristanlığı kimi tanınan ərazidən gedir. Qəbiristanlığın sağ tərəfi müsəlman, sol tərəfi isə xristian qəbiristanlığıdır.
Bir qədər irəlidə isə hər kəsin yolunu belə unutduğu, kimsəsizlər məzarlığı var. Uzaqdan məzar olduğu belə anlaşılmır. Gündüz ətrafda qurd-quş, gecələr isə əhali arasında goreşən kimi tanınan heyvanlar qəbiristanlığın altını-üstünə çevirir desək, yalan olmaz.
Ətrafda gözümüzə məzar daşları deyil, dəmir və taxta parçaları üzərində qeyd edilən nömrələr sataşır. Bu nömrələrin hər biri ayrı bir həyat, ayrı bir insandır… Məzarlıqda yeriyən zaman ayaq altında kiçik təpəciklər, “qazılmış” çalalar qalır. Bir qədər irəlilədikdən sonra məzarlıqda qarşımıza çıxan şəxs dedi ki, “onlar hamısı məzarlardır”.
Ayaqlar altında uyuyan kimsə(siz)lər…
Ərazi çox genişdir. Amma ətrafdakı səssizliyi yalnız uçuşan quşların, məzarların üzərində gəzən sahibsiz heyvanların səsi pozurdu. Yarısı sınmış, yarısı məzardan xeyli kənara atılan rəqəmlərə göz gəzdirərək, irəliləyirdik. Rəqəmlərin yerini, sıranın haradan başlayıb harada bitdiyini hətta ərazidə çalışan gözətçilər də unudub.
Gözdən-könüldən uzaq bu məzarlıqda uyuyanlar bəlkə də uzun illərdir öz yaxınlarının nə zamansa onları tapacağını gözləyir. Kim bilir, bəlkə də bu dəqiqə kimsə bu nömrələrdən birinin altında yatan əzizini axtarır? İnsanlar isə bu yazını oxuyanda bəlkə də “Allah heç kimə göstərməsin”, “iraq olsun” deyib keçəcək. Təəssüf ki, heç kim öz taleyini özü seçmir, heç onlar da özlərinə belə sonluq arzu etməzdilər…
Lal-dinməz məzarlığın ilk əbədi qonağı - 1 nömrəli məzar…
Məzara bənzətməkdə çox çətinlik çəksək də üzərindəki dəmirlərə yazılan rəqəmlər onların son şansıdır. “1”, “2”, “3”,……… “893” və daha başqa rəqəmlər, siyahını uzatmaq olar. Məzarlıq 1990-cı ildən salınıb. Təsəvvür edin ki, bu rəqəmlərin hər biri ailəsiz – anasız, atasız, qohumlarsız son mənzilə yola salınan insanlardır. Orada çalışan işçilərlə söhbət zamanı məlum olub ki, məzarlarda kimlərin dəfn olunduğunu yalnız ailə yaxınları axtaran zaman bilmək olur. Məlumatlar morqdan bura xüsusi rəqəmlərlə, kodlaşdırılaraq gəlir. Dəfn edilənlər arasında yol qəzasında ölənlər, meyiti evdə kimsəsiz vəziyyətdə günlər sonra tapılanlar, ana bətnində ölən və ailəsi tərəfindən sahib çıxılmayan günahsız körpələr belə var.
Kimsəsiz şəxslər məzarlığa gətirilənə qədər bir müddət morqda saxlanılır. Həmin müddət ərzində zəruri ekspertiza və aidiyyəti prosedurlar aparılır. Bu müddət ərzində şəxsi tanıyan kimsə - ailə üzvləri, yaxınları tapılmazsa, meyit barədə sənədlər rəsmiləşdirilərək, kimsəsiz kimi dəfn edilmək üçün ərazi üzrə bələdiyyələrə göndərilir və dəfn edilirlər.
Dəfn olunanların ailələri tapılırmı?
