Rusiya Suriyaya yeni əsgəri qüvvə göndərdi:Bakıdan uzaqda lövbər salan yaxın təhlükə
31-03-2016, 09:48
Rus Donanmasına aid 127 nömrəli döyüş gəmisi "Minsk" İstanbul boğazını keçərək, Mərmərə dənizinə daxil olub. Gəminin son mənzilinin Aralıq dənizi olacağı şəksizdir.
Strateq.az xəbər verir ki, ciddi təhlükəsizlik tədbirlərilə boğazdan keçən gəminin göyərtəsində xeyli sayda əsgər olduğu bildirilir.
Halbuki, bu ayın 15-də Rusiya prezidenti açıqlama verərək, hərbi qüvvələrini Suriyadan geri çəkəcəklərini açıqlamışdı. İndisə birdən birə bir rus gəmisinin içi dolu əsgərlə Aralıq dənizinə səfəri, təbii ki, ordu mənsublarının yaz tətilini qumsal sularda keçirmək məqsədindən irəli gəlmir və Moskvanın sülhpərvər niyyətini şübhə altında qoyur. Baxmayaraq ki, sözügedən açıqlamasıyla hər kəsi təəccübləndirən Putinin bu qərarı müxtəlif səbəblərlə izah olunmuş, hər kəsdə, Suriyada sülhün təmin olunacağına inam yaratmışdı.
Bu inamı həm rus rəsmilərinin, həm də müstəqil ekspertlərin şərhləri də qüvvətləndirirdi. Rusiyanın rəsmi mövqeyinə görə, Suriyadakı hərbi qüvvələri öz missiyasını tamamlamış, “legitim hakimiyyətə” qarşı döyüşən “terrorçuları” zəiflətdikdən sonra evə qayıtmağın yolu görünmüşdü. Müstəqil ekspertlər isə bu addımı ABŞ-la aparılan gizli danışıqların nəticəsi kimi qəbul edirdilər. Sonradan məlum olmuşdu ki, doğrudan da, qərar verilməmişdən bir neçə gün qabaq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Moskvada olub və ölkənin qərarvericiləriylə müxtəlif məsələləri müzakirə masasına yatırıb.
Məsələyə bu konteksdən nəzər salanda və yekun nəticələri ümumiləşdirəndə ortaya belə bir mənzərə çıxır: Rusiya ABŞ-dan hansısa güzəşt qoparmaq üçün “blef” edib. “Minsk” gəmisinin Aralığa göndərilməsi isə Rusiyanın istədiyini tam almadığını göstərir.
Əslində əvvəl gündən rus ordusunun Suriyadan tamamilə çıxmadığı bəlli idi. ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinin komandirlərinin dilindən səslənən bəzi faktlar rəsmi Moskvanın əsgərlərini geri çəkmək niyyətinin gözdən pərdə asmaqdan başqa bir şey olmadığını göstərirdi. Açıqlamalara görə, həmin qərardan sonra rus hava qüvvələrinin sadəcə kiçik bir hissəsi bölgədən çıxarılmışdı- 50-60 təyyarədən sadəcə 10-u. Suriyadakı rus ordusunun əsas gücü isə yenə də Kremldən gələn tapşırıqları yerinə yetirmək üçün döyüşə hazır vəziyyətdə gözləyirdi.
“Minsk” gəmisinin içi dolu əsgərlə Suriyanın Aralıq dənizi sahillərinə səfərə çıxması da Rusiyanın geri çəkilmək qərarına şübhə kölgəsi salır. Onun Suriyadan təyyarələri çıxarıb, dəniz gücünü möhkəmləndirməsi və bölgəyə özünün xeyli sayda dəniz piyadalarını göndərməsi bundan sonrakı hərbi əməliyyatlarının xarakteri barədə kifayət qədər “ip ucu” verir. Hərbi güclərin bu şəkildə dəyişdirilməsi belə qənaət formalaşdırır ki, Rusiya artıq yalnız hava əməliyyatlarıyla kifayətlənməyəcək, bombardımanla düşməni zəiflətdiyi bölgələrə nəzarəti tam təmin etmək üçün quru hərəkatına da başlayacaq.
Suriyaya göndərilən rus əsgərlərinin əsasən dəniz piyadalarından ibarət olması isə növbəti mərhələnin coğrafiyası barədə də mülahizə yürütməyə imkan verir. Böyük ehtimalla, rus işğalına məruz qalması gözlənilən bu coğrafiya Aralıq dənizi sahilləri olacaq. Çünki dəniz piyadalarının hərbi manevr qabiliyyətinə yiyələndikləri sahələr sahillərdir və onlar Suriyanın içi kimi dağlı-daşlı, səhralı ərazilərdə istənilən effektdə döyüş apara bilməzlər.
