Azərbaycan vətəndaşları Ermənistanda mülk necə alıb? – Deputatdan AÇIQLAMA

16-02-2022, 13:04           
 Azərbaycan vətəndaşları Ermənistanda mülk necə alıb? –
“Ermənistan Kadastr Komitəsinin məlumatına və mənbənin səhihliyinə, açığı, o qədər də inanmıram. Məlumat əgər illik statistikadırsa, indiyədək niyə elan edilməyib? Yəqin, İrəvan bu kimi məlumatları mediaya servis etməklə ölkədə süni multikultural mənzərə formalaşdırmaq məqsədi güdür”. Teref.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ermənistan Kadastr Komitəsinin Azərbaycan vətəndaşlarının Ermənistanda özəlləşdirdikləri mülkləri barədə yaydığı xəbəri şərh edərkən deyib.

Deputat qeyd edib ki, Ermənistan azərbaycanlı-türk etnosu ilə probleminin olmadığını dünyaya göstərmək istəyir: "Amma Ermənistan bu niyyəti güdürsə, təbliğatı başqa vaxta sala bilərdi. Bu barədə məlumatı Xocalı soyqırımının il dönümü ərəfəsində yaymaq lazım deyildi, çünki bütün dünya bilir ki, Xocalıda, Qaradağlıda, Gəncədə, Tərtərdə dinc insanlar məhz azərbaycanlı olduqları üçün vəhşiliyə və qadağan olunmuş silahlarla, kasetli bombalarla hücuma məruz qalıb. Sirr deyil ki, azərbaycanlılara, ümumiyyətlə, dünya türklüyünə qarşı terror Ermənistanın dövlət siyasətidir və Xocalı soyqırımı ərəfəsində bu məsələ dünya mediasında xüsusi aktuallaşır. İkincisi, hamımıza məlumdur ki, bu gün Ermənistanda bir dənə də olsun azərbaycanlı yaşamır. Əgər Ermənistan Kadastr Komitəsinin məlumatı həqiqəti əks etdirirsə, o zaman yalnız bir variant qalır: həmin şəxslər erməni əsilli Azərbaycan vətəndaşları ola bilər. Hazırda təkcə Bakıda 30 mindən çox etnik erməni yaşayır. O cümlədən də, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndindəki 25 min erməni də daxil, digər regionlarımızda da xeyli erməni var. Hətta Ermənistanın keçmiş müdafiə nazirinin bacısı da Azərbaycan vətəndaşıdır. Belə olan halda, erməni əsilli vətəndaşlarımızın dolayı yolla, məsələn, qohumları vasitəsilə Ermənistanda mülkiyyət əldə etmələri mümkündür. Hətta yayılan məlumatlarda evlərdən birinin hədiyyə olması barədə informasiyanın əks olunması bu versiyanı daha da gücləndirir. Ermənistandakı yaxın qohumun Azərbaycandakı qardaşına, bacısına əmlak hədiyyə etmək hüququ var. Bu isə başqa bir reallığı meydana çıxarır. Deməli, Ermənistanda əhalinin sürətlə azalması prosesi o həddə çatıb ki, həmin bağışlanan evin sahibi ölkəsində əmlakını ötürməyə heç bir yaxını qalmadığı üçün Azərbaycandakı qohumuna üz tutur”.

Qeyd: Ermənistan Kadastr Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir. Bildirilib ki, 2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşı əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirib. Azərbaycan vətəndaşları 2012-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.