Gözətçi deyir ki, bəzən ölən şəxslərin yaxınları olduğunu iddia edən insanlar olur. Lakin rəsmi qaydada məlumat almaq üçün onlar ilk növbədə qohumluq əlaqələrini sübut edən sənəd təqdim etməlidirlər. Prosedura uyğun şəkildə həmin şəxslər aidiyyəti qurumlar tərəfindən sanitar, epidemioloji stansiyaya yönləndirilirlər. Rəsmi icazə aldıqdan sonra meyiti istədikləri yerdə dəfn edə bilərlər.
Bizimlə həmsöhbət olan işçi deyir ki, burada dəfn edilənlərin çoxu, əsasən qocalar evində, cəzaçəkmə müəssisələrində vəfat edənlər insanlar, eləcə də doğum evlərində dünyaya gələrkən ölən və ya ölü doğulan ailələrinin imtina etdiyi körpələrdir. Məzarlıqda dəfn edilənlərin bir qisminin ailəsi tapılıb. Eləsi var dəfn edildiyi yerdə yaxınına məzar daşı qoydurub, eləsi də var meyiti çıxararaq başqa yerdə dəfn etmək istədiyini bildirib. Belə ki, meyitin çıxarılması onun nə zaman dəfn edilməsindən və torpaqdan da asılıdır. Torpaq qumludursa, bir il, suludursa, üç il sonra həmin meyiti çıxarmağa icazə verilir.
Qəbiristanlıqda sonuncu dəfn mərasimi bir neçə gün öncə olub. Amma ərazidə bir neçə boş məzar da qazılıb, nömrələr ayrılıb, öz sahibini gözləyirdi.
Təəssüf ki, ərazidə ağlınıza gələ biləcək istənilən məişət tullantılarına da rast gəlirdik. Burada çalışanlar müəyyən müddətdən bir ərazidə təmizlik işlərinin aparıldığını desə də, görünən mənzərə sonuncu təmizlik işlərindən xeyli vaxt keçdiyini deməyə əsas verirdi. Məzarların üzərində sellofan torbalara, içki şüşələrinə, köhnə geyimlərin parçalarına, ağac qırıntılarına və digər əşyalara rast gəlinirdi. Daha da dəhşətlisi goreşənlər tərəfindən qazılan məzarların hətta içərisində də zibillər tapılırdı. Addım atanda anlayırsan ki, ayaqlarının altında səssiz kimsə yatır... O addımdan sonra artıq səni vahimə basır…
Gün ərzində 4-5 nəfər kimsəsiz dəfn edilir
Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən aldığımız məlumata görə, keçən il bələdiyyə orqanlarına dəstək məqsədilə 25, bu il isə 30 kimsəsiz meyit onlar tərəfindən dəfn edilib. Kimsəsizlərin dəfn olunmasına dair məsələ 2018-ci ildən ərazi üzrə yerli bələdiyyə idarələrinə verilib. Yalnız bələdiyyəyə dəstək məqsədilə son iki ilə ərzində bələdiyyə orqanlarına kimsəsizlər üçün 100-ə yaxın tabut verilib. Bəzən qəbiristanlıqda gün ərzində 4-5, bəzən ay ərzində isə 10-15 nəfər dəfn edilir. Elə ay olur ki, heç bir nəfər belə kimsəsiz meyit dəfn edilmir…
Məzarların sayına baxanda onların günbəgün artmasını istəmirsən. Kimsənin bir qəza nəticəsində tanınmaz hala gəlməsini istəmirsən. Düşünəndə ki, böyüdüb boya-başa çatdırdığımız övladlar nankor çıxıb bizləri tək-tənha öləcəyimiz günü gözləməyə məhkum edəcək, adamın damarında qanı donur. Kim bilir daha kimlərin yolu bu məzarlıqdan düşəcək?! Amma görünən odur ki, bir ömürdən geriyə qalan sadəcə quru bir başdaşı və bir cüt qərənfildir. O da əgər qismət olsa...
oxu.az