Müasir dövrdə aqressiya niyə trend halına çevrilib? - Ekspertlərdən AÇIQLAMA
16-02-2022, 12:23
“Pandemiya insanlarda somatik depressiya, daxili və xarici aqressiya, ölüm fobiyası və digər müxtəlif qorxular, panik atak yaratdı. Bundan başqa alkoqolizm və narkotik vasitələrdən istifadə və intihar hallarının sayını artırdı”.
Bu sözləri Ednews-a açıqlamasında Psixoloq Fərqanə Mehmanqızı qeyd edib. Psixoloq, həmçinin hazırda aqressivliyin dəbdə olduğunu vurğulayaraq, sosial şəbəkələrin buna təkan verdiyini deyib.
“Pandemiya insanları cəmiyyətdən ayırdı və onlarda özünə qapanma formalaşdırdı. İnsanlıq yaranandan ən böyük cəza həbs cəzası olub. İnsanlar şüuraltı etmədikləri səhvə görə cəza çəkmiş kimi daxili üsyanla qalxdı. Bu daxili üsyan da onların psixologiyasını darmadağın etdi. Bu da hazırda müşahidə etdiyimiz aqressiv hərəkətləri artırdı”.
Mütəxəssis qeyd edib ki, insanlarda son 2 ildə müşahidə edilən psixoloji pozğunluqlar qısa müddətdə müalicə oluna bilməz.
“Bu müəyyən bir vaxt tələb edir. Psixoloqlara panik atakla müraciət edənlərin sayı çoxalıb”.
"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Günel Axundovanın sözlərinə görə, son 2-3 ildir ki, insanların daha çox aqressiv davranışlar sərgilədiyinin şahidi oluruq.
“Pandemiyada iş yerlərinin bağlanması, stress faktorlarının artması, eyni zamanda psixoloji problemlərin aktuallaşması mövcud vəziyyəti daha da qəlizləşdirdi. Bundan əlavə, bahalaşma və inflyasiya da vacib amillər arasında yer alır. Amma təbii ki, hər şeyi pandemiyaya bağlamaq olmaz. Sadəcə, pandemiya insanlarda əvvəl də rastlanan psixoloji problemlərin yaşanma sıxlığını artırdı. İnsanlarda təşviş pozuntuları, obsessiyalar, sosial adaptasiya kimi problemlər daha qabarıqlaşdı”.
Nevroloq Qalib Əsədov isə deyir ki, son dövrlər sinir sisteminin funksional pozğunluğu ilə müraciət edən xəstələrin sayı artıb.
“İnsanlarda xalq arasında nevroz adlanan xəstəliyin əlamətlərini - həyəcan-təşviş pozuntusu, depressiyalar, əsəbilik və qarışıq tip müxtəlif panik ataklar görmək olur. Buna pandemiya dövründə insanların yaxınlarını itirməsi, toy-bayram tədbirlərinin keçirilməməsi və digər amillər səbəb oldu. İnsanda pozitiv və neqativ emosiya mərkəzləri var. Normal insanda bunlar balanslı olur. Pandemiyada məhdudlaşdırıcı tədbirlər bizim azadlığımızı müəyyən qədər əlimizdən aldı və bu da neqativ emosiya mərkəzinin tonusunun yüksəlməsinə səbəb oldu, ipoxondrik nevroz, nevrasteniya kimi xəstəliklərin sayı artdı”.
Ekspert qeyd edib ki, gələcəkdə psixoloji sabitliyi qorumaq üçün uşaq vaxtından nəyin pis, nəyin yaxşı olduğunu, xüsusilə 14-15,16 yaş dövründə uşaqlara öyrətmək lazımdır.
“Uşaqları evə qapadaraq yox, fiziki və mənəvi inkişafı üçün faydalı olacaq işlərə yönəlməklə də məşğul etmək lazımdır. İndiki uşaqlar heç bir əziyyət görmür. Ataları onların hər istəklərini yerinə yetirir. Ərköyün böyüyürlər, kiçik bir problem yarananda onu faciə kimi qəbul edirlər. Məktəblərdə təlim-tərbiyə işləri də düzgün təşkil olunmayıb. Məktəblərdəki psixoloqlar vəzifələrini yerinə yetirirlərmi? İndiki uşaqların idealları aqressiv personajlardır. Keçmişdəki döyüş filmlərində düşüncə, məntiq, intellekt ön planda göstərilirdi. Kompüter oyunları da həmçinin uşaqlarda şiddətə meyl yaradır. Elmi kütləvi verilişlər və intellektli gənclərimiz daha çox təbliğ olunmalıdır. Savadlı adam adətən aqressiv olmur”.
Gülnar Səlimova