Satışlar artdı: Planşetlərin "qızıl dövrü" indi başlayır?
Bu gün, 16:34

İstifadəçilərin planşetlərə olan marağı gözlənilməz şəkildə artmaqda davam edir və satışlarda yeni rekordlar qeydə alınır.
Valyuta.az xəbər verir ki, "Canalys" şirkətinin məlumatlarına əsasən, 2025-ci ilin ikinci rübündə dünya üzrə təxminən 39 milyon planşet satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım deməkdir.
Bu artıma Avropa, Yaxın Şərq, Afrika və Çin kimi bölgələr mühüm töhfə verib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ikinci rübündə ümumilikdə 35,7 milyon planşet tədarük olunmuşdu.
"Apple" 2025-ci ilin ikinci rübündə 14,1 milyon "iPad" sataraq planşet bazarındakı liderliyini qoruyub. "Cupertino" nəhəngini "Samsung" (6,7 milyon), "Huawei" (3,2 milyon), "Lenovo" (3,1 milyon) və "Xiaomi" (3 milyon) izləyib.
Yeni "iPad Pro" modellərinin satışa çıxarılmasından bir ildən çox vaxt keçsə də, "Apple" bu ilin ikinci rübü başlamazdan öncə ən ucuz planşetini və "iPad Air" modelini yeniləyib.
Şirkətin açıqlamasına görə, planşet bazarına olan maraq xüsusilə Çində istehlakçı subsidiyaları və qlobal ticarət tenderlərinin artması ilə dəstəklənib. Xüsusilə Asiyada oyun planşetləri alıcılar üçün populyar və sürətlə böyüyən bir niş kateqoriyaya çevrilib.