Ekspert: “Dərsliklərdən heç ali məktəbi bitirən valideyn də baş aça bilmir”

27-04-2022, 00:09           
Ekspert: “Dərsliklərdən heç ali məktəbi bitirən valideyn də baş aça bilmir”
Orta məktəb dərslikləri istifadəyə təqdim edilməzdən əvvəl vəsaitlər haqqında rəylər yazılacaq.

Bununla bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məlumat verib. O qeyd edib ki, sözügedən layihə ilə bağlı təhsil institutu ilə əməkdaşlıq və müzakirələr başlayıb:

"Dərsliklərdə yol verilmiş səhvlərin əvvəldən aşkarlanması üçün bu rəylərin hazırlanması vacibdir".

Qeyd edək ki, bu gün təhsil sahəsində dərs yükünün ağır olması, dərsliklərlə bağlı problemlər aktualdır. Bu sahədə mövcud vəziyyətlə bağlı həm şagirdlər, həm də valideynlər çətinliklərlə qarşılaşırlar. Hazırkı dərsliklər barədə ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev bildirib ki, Azərbaycan məktəblərində tədris üçün nəzərdə tutulan dərs vəsaitlərində problemlər var:

“Əsas problem budur ki, dərsliklər çox akademik səviyyədə yazılır, bu şagirdin başa düşə biləcəyi səviyyədə deyil. Məktəbdə müəllim tapşırığı izah edir, bir az daha aydın başa salır ki, şagirdlər rahat öyrənə bilsin. Daha sonra verdiyi tapşırığı şagird həmin vəsaitdən oxuyub başa düşməkdə çətinlik çəkir. Çünki şərtlər, məsələnin təqdim olunması kifayət qədər ağır olur. Bunu sadəcə bir təhsil mütəxəssisi kimi deyil, həm də bir valideyn kimi qeyd edirəm”.

Beləliklə, bu gün şagirdlər dərsliklərdə elə çətinliklərlə üzləşirlər ki, hətta valideynlər də onlara yardım edə bilmir. Nəticədə isə şagird dərsdən sonra həmin tapşırığı daha yaxşı anlamaq üçün müəllim yanına hazırlığa gedir. Müəllimin, hazırlıq və tapşırıqdan ibarət olan günü başa vuran uşaqların sosial fəaliyyəti olmur.

Dərslik və dərs vəsaitlərinin asan yazılması şagirdlərin qavramasını daha da asanlaşdıra bilərmi?

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, dərslik problemi nə indinin, nə də dünənin məsələsidir:

“Uzun illərdən bəri dərsliklərdə olan nöqsanlar, əlavə, ikinci, üçüncü dərəcəli materiallar müzakirə obyekti olub. Dərsliklərdə o nöqsanlar nəinki ixtisaslı mütəxəssislər, hətta valideynlər, uşaqlar tərəfindən üzə çıxarılır, sosial şəbəkələrdə işıqlandırılır. Buna bir müddət lazımi diqqət yetirməyiblər. Nəhayət, uzun müddətdir ki, DİM tərəfindən dərsliklərin monitorinqi aparıldı. Onlar deyilən faktları təsdiq etdilər ki, həqiqətən də dərsliklərdə neqativ hallar var. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dərsliklər sovet dövründə əsasən Moskvada hazırlanır və Azərbaycan dilinə tərcümə olunurdu. Azərbaycan tarixi, Azərbaycan dili, ədəbiyyat, coğrafiya dərslikləri həmin standartlara əsasən ölkəmizə uyğunlaşdırılırdı. Biz müstəqillik qazandıqdan sonra Moskvada çap olunan dərsliklərdən imtina etdik, öz milli dərsliklərimizi hazırladıq. Yəni fizika, kimya, biologiya da milliləşdirildi və öz mütəxəssislərimiz tərəfindən yazıldı. Ancaq bizdə dərslik yazmaq təcrübəsi yoxdur. Nəticədə dərsliklərdə səhvlərə, qüsurlara yol verildi.

