Azərbaycan ordusu dayanmaq niyyətində deyil: növbəti dayanacaq Xankəndi...
5-04-2016, 10:03
Düşmənin 170 hərbiçisi, 12 zirehli texnikası sıradan çıxarıldı; Müdafiə nazirimizdən əmr – “Xankəndinə kimi vurun”; Zakir Həsənov işğal olunmuş yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsi barədə göstəriş verdi; Serj Sərkisyanın ikibaşlı “kompromis” bəyanatına rəsmi Bakıdan sərt reaksiya; ordumuzun cavab atəşləri nəticəsində ermənilərin hərbi qərargahı darmadağın edildi; erməni saytının 300 ölü etirafı...
Aprelin 1-dən 2-nə keçən gecə işğalçı Ermənistanın silahlı qüvvələrinin təxribat-diversiya hərəkətlərinə Azərbaycan ordusunun adekvat cavab verməsindən sonra başlayan gərgin döyüşlər aprelin 4-də də davam edib. Azərbaycan Müdafiə Nazirliyi atəşi birtərəfli qaydada dayandırdığını elan etsə də, düşmənin azğın münasibətini davam etdirməsinə cavab olaraq yenidən əks-zərbələr endirməyə başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücuma cəhd göstəriblər.
Cavab olaraq ordumuz düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. İlkin xəbərdə bildirildi ki, əks-hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
Digər məlumatda deyilir ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, çaşqınlıq içində geri çəkilir.
Gün ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb. Nazirlik xəbər verir ki, Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.
Rəsmi məlumata görə, Ermənistan ordusunun işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi də qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Nəticədə düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də məhv edilib. Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A”, “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib ki, bu da düşməni vahiməyə salıb. Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir. Yüksək dağıdıcı gücə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də “cəhənnəm silahları” kimi tanınır.
Erməni mənbələrinin yaydığı məlumata görə, işğalçı ölkənin paytaxtına meyitlər və yaralılar daşınır. Vertolyotlarla daşınmanı həyata keçirmək mümkün olmadığı üçün avtomaşınlardan istifadə edilir ki, bu da Laçın dəhlizində gərginliyə səbəb olub. Ağır uğursuzluğun Ermənistan cəmiyyətində və ordusunda gərginlik yaratdığı da gələn xəbərlər sırasındadır. Hətta erməni ordusunun bir generalının özünü güllələdiyi də iddia olunur.
***
Təəssüf ki, ağır döyüşlərdə Azərbaycan da itki verib. Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.
Tərtər istiqamətində gedən döyüşlərdə zabit, 1968-ci il təvəllüdlü Raqif Orucov qəhrəmancasına şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Düşmən mülki əhalini də hədəfə alır. APA-nın xəbərinə görə, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.
***
Cəbhədə hərbi eskalasiyanın şiddətləndiyi son iki gündə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük tələfata məruz qalıb. Bu barədə Ermənistanda fəaliyyət göstərən planetaarmenia.ru saytı xəbər yayıb. Sayt Hadrutdakı mənbəyə istinadən bildirib ki, hospitalda onlarla ölən və yaralanan hərbçi yerləşdirilib. Onların sırasında yüksək və kiçik rütbəli zabitlər də var. “Ölənlərin sayı təxminən 300 nəfərdir” - planetaarmenia.ru saytı qeyd edir. Mülki əhali arasında da ölənlərin olduğu qeyd olunur. Erməni saytı “düşmən tərəfindən” sıradan çıxarılan hərbi texnikanın onlarla olduğunu qeyd edir. Bunlar arasında avtomobillər, ağır zirehli maşınlar, artilleriya qurğuları var. Qeyri-rəsmi xəbərə görə, sıradan çıxarılan hərbi texnikanın sayı 50 civarındadır. Sayt mülki əhalinin evlərindən qaçdığını, habelə əsgərlərin fərarilik etdiyini yazır. Bildirilir ki, erməni xalqının ümidi yalnız vaxtilə Qarabağda vuruşmuş veteranlaradır.
Azərbaycan ordusunun tutarlı zərbələrindən çıxılmaz duruma düşən Ermənistanın cinayətkar prezidenti Serj Sərkisyan isə hərbi əməliyyatların dayandırılması barədə çağırış edib. S.Sərkisyan bu mövqeyini ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Sərkisyan onu da qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır. Lakin eyni zamanda şərtini irəli sürüb. Deyib ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır. Həmçinin Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimi ilə birbaşa danışıqlar aparmalıdır. Ənənəvi ritorikasından əl çəkməyən Sərkisyan “hərbi əməliyyatların miqyası genişlənərsə, Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərik” - deyə, cəfəng iddia da səsləndirib.
Sərkisyanın kompromis təklifinə rəsmi Bakının reaksiyası özünü çox gözlətməyib.
