Bakıda plazalarda ofis kirayəsi neçəyədir? - QİYMƏTLƏR
Bu gün, 15:34

Bakıda yerləşən biznes mərkəzlərində ofis kirayə qiymətləri binanın səviyyəsinə, həm də təqdim olunan şəraitə görə dəyişir. Paytaxtın müxtəlif nöqtələrində yerləşən bu mərkəzlərdə kvadrat metrin qiyməti 15 manatdan başlayaraq 34 manatadək yüksəlir.
TEREF Metbuat.az-a istinadən bəzi tanınmış biznes mərkəzləri üzrə təklif olunan ofis qiymətlərini təqdim edir:
"AF Business House" Bakının mərkəzində, Nizami küçəsi 123 ünvanında yerləşir. Bu mərkəzdə ofislərin 1 kvadrat metri 25 manata təklif olunur.
"Çıraq Plaza" da oxşar qiymətlə çıxış edir, Burada da 1 kvadrat metr üçün 25 manat + ƏDV hesablanır. Plaza Bakı şəhərinin Yasamal rayonu, Tbilisi prospektində yerləşir.
"Caspian Plaza" isə 1 kvadrat metri 27 manat + 18% ƏDV ilə təklif edir. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən bu biznes mərkəzində üç yüzə yaxın yerli və xarici şirkət, eləcə də müxtəlif səfirliklər fəaliyyət göstərir.
"Winterpark Plaza"da isə qiymətlər dollarla hesablanır. Burada 1 kvadrat metrin qiyməti 25 ABŞ dollarıdır. Ən kiçik ofis sahəsi 130 kvadrat metr təşkil edir. Plaza Rəsul Rza küçəsi 63 ünvanında yerləşir.
"STN Plaza"da bəzi ofislər kvadratla, digərləri isə ümumi sahə ilə qiymətləndirilir. Kvadratla hesablanan ofislərdə qiymət 25 manat + ƏDV-dir. Hal-hazırda burada 180, 230, 250 və 270 kvadrat metrlik ofislər mövcuddur. Plaza Bakmil metrosunun yaxınlığında yerləşir və həm yerli, həm də xarici şirkətlər üçün əlverişli iş şəraiti təqdim edir.
"AGA Center" ofisləri üçün kvadrat metrin qiyməti müqavilənin müddətinə görə dəyişir. Aylıq ödənişlə 27 manat + ƏDV, 6 aylıq 25 manat + ƏDV, 1 illik avansla isə 23 manat + ƏDV təşkil edir. 2010-cu ildən fəaliyyət göstərən mərkəz 14 mərtəbəlidir və Xətai rayonunda yerləşir. Burada yetmişə yaxın şirkət fəaliyyət göstərir.
"25 Plaza"da isə 1 kvadrat metrin qiyməti 24 manatdır və bu məbləğə qaz, su və işıq da daxildir. Ən kiçik ofis sahəsi 110.7 kvadrat metr olan bu mərkəzdə ofislər istəyə uyğun bölünür. Binanın ümumi sahəsi 3000 kvadrat metrdir və 5 mərtəbədən ibarətdir.
"Zenith Plaza"da isə qiymətlər 1 kvadrat metr üçün 20 manatdan başlayır. Qiymətə kommunal xidmətlər daxildir. Plaza Cəlil Məmmədquluzadə küçəsi 85z ünvanında yerləşir.
"Aral Plaza"da isə otaqların kvadrat metrinə görə qiymət 32 və ya 34 manat arasında dəyişir. Qiymətə internet istisna olmaqla bütün xidmətlər daxildir. Plaza Atatürk prospektində, Gənclik metrosuna piyada 10 dəqiqəlik məsafədə yerləşir. Ofislər 57 kvadrat metrdən başlayır.
"Çinar Park" Biznes Mərkəzi isə fərqli binalardan ibarət kompleksdir. Burada 7 müxtəlif binanın hər birində fərqli şərait və qiymət mövcuddur. Kvadrat metrin qiyməti 15-20 manat aralığında dəyişir. Mərkəzdə 400-ə yaxın şirkət və dövlət qurumu fəaliyyət göstərir. Ünvan isə Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədir.