Qarabağdakı qanlı döyüşlərdə “rus barmağı” – müharibə ən çox kimə sərf edir?

5-04-2016, 10:31           
Qarabağdakı qanlı döyüşlərdə “rus barmağı” – müharibə ən çox kimə sərf edir?
Kremlin gözləmə mövqeyi tutmasının pərdəarxası; prezident Ərdoğandan fərqli olaraq, Putin niyə azərbaycanlı həmkarına zəng vurmadı?..
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də başlayan hərbi eskalasiya Azərbaycanın birtərəfli qaydada atəşkəs elan eləməsinə baxmayaraq davam edir. İşğalçı Ermənistanın təxribatlarını cavablandırmaq zorunda qalan şanlı ordumuz düşmənin ikiqat-üçqat cavabını verir.

Bu da təbidir, çünki Azərbaycan əsgəri, hərbçisi öz ərazisində vuruşur, öz torpağı uğrunda savaşır və xalq da öz ordusunun arxasındadır. Burası dəqiqdir. Ən önəmlisi də zatən, budur. Dəqiq olan həm də qardaş Türkiyə və nüvə Pakistanı başda olmaqla, bizə müttəfiq dövlətlərin mövqeyidir.

Rusiya də gözlənildiyi kimi, öz ənənəvi mövqeyi və ampluasındadır. Yəni özünü bizə guya tərəfdaş kimi göstərməyə çalışsa da, dost-müttəfiq mövqeyində deyil. Bu harasıdır, yeni genişmiqyaslı əməliyyatlarda “rus barmağı”nın izi qalır və getdikcə daha qabarıq şəkildə görünməkdədir - rəsmi Kreml tərəfləri atəşkəsi dayandırmağa çağırsa da.

***
Yeri gəlmişkən, dünən prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bir daha bu çağırışla Azərbaycan və Ermənistana müraciət edib. “Bilirsiniz ki, həm Rusiya xətti, həm də Bakı və İrəvan xətti və müvafiq beynəlxalq institutların xətti ilə səylər göstərilir. Bu səylər ilk növbədə atəşkəs rejiminə qayıdış təmin olunanadək davam etdiriləcək” - deyib Peskov. Lakin Kreml rəsmisi münaqişə tərəflərinə əvvəllər imzalanmış müqavilələr əsasında silah verilib-verilməməsi məsələsini şərh etməkdən yayınıb.

Elə Rusiyanın yeni Qarabağ savaşında bir marağı da yeni silahlarını Qarabağda sınaqdan çıxarmaq və Azərbaycan və Ermənistana silah satışının davamı üçün fürsət əldə eləməkdir - hərgah, müəyyən məqama kimi. Çünki müharibənin geniş miqyasda alovlanması Moskvaya əslində əl vermir, nədən ki, Türkiyənin və özünün müdaxilə riski yaranır. Bu isə hazırda münasibətləri normallaşdırmağa meylli olan Moskva və Ankaranın cari maraqlarına cavab vermir.

Söz düşmüşkən, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov “müharibədə məhz Türkiyənin marağı olması haqda” suala cavab verərkən deyib ki, bunu istisna edir.
Moskva üçün ən ideal variant (uduş) isə zəruri bildiyi anda hərbi əməliyyatları dayandırıb, Putinin “baş arbitrliyi” ilə növbəti Əliyev-Sərkisyan görüşünü təşkil eləmək, bununla da məsələnin həllində Kremlin dominant rolunu bir daha dünyaya nümayiş etdirməklə Qarabağ zonasına sülhməramlı qüvvələr adı ilə öz hərbi kontingentini yerləşdirməkdir.

Bununla da faktiki şəkildə rus ordusu Güney Qafqazın üçüncü və həlledici ölkəsinə - Azərbaycana qayıtmış olacaq. Bunun ardınca Qarabağ məsələsi birmənalı şəkildə Kremlin nəzarətinə keçməklə bərabər, Qərbin iştirakı ilə həyata keçmiş və ya keçməkdə olan iri iqtisadi-kommunikasiya, energetik layihələrə real təhlükə yaranmış olacaq. Söhbət öncəliklə inşası sürətlənən və “Türk axını”na rəqib sayılan Cənub Qaz Dəhlizi qaz kəmərinə təhlükələrdən gedir. Azərbaycanla birgə onun “Qərb qapısı” sayılan Gürcüstana təhlükə də öz yerində.

***

Bax, elə ona görə də ermənin yiyəsi olan Kremlin gözləmə mövqeyində dayanması narahatlıq doğurmaya bilməz. Bu xüsusda daha bir fakt: məlumdur ki, Qarabağda davam edən irimiqyaslı döyüş əməliyyatları beynəlxalq medianın da əsas mövzusudur. Rusiya KİV-ləri də baş verənləri geniş işıqlandırır. Lakin əksər onlar, xüsusən də Kremlə bağlı KİV-lər - “Rossia Today”, “Sputnik”, “Lifenews” və digərləri hərbi əməliyyatların gedişinə və cəbhədə baş verənlərə dair reportajlarına birmənalı şəkildə ermənilərin mövqeyindən təqdim və təbliğ edir.

Hətta “Lifenews” telekanalının bazar günü yaydığı reportajlarda Tərtər sakinlərinin dedikləri kobud şəkildə təhrif edilib (virtualaz.org) Rusiya xüsusi xidmət orqanlarına bağlı olan bu telekanalın reportyorları təmas xəttinin hər iki tərəfində olublar. Ağdərədən hazırlanan reportajda “Azərbaycan ordusunun erməni kəndlərini necə dağıtmasından və mülki şəxsləri öldürməsindən”, habelə erməni silahlı qüvvələrinin “şücaətindən” bəhs olunub.

Təmas xəttinin digər tərəfindən - Tərtərdən hazırlanan reportajda isə rayon mərkəzindən kadrlar efirə verilib, təmas xəttinə yaxın kəndlərin sakinlərinin evlərini tərk edib guya gecəni maşınlarında keçirdiyi bildirilib. Daha sonra sakinlərdən birinə mikrofon uzadan rusiyalı jurnalist onun Azərbaycan dilində dediklərini rus dilində diametral şəkildə fərqli, ermənilərin maraqlarına uyğun çatdırıb...

Bu kimi faktlar son eskalasiyada “rus barmağı”na bir daha şəhadət verir. Onu da əlavə edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq, onun rusiyalı həmkarı Putun aprelin 2-dən sonra prezident İlham Əliyevə zəng vurmayıb. Amma lazım gələndə bir gündə iki dəfə telefon açırdı...musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.