“Azərbaycan Silahlı Qüvvələri aprelin 2-də hərbi əməliyyatlar zamanı azad olunan torpaqları tərk etmək niyyətində deyil”. Bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərghalı deyib.
“Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-cı il tarixində qərar qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir”.
Bu fikirlər isə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə məxsusdur. O, Sərkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq bildirib. “Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur”, - deyə H.Hacıyev bildirib.
Politoloq Elxan Şahinoğlu da Sərkisyanın kompromis və atəşkəs təklifini musavat.com-a şərh edərkən bildirib ki, bu bəyanat rus-erməni hiyləsi də ola bilər: “Hər halda, tələsməmək lazımdır. Bilmirik ki, ”güzəştə gedə bilərik" ifadəsinin arxasında nə gizlənib. Başqa mənbələrdə bildirilir ki, genişmiqyaslı müharibə də başlaya bilər. Bu isə şübhə yaradır ki, Sərkisyan hazırda oyun oynayır. O, vaxt udmağa çalışır ki, bizi sakitləşdirdikdən sonra hücuma keçsinlər. Daha öncələr də qeyd etdiyim kimi, bu, bir faktdır ki, Ermənistan qarşısında real güc görməyənə qədər masada güzəştə getməyəcək. 1999-cu ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olduğum zaman Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və hazırkı prezident Serj Sərkisyanla görüşüb, onlara suallar vermişdim. Onlar verdiyim suallardan əsəbiləşərək bildirmişdilər ki, biz həmin torpaqları vuruşub almışıq və danışıqla geri qaytara bilmərik. İndi isə Ermənistan qarşısında real güc görüb. Böyük itkiləri var və bunu necə bərpa edəcəkləri də bəlli deyil. Azərbaycan bu itkilərə özünü deyərdim ki, hazırlayırdı. Çünki illərdir torpaqlarımızı işğaldan necə azad edəcəyimizi düşünürdük. Bu baxımdan mümkündür ki, bəli, Ermənistan hakimiyyəti geri addım haqqında düşünür. Lakin bir daha qeyd edirəm ki, hələ gözləmək lazımdır".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan-Ermənistan təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü şəraitdə Sərkisyanın bu bəyanatının hiylə olduğunu bildirib: “Bu, Sərkisyanın növbəti hiyləsidir. Çünki o, bunun üçün bütün hərbi birləşmələrə 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmasını şərtini qoyub. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə, o, Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir. Sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan ordusunun geri çəkilməsini tələb etməməlidir”.
Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev publika.az-a deyib ki, düşməndən azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir: “Azərbaycan ordusu bir daha öz gücünü düşmənə nümayiş etdirdi. Yəqin ki, hələ ermənilər bu zərbəni unutmayacaq”.
***
Qarabağ müharibəsi beynəlxalq ictimaiyyəti hərəkətə gətirməkdədir. Almaniyanın xarici işlər naziri Frank - Valter Ştaynmayer Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar rusiyalı həmkarı Serqey Lavrovla telefon danışığı planlaşdırır.
Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə brifinqdə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib. Yeri gəlmişkən, Sərkisyanın Almaniya səfəri də planlaşdırılır.
Bu arada xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun üzv dövlətləri, eləcə də MDB ölkələri, ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniya və ATƏT sədrliyində olan “troyka” dövlətlərinə və BMT, İƏT və NATO-nun baş katiblərinə və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb. Müraciətdə Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərindən bəhs olunub və işğalçıya torpaqlarımızı tərk etməklə bağlı təsir göstərilməsi istənilib.
Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət ATƏT-in Vyanada keçiriləcək Daimi Şurasının xüsusi iclasında da müzakirə olunacaq. ATƏT-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclas aprelin 5-də Vyana vaxtı ilə saat 16:00-da keçiriləcək.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Vyanaya gedəcəklər. Sabah isə vasitəçilər Minsk Qrupunun ümumi iclasında iştirak edəcəklər. Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə, adətən cümə axşamları Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.
Ermənistan hakimiyyəti proseslərdə Türkiyənin adını hallandırmaqla cidd-cəhdlə Rusiyanın açıq hərbi dəstəyini qazanmağa çalışır. Lakin hələlik Moskva təmkinini qorumaqdadır. Üstəlik, Rusiya XİN rəhbəri S.Lavrov baş verənlərə görə Ankaranı günahlandırmadıqlarını etiraf edib.
Yazı çapa hazırlanarkən aldığımız məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağda aktiv hərbi əməliyyatların başlanması münasibətilə ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Türkiyə KİV-i xəbər verir ki, iclasda Dağlıq Qarabağdakı gərginliklə yanaşı, miqrant böhranı və terrorizmlə mübarizə mövzusunda müzakirələr aparılacaq.
***
Dünən günün sonuna yaxın Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrimizə göstəriş verib. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:
“Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb. Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.
Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.
Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla, Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi".