Günü-gündən ağırlaşan sanksiyalar: Rusiya iqtisadiyyatını nə gözləyir? – ARAŞDIRMA

20-04-2022, 07:55           
Günü-gündən ağırlaşan sanksiyalar: Rusiya iqtisadiyyatını nə gözləyir? –
Rusiyanın ödənişlərini xarici valyuta ilə həyata keçirməkdə çətinlik çəkməsi ölkənin defolt riskini artırıb.

Cebhe.info xəbər verir ki, bu, əslində Qərb ölkələrinin sanksiyalarla nail olmaq istədikləri məqsədlərdən biridir. ABŞ Maliyyə Nazirliyi öz bankları vasitəsilə Rusiyanın dollarla ödənişlər etməsinə mane olub ki, ölkə borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəksin.

Britaniyanın xarici işlər naziri Liz Truss isə tətbiq etdikləri koordinasiyalı sanksiyalarla Rusiya iqtisadiyyatını sovet dövrünə qaytarmağı hədəflədiklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının dağılması zamanı, 1998-ci ildə maliyyə böhranından sonra Rusiyanın defolt olması və sabit məzənnə rejimindən əl çəkməsi zamanı vəzifəyə başlayıb.

Həmin dövrdə Rusiya iqtisadiyyatı inteqrasiya etməyə başladı və kapitalizmin əsas beşiyi sayılan ABŞ şirkətləri ölkənin illərdir bağlı qalan qapılarından içəri girməyə başladı. Bu gün isə bunun əksi baş verir. İllərdir dünyanın ən böyük iqtisadiyyatlarından biri olan, qlobal maliyyə sisteminə inteqrasiya olunmuş Rusiyadan iri şirkətlər bir-bir uzaqlaşır.

Yəni doğrudanmı Rusiya iqtisadi cəhətdən sovet dövrünə qayıdır? Əgər belədirsə, bunun iqtisadi və siyasi nəticələri nə olacaq?Sanksiyaların təsiri şişirdilirmi?

Pensilvaniya Dövlət Universitetinin beynəlxalq maliyyə və enerji təhlükəsizliyi mərkəzinin rəhbəri, iqtisadiyyat professoru, Barry W. Ickes Britaniya xarici işlər naziri Trussun sözlərini “şişirdilmiş” hesab edir:

"Rusiya mərkəzi planlaşdırmaya qayıtmır və özəl sektor hələ də fəaliyyət göstərir. Rusiya, əlbəttə ki, sanksiyalardan yıxılıb, lakin bu, sovet dövrünə qayıdış demək deyil".

İngiltərədəki Uorvik Universitetinin İqtisadiyyat üzrə fəxri professoru Mark Harrisonun fikrincə, Rusiyanın Sovet İttifaqına qayıtması üçün rusların real gəlirlərinin üçdə biri azalmalı idi. Çünki ruslar 1990-cı illərdən bu templə öz gəlirlərini artırıblar. Harrison Qərbin tətbiq etdiyi sanksiyalarla rusların belə bir gəlir itkisi yaşamasının mümkün olmadığını vurğulayır:

“İqtisadi sanksiyaların təsiri bəzən çox şişirdilə bilər. İnsanlar düşünür ki, əgər bir ölkəni X-dən məhrum etsəniz, X ilə əlaqəli bütün fəaliyyətlər dayanacaq. Ancaq bu, çox vaxt baş vermir, çünki sanksiyalardan təsirlənənlər tədarükdə məhdudlaşdırılan mal və ya fəaliyyətlərin əvəzini tapmağa çalışırlar".

“Xarici zərbələrə daha davamlıdır”

BBC-yə açıqlamasında Harrison bildirib ki, bugünkü Rusiya iqtisadiyyatı ilə sovet iqtisadiyyatı arasındakı əsas fərq ölkənin daha zəngin olmasıdır. Rusiya iqtisadiyyatının strukturu illər ərzində bir çox müxtəlif yollarla dəyişib. Ölkənin gəlirləri ilk növbədə kənd təsərrüfatı və istehsaldan neft, qaz satışı və xidmət sahələrinə çevrilib. Hazırda bu amillər Rusiyanın ÜDM-nin 60 faizini təşkil edir.

Eyni zamanda, Rusiya iqtisadiyyatı sovet dövründə olduğundan daha açıqdır. İdxal və ixracın birgə ticarəti sovet iqtisadiyyatındakı dəyərindən iki dəfə çoxdur.

Harrison bildirib ki, "Bu, Qərbin tətbiq etdiyi sanksiyaların əsasını təşkil edir. Sovet dövründə, iqtisadiyyat o qədər də açıq olmayanda, bu sanksiyaları tətbiq etməyin mənası olmazdı".

“1930-cu illərin iqtisadiyyatına qayıtmaq olmayacaq”

Harvard Kennedi Məktəbinin iqtisadçısı Riçard Parker 1991-ci ildə dağılan Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) sonuncu lideri Mixail Qorbaçovdan sonra rusların “son dərəcə çətin və dəhşətli iqtisadi eniş və çıxışlar” yaşadıqlarını vurğulayıb. Parkerin fikrincə, “1990-cı illər adi bir rus üçün o qədər dəhşətli idi ki, rus kişisinin orta ömrü 10 ildə 3-4 ilə qədər azaldı”.

