Rusiya Suriyaya “dolu gəlir,boş qayıdır”:Moskva Dəməşqə nə daşıyır? –Təhlil

31-03-2016, 12:28           

Rusiya Suriyadakı qüvvələrini azaldır, yoxsa artırır?

Reuters agentliyi yazır ki, Vladimir Putin Suriyadakı əsas qüvvələrin çıxarılcağını bəyan edəndə artıq “Suriya ekspresi” ləqəbini qazanmış donanmaya daxil “Yauza” hərbi buzqıran gəmisinin də Arktikadakı buzlu bazasına qayıdacağı gözlənilirdi. Lakin Putinin məlum bəyantından üç gün sonra “Yauza” Qara dənizdəki Novrossiyisk portundan Suriyadakı Tartus bazasına üzüb. Agentlik xəbər verir ki, gəminin ağır yük daşıdığı onun dərin şəkildə suya oturduğundan görünürmüş.

Reuters-in təhlilinə görə, Putinin bəyanatından sonra Suriyadan Rusiyaya deyil, Rusiyadan Suriyaya daşınan yüklərin həcmi artıb. Bu da qeyd olunur ki, Suriyanı tərk edən qırıcı və bombardmançıları müşayiət edən hərbi-nəqliyyat gəmilərinin nə daşıdığı bəlli olmasa da, Moskvanın Suriyadakı fəallığının azalmadığı göz qabağındadır.

Moskvada mənzillənmiş CAST analitik mərkəzindən Mixail Barabanov Reuters-ə izah edib ki, Rusiya tərəfindən Suriya ordusunun təchizatının azalmaması o deməkdir ki, hava trafiki də azalmamalıydı.

Daha çox döyüş gəmisi

Reuters xatırladır ki, Moskva nə Suriyadakı qüvvələrinin sayını, nə də bu qüvvələrdən nə qədərinin çıxarıldığını bildirmir. Bu da qeyd olunur ki, Rusiyanın Suriyadakı hərbi təyyarələrinin sayı sirr olsa da, ekspertlər Tartus və Hmeymim bazalarında 36 döyüş təyyarəsinin olduğunu təxmin edirlər. Bununla belə, yük daşımalarına aid məlumatlar, rəsmi informasiyalar, dəniz təhlükəsizliyi xidmətlərindən gələn siqnallar və Rusiya blogerlərinin sosial mediada dərc etdikləri fotoların təhlili təxmin etməyə imkan verir ki, Qara dənizdən Aralıq dənizinə keçən “Suriya ekspresi”inin intensivliyi azalmayıb. Əksinə, Reuters-in təhlili Aralıq dənizindəki Rusiya donanma qüvvələrinin artdığını göstərir. Hazırda Rusiyanın Suriya sahillərində daha çox döyüş gəmisi var. Doğrudur, onlar yük gəmçilərinin təhlükəsiz keçidini təmin edirlər, lakin onlardan raketlərin atılması üçün də istifadə oluna bilər.

Dolu gəlir, boş qayıdır

Reuters-in hesablamalarına görə Rusiyanın Aralıq dənizində “Zelenıy Dol” gəmisi də daxil, onlarca hərbi gəmisi var. Bu gəmilərdən 3 metrlik xəta ilə dəqiq vuran raketlər atıla bilər.

Bunu istər Rusiyanın rəsmi mediası, istərsə də Türkiyədəki Bosphorus Naval News resursunun məlumatları da təsdiq edir.

Reuters bildirir ki, Rusiyanın Müdafiə Nazirliyi Aralıq dənizində Rusiyanın nə qədər hərbi gəmisinin olmasına dair suala cavab verməkdən imtina edir.

Lakin Reuters-in müşahidəçiləri belə bir detala fikir veriblər ki, “Saratov” gəmisi Bosfor boğazından keçib Suriyaya gələrkən onun yükü, martın 14-də Suriyadan Rusiyaya gedərkən daşıdığı yükdən ağır olub. Ekspertlər bunu gəminin suya “oturması” dərinliyi ilə müəyyən edirlər. Eyni zamanda Türkiyə blogerləri Bosfordan keçərək Rusiyaya qayıdan “Alexander Otrakovsky” və “Minsk” gəmilərinin, habelə “Dvinitsa-50” köməkçi gəmisinin şəkillərini çəkiblər. Azı iki gəminin – “Alexander Otrakovsky” və “Dvinitsa-50”-nin boş qayıtdıqları qeydə alınıb. Reuters yazır ki, əksinə, bu arada “Minsk” artıq Suriyaya qayıtmağa macal tapıb və Bosfordan keçərkən onun ağır yüklü olduğu müşahidə edilib.

Rusiya əsgərləri Suriya ərazisində döyüşürlər

“The Washington Post” qəzeti isə yazır ki, Rusiyanın “spetsnaz” adlanan xüsusi qüvvələri Suriya ərazilərinin İslam Dövləti təşkilatından geri alınması əməliyyatlarında bilavasitə iştirak edir. Məqalədə deyilir ki, məsələn, Palmiranın alınmasında Assad qüvvələri ilə ruslar çiyin-çiyinə döyüşüblər. Qəzet Suriyanın pərakəndə ordusunun tərkibindəki rus əsgərlərini birləşdirici “yapışqan” adlandırır. Qəzet yazır ki, ABŞ-ın da xüsusi qüvvələri Suriyada əməliyyatlar aparır, lakin rusların əməliyyatları daha “birbaşadır”.

Bununla yanaşı, The Washington Post qeyd edir ki, digər tərəfdən belədə ruslar daha böyük itki verəcəklər, bu isə Rusiya daxilində çox da müsbət qarşılanmayan haldır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.