İcbari tibbi sığorta: Əhaliyə müasir xəstəxana, yoxsa savadlı həkim lazımdır? - AKTUAL
16-11-2021, 16:27
“Vaxtilə Azərbaycanda səhiyyə ilə bağlı bir çox göstəricilər aşağı olub. Bu baxımdan islahatlara ehtiyac duyulub, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.
“Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur. Hazırda ölkədəki səhiyyə işçilərinin 60 %-i Bakıdadır, yəni regionlarda işçi çatışmazlığı var. Bundan başqa, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda yeni xəstəxana binası tikilsə də, vəziyyəti yaxşı olmayan xəstəxanalar hələ də var. Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir.
İlkin səhiyyə məntəqələrinin də vəziyyəti yaxşı deyil. Ölkəmizin maliyyə baxımından sıxıntısı yoxdur, zamanla bağlı sıxıntısı var. Bütün bunların qısa zamanda həyata keçirilməsi üçün dövlətin gücü kifayət deyil. Bu baxımdan düşünürük ki, dövlət - özəl sektor tərəfdaşlığı bu yöndə bizə dəstək ola bilər”, - deyə o qeyd edib.
Xatırladaq ki, son illər ölkədə bir çox xəstəxanalar ya yenidən tikilib, ya da təmir olunub. Eləcə də tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilib. Lakin bu gün ölkədə savadlı həkimlərin sayı o qədər də çox deyil. Nəticədə isə ölkə əhalisi xarici ölkələrə üz tutmalı olur.
Maraqlıdır, bu gün yeni xəstəxanalar tikməyə, yoxsa savadlı həkimlərin sayının artırılmasına daha çox ehtiyac var?
Həkim-terapevt Nərminə Abbasova Cebhe.info-ya bildirdi ki, İcbari Tibbi Sığorta bir çox dünya ölkələrində tətbiq olunur və ölkəmizdə də bu istiqamətdə işlər aparılır:
"Hazırda İTS-nin ölkədəki inkişaf səviyyəsi ilə bağlı konkret fikir bildirmək çətindir. Çünki bizdə İTS-nin tətbiqi pandemiya dövrü ilə eyni vaxtda təsadüf etdi. Eyni zamanda, müharibə oldu və bu gün ölkəmizin üzərinə eyni vaxtda bir çox yük düşüb.
Müharibədən sonra geri qaytarılan torpaqlarımızda bərpa-quruculuq işləri, şəhid ailələri, qazilərimizə olan yardımlarla bağlı xeyli vəsait tələb olunur. Bu gün ölkəmizdə xəstəxanaların sayı kifayət qədərdir. Yenisinin tikilməsinə gəldikdə, əgər bu gün büdcəmiz buna imkan verirsə, kifayət qədər geniş imkanlara malikdirsə, hər bir ehtiyacı qarşılayacaq səviyyədədirsə tikilsin.
Təbii ki, hər bir ölkə vətəndaşı yaxşı şəraitli xəstəxanada müayinə, müalicə olunmaq istəyər. Fikrimcə, bu gün ölkəmizin maliyyə vəsaitinə ehtiyacı çoxdur. Yeni xəstəxanaların tikilməsi də xeyli vəsait tələb edir. İstər yeni, istər köhnə tikili xəstəxanalarımız olsun, savadlı, bilikli mütəxəssislərin olması daha vacibdir. Ölkədə çox sayda modul tipli xəstəxanalar tikilib. Bunlar da yəqin ki, uzun müddət fəaliyyət göstərəcək.
Pandemiyanın nə vaxt başa çatacağı bilinmir, bəlkə də bir ömür boyu bir yerdə addımlayacağıq. Savadlı həkimlərə hər zaman ehtyac var və bu gün onların ikiqat bilikli olması zərurəti yaranıb. Çünki yoluxmaların sayı artır, vaksinlər vurulur, ölüm sayı hələ də çoxdur. Ona görə də insanların ölümlə qarşılaşmaması üçün insanların qidalanması, ümumi davranışları, özlərini virusdan necə qorumaları barədə maarifləndirilməsi vacibdir. Bu isə zor gücünə deyil, məhz savadlı həkimlərin sayəsində mümkündür.
Şəxsən mənim 70-84 yaşlarında pasientlərim olub ki, “korona”ya yoluxsalar da müalicəylə öz sağlamlıqlarına qovuşdular. Ancaq daha da sağlam bildiyimiz insanlar bu gün pandemiyanın təhlükəsindən xilas ola bilmirlər. Ona görə də həkimlərimizin savadlı olması, öz üzərində işləmələri, məlumatlandırılmalar, konfransların təşkili vacibdir.
Doğrudur, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən təşkil edilən onlayn seminarlarda iştirak etdik. Ancaq ümumilikdə bu kimi tədbirlər azdır. Lazım gəlsə, gənc nəslin daha da savadlı olması üçün xarici ölkələrə pulsuz ixtisaslaşma kurslarına getmələri təşkil olunmalıdır".
Həkimin deyir ki, bu gün həm özəl xəstəxanalarımız, həm də dövlət klinikalarında da yaxşı şərait var:
"Hazırda bir vətəndaş olaraq yeni xəstəxanaların tikilməsi ilə razı deyiləm. Müharibədən yeni çıxmış bir ölkəyik, pandemiyanın vurduğu nə qədər ziyanlar var. Bu gün iqtisadi problemlər, qiymətlərin qalxmasını müşahidə edirik. Hazırda savadlı həkimlərimiz var, ancaq onların biliklərinin daha mükəmmələşdirilməsinə ehtiyac var.
Bizim həkimlərin xaricdə ixtisaslaşmasını təşkil etməklə yanaşı başqa ölkələrdən də tanınmış, mütəxəssisləri ölkəmizə dəvət edib seminarlar təşkil edə bilərlər. Son vaxtlar yeni istifadəyə verilən klinikada baş verən hadisəni xatırlasaq, bəzi hadisələr həddini aşdı.
Rəhbərlik həbs edildisə də, hər halda bu doğru şəkildə həyata keçirildi. Çünki xalqın mövcud problemlərlə qarşılaşdığı bir vaxtda öz əzizlərini itirməmək qorxusu ilə bağlı nə isə təklif edə bilərdi. Rəhbərlik ona getməməli idi. Belə çətin vəziyyətdə insanlar evlərini satıb pul ödəməyə cəhd göstərə bilər, ancaq bu o demək deyil həmin pulu almalısan. Yəqin ki, yerində cəzalanıb. Mən buna sevinmirəm, məyus oluram. Hüquq-mühafizə orqanları var, nəticə sonda özünü göstərir".
Nərminə Abbasova sözlərinə görə, həkimlərin savadının artırılması hər zaman lazımdır:
"Onu da qeyd edim ki, online dərslər son iki ildə gənc nəslin savadını 50 faiz aşağı saldı. İki il öncə 4 kursda olan tələbələr 6 kursu onlayn bitirdi və ona görə də onlardan yüksək savad gözləmirik. Ola bilsin ki, xarici ölkələrə üz tutanlar olacaq, yaxud ölkəmizdə biliyini artırmağa cəhd göstərənlər olacaq. Ancaq bu gün yeni xəstəxana tikməkdənsə, həkimlərin savadlandırılmasının ön plana çəkilməsi lazımdır".