Parker əksər rusların 1990-cı illərdəki çətin vəziyyəti əksinə çevirən Putindən başqa bir lider görmədiklərini vurğulayıb. Onun fikrincə, hökumət müəyyən məhsulların normalaşdırılması və tədarükün azaldılması və inflyasiya ilə mübarizə aparmaq üçün qiymətlərlə manipulyasiya kimi praktikaları həyata keçirsə belə, Rusiyanın “müharibədə olan Qərb ölkəsi kimi görünəcəyini, 1930-cu illərin Stalin dövründəki iqtisadiyyatına qayıtmayacağını düşünür.

Mərkəzi hökumətlə iqtisadiyyatda səmərəsizlik

Sovet İttifaqının 69 il davam edən iqtisadiyyatını dövrlərə bölmədən bir maddə ilə başa düşmək çətindir. Lakin istehsalın vahid mərkəzdən idarə olunduğunu və bazar iqtisadiyyatının olmadığını söyləmək olar. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Sovet İttifaqı 1928-1970-ci illər arasında kənd təsərrüfatında işləyən çoxlu sayda insanın sənayeyə “köçürülməsi” ilə çox sürətlə böyüdü. 1928-1940-cı illər arasında illik artım orta hesabla 5,8 faiz təşkil edib. 1950-1960-cı illərdə bu, 5,2 faiz təşkil edib. 1940-1950-ci illər arasında 2,2 faiz aşağı rəqəm müşahidə edilib.

Vahid mərkəzdən idarə olunması iqtisadi aktivliyin ölçülməsini çətinləşdirdi və nəticədə səmərəsizlik yarandı. Mərkəzdən planlaşdırma səbəbindən nəyin istehsal olunacağı və nə qədər istehsal olunacağı sahədən alınan məlumatlarla həll olunmur, tez-tez Qərbin tənqid etdiyi çatışmazlıqlar və bəzi məhsulların əlçatmazlığı ortaya çıxırdı.

1970-ci ildən sonra “Soyuq müharibə” dövründə tədqiqat və inkişaf resurslarının orduya keçməsi böyümənin azalmasının ən mühüm səbəblərindən biri idi. Sənayeləşmə və urbanizasiya yüksək sürətlə baş verdikdən sonra sovetlər Qərblə rəqabət aparmaqda və Qərbin daim inkişaf etdirdiyi texnologiyaları istehsal etməkdə çətinlik çəkməyə başladılar.
1970-1975-ci illərdə artım 3,7 faizə, 1975-1980-ci illərdə isə 2,6 faizə endi, bu da Sovet liderlərinin iqtisadi inkişafın da yavaşladığını başa düşməsinə səbəb oldu.

1980-ci illərdə Qorbaçovun həyata keçirdiyi yenidənqurma adlanan islahatlarla sosialist ideyalarını qoruyub saxlamaqla iqtisadiyyatın mərkəzləşdirilməsinə son qoyulması və ölkənin xarici ticarətə açılması hədəflənmişdi.

Əvvəlki iqtisadi strukturdan fərqli olaraq, özəl biznesə icazə verilirdi. Lakin sosial həyatın xaricə açılması tədricən 1991-ci ildə Sovet İttifaqının dağılmasına səbəb oldu. Bu illərdə iqtisadiyyat ciddi şəkildə daraldı.

"Maliyyə orduları ilə müharibə"

İqtisadçıların fikrincə, sanksiyaların necə təsir edəcəyini indidən görmək çətindir. Diplomatik danışıqların necə inkişaf edəcəyini və Putinin harada dayanacağını proqnozlaşdırmaq mümkün olmasa da, sanksiyaları da izləmək asan deyil. Digər tərəfdən, Rusiya sanksiyalarla qlobal iqtisadi sistemdən kənarda qalmış kimi görünsə də, ticarət tərəfdaşı qismində Qərbi Çin, Hindistan və ya Pakistan kimi digər ölkələrin əvəzləyəcəyi gözlənilir. Ona görə də sanksiyaların siyasi təsirinin necə olacağını proqnozlaşdırmaq çətindir.

Harrison deyib ki, "Bəzi ruslar ölkədəki iqtisadi problemlərin mənbəyi kimi Putini görsələr də, bu insanların azlıq təşkil etdiyini güman etmək olar. Bəzi oliqarxlar keçmişdə Putini dəstəklədiklərinə görə təəssüflənirlər, lakin başqa liderdə daha yaxşı gələcək görməkdə çətinlik çəkərlər”.

O, eyni zamanda vurğulayıb ki, sanksiyaların “rus şəxsiyyətinə” qarşı qəbul edilməsi cəmiyyəti daha da birləşdirə bilər. Onun fikrincə, buna görə də döyüş meydanında baş verənlər işğalın gedişatını müəyyən edəcək.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.