Aralıq dənizi sahillərini seçilməsi də təsadüfə oxşamır. Bir sıra yazılarımızda qeyd etdiyimiz kimi, dünya dövləti olma yolunda isti dənizlərə çıxmaq tarix boyu Rusiyanın imperialist hədəflərindən olub. I Pyotrun dövründən indiyə qədər dəyişilmədən qalan bu hədəflər Rusiyanı Aralıq dənizinə çəkir. Çünki hər tərəfdən quruyla və ilin böyük qismini buz altında keçirən şimal dənizləriylə əhatə olunan ölkənin okeanlara, qlobal dəniz ticarəti marşrutuna ən rahat açılan qapısı Qara dənizdən Mərmərəyə, ordan isə Ege və Aralıq dənizinə çıxış imkanıdır. Ölkənin uzaq şərq hissəsinin açıldığı Sakit okean həm sənaye mərkəzlərindən xeyli aralıdır, həm də tamamilə ABŞ donanmasının hakimiyyəti altındadır. Rusiya ABŞ-ın hərbi dəniz qüvvələrinin ovcunda tutduğu qlobal su hegemoniyasının dəmir pərdəsini yalnız Aralıq dənizindən yara bilər. Üstəlik, istər I, istərsə də II Dünya müharibələrində imzalanan anlaşmalar şimal qonşumuza bu dənizə donanma çıxarmaq hüququ verir.
Aralıq sahili boyunca öz su hegemoniyasının təhlükəsizliyini qorumaq üçün Rusiyanın Suriya sahillərinə dəniz piyadaları göndərməsinin bir başqa səbəbi Türkiyə ilə gərgin münasibətləri səngiməyə qoymamaq, diri tutmaqdır. Onun NATO üzvü olan Türkiyəylə icəşməsi isə iki səbəbdən qaynaqlanır.
Əvvəla, özü ətrafında yaradıldığını düşündüyü çəmbərin-qərb cəbhəsi qövsünün ən zəif həlqəsinin Türkiyə olduğunu fikirləşir. Üstəlik, Türkiyə Avropa ilə Asiyanın tam birləşmə nöqtəsində yerləşdiyindən, cəbhə xəttinin məhz burdan yarılması hər iki qitədə yaşana biləcək “xoşagəlməz” hadisələrə nəzarət etmək imkanı verər.
İkincisi, özünün enerji strategiyasının-Avropanı rus qazından asılı vəziyyətə salmaq siyasətinin alternativlərinin qarşısını bu coğrafiyalara nəzarəti tam təmin edəcəyi halda ala bilər. Əvvəlki yazılarımızda üzərində daha ətraflı duraraq, qeyd etdiyimiz kimi, Avropanın enerji təminatında rus hegemoniyasının önünü kəsmək üçün ABŞ İran körfəzi qazının bu qitəyə daşınmasında maraqlıdır. Bu qaz marşrutlarının Suriya və Türkiyə ərazilərindən keçərək daha rahat şəkildə öz ünvanına çatdırılmaq imkanı var. Rusiya isə sözügedən perspektivə özünün ən böyük bazarlarını itirməsi, iqtisadi çətinliklər içərisində məhv olması kimi baxır.
“Minsk”in Aralıq dənizinə səfərə bu ayın son günü ABŞ-da keçiriləcək nüvə sammiti ərəfəsində yollanması da təsadüfə bənzəmir. Zənnimizcə, nüvə sammitində iştirakdan imtina edən Putinin öz tərs gedişini Aralıq dənizinə nəzarət siyasətilə qüvvətləndirməsi açıq qarşıdurmaya hazır olduğu mənasına gəlir. O da təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin Putinin nüvə sammitində iştirakdan imtinasını “özünütəcrid” kimi qiymətləndirməsini rəsmi Moskva cavabsız qoymadı, dünyanın əsas nüvə ölkələrindən biri olduğunu Vaşinqtona xatırladaraq, kimi nədən təcrid etməsinə istehza ilə yanaşdı.
Prinsipcə, bu məsələdə haqsız da deyildi. Moskvanı iqtisadi əməkdaşlıqlardan, beynəlxalq tədbirlərdən, diplomatik münasibətlərdən təcrid etmək asandır. Amma heç kimdən asılı olmadan öz ayaqları üzərində durduğu və ən böyük sahəni tutduğu bir məkandan təcrid olunması məntiqlə də uzlaşmır.
Sahib olduğu nüvə gücünə arxayınlaşıb ABŞ-la açıq qarşıdurmaya gedən Rusiyanın bu siyasətindən ən çox əziyyət çəkənlərdən birinin də Azərbaycan olacağı gözlənilir. Məşhur filmlərimizdən birində gizgahına iki tərəfin birdən güllə dayayıb “oxu, oxuma” dilemması qarşısında qoyduğu qəhrəman kimi, ABŞ-la Rusiyanın təzyiqləri arasında qalan rəsmi Bakının dəvət olunduğu nüvə sammitindən sonra hansı addımı atacağına qərar verməsi xeyli müşkül olacaq: ABŞ-ın dediyini oxusa, “Minsk”i Aralığa yollayan Rusiyanın “Həşərxan”ı Bakıya göndərməyəcəyinə heç kim qarantiya verə bilməz. Oxumasa, Rusiya qarşısında yer almadığına görə, “ya bizdən ol, ya bizə qarşı ol!” məntiqini əlində rəhbər tutan ABŞ-ın iqtisadi sanksiyalarının, neft və qaz alıcılarının itirməsi təhlükəsinin, beynəlxalq kreditorların qeyri-neft sektorunun inkişafına verəcəyi vəsaiti kəsmək ehtimalının Azərbaycanın iqtisadi durumunu hansı vəziyyətə salacağını təsəvvür etmək belə qorxuncdur.
Qısası, çətin sınaqlar hələ qabaqdadır və “Minsk” gəmisi bizdən uzaqda Aralıq dənizi sahillərinə lövbər salsa belə, hadisələrin inkişafı rus təhlükəsinin çox yaxın olduğundan xəbər verir.
Heydər Oğuz