Tender əsasında dərsliklər çap olunurdu ki, tenderi də nəşriyyatlar həyata keçirirdi. Tenderin qalibini seçirdilər, elə tenderlər oldu ki, dərsliyin müəllifi təhsil işçisi olmasa da qalib gəldi. Sovet dövründə isə dərsliklər mütləq müəyyən kollektiv tərəfindən yazılırdı. Burada alimlərlə yanaşı, orta məktəb müəllimləri də iştirak edirdilər. Bu dərsliklər bir neçə regionda, məktəblərdə eksperimentə qoyulurdu, dərsliklər tam hazırlandıqdan sonra təsdiq olundu. Bir müddət belə vəziyyət yarandı. Dərslik dövlət təhsil siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırda institutda ayrıca dərslik-tədris vəsaitləri şöbəsi yaradılıb, ehtiyat dərsliklər bölməsi var. Hazırlanan layihələr müzakirə edilir, nəticələrinə baxılır. Bu istiqamətdə müəyyən işlər gedir. Dərslik elə məsələdir ki, nöqsan qaçılmazdır. Ancaq ciddi nöqsanlar, siyasi xarakterli, elmi təhriflər olmamalıdır. Bu baxımdan dərsliklərə ciddi, ehtiyatla yanaşılmalıdır. Dərslik bir vaxtlar etolon sayılırdı. Hansısa bir mübahisə olanda dərsliyə istinad edirdilər. Dəsrliklə bağlı istənilən təklif, addım ümumi işimizin xeyrinə ola bilər”.

Ekspertin fikrincə, dərslikdə şagirdə müstəqil həyatda lazım olanlar verilməlidir:

“Dərsliyin dili niyə ağır olmalıdır? Dərslik sadə dildə, dərk edilə bilən olmalıdr. Dərsliklər ancaq elmi faktları sadalamaq deyil, uşağın, oxuyanın dərrakəsinə, qavrayışına uyğun gəlməlidir. Burada psixoloji şərtlər var. Kimsə alimdir, professordursa, o, öz səviyyəsinə uyğun, akademik dildə yazır. Amma dərslik uşaqların səviyyəsində yazılmalıdır. Məsələn, böyük bir nəsil Yəhya Kərimovun “Əlifba” dərsliyindən istifadə edirdi. Mən Yəhya müəllimlə İmişli rayonunda bir müddət birlikdə çalışmışam. Yəhya Kərimov həmin dərsliyi yazana qədər kənd-kənd, şəhər-şəhər, məktəb-məktəb gəzib, ayrı-ayrı müəllimlərin fikrini öyrənib, tam düşünəndən sonra “Əlifba” dərsliyi ərsəyə gəlib. Ona görə də neçə nəsil o dərslikdən faydalanıb.

İndi kimsə oturub kabinetdə, öz düşüncəsi ilə dərslik yazır. Dərslik təkcə faktiki materialdan ibarət olmamalıdır, tərbiyəvi asbektləri olmalıdır. Hansı fakt, hadisə uşaqlara necə təsir edəcək, əgər bu faktı veririksə, nə demək istəyirik? Bizdə məktəblərdə təlim keçib ön plana, tərbiyə kölgədə qalıb. Tərbiyəni də dərslik aşılayır. Biz dərslikdə 44 günlük qələbəmizi aşılasaq ki, Şuşa necə alındı, bu, şagirdə heç nə vermir. Ancaq şagirdə o qələbənin mənbələri, gənclərimizin vətənpərvərliyi, xalqına, dövlətinə bağlılığı açılmalıdır. “Tarix” dərsliyi rəqəmlərdən ibarətdir. Ancaq dərslik rəqəmdən ibarət olmamalıdır. Məsələlər açılmalıdır, tərbiyəvi asbektləri olmalıdır”.

N.İsrafilovun sözlərinə görə, əlbəttə ki, şagirdlərin hazırkı dərslikləri qavraması çətindir: “Bir vaxtlar valideynlər heç olmasa ev tapşırığında uşaqlara kömək edirdilər, indi dərsliklərə elə məsələlər, materiallar salınır ki, heç ali məktəbi bitirən valideyn də baş aça, kömək edə bilmir. Dərslik sadə, yığcam, konkret olmalıdır. Biz beyni inkişaf etdirməliyik. Sadəcə beyni doldurmaq vəzifəsini qarşımıza qoymuruq. Acaq faktiki rəqəmi kitaba doldururuq, nə yadda qalır, nə də gələcək həyatda kiməsə lazım olur”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.