Azərbaycanda virus yerini bu xəstəliyə verir: - “İnsanları qorxuya salmaq istəmirəm, amma…”
28-04-2022, 11:26
Son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb.
Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur. Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur. Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, hər il mövsümü xəstəliklər kimi müşahidə olunan rotavirus hazırda sürətlə yayılır:
“Əlamətləri yüksək hərarət, qusma, bəzi hallarda ishalın olmasıdır. Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır”.
Maraqlıdır ki, bu xəstəlikdən necə qorunmaq olar?
Sözügedən virusa yoluxan uşaqlar hansı qidalarI qəbul etməlidir? Xəstəlik zamanı daha çox hansı simptomlar nəzərə çarpır? Dia.az xəbər verir ki, pediatr Vaqif Qarayev Cebhe.info-ya müsahibəsində bu və digər sualları cavablandırıb.
- Vaqif bəy, sözügedən xəstəliyin koronavirusla hər hansı bir bağlılığı varmı?
-Bu xəstəliyin adı rotavirusdur, virus ailəsinin bir növüdür. Bu virus indi yox, iki aydır ki, yayılıb. Mövsümlə bağlı olaraq bu xəstəlik hər il yayılır. Koronavirusun yayıldığı zamanlarda da bu xəstəlik var idi. Sadəcə bir virus dominant olduğunda digər xəstəliklər “yatır”. İndi koronavirus azaldığı üçün bu xəstəlik yenə özünü göstərir. Həm yazda, həm payızda rast gəlinən xəstəlikdir.
-Bəs bu virusdan necə qorunmaq olar?
-Bütün hallarda qoruyucu xəstəliklərdən qorunmağın yeganə yolu kollektiv yerlərə getməməkdir. Amma uşaqlar bu cür yerlərə gedir. Heç koronavirus da bizi ağıllandırmadı. Bağçada da, məktəbdə də bu virusa yoluxma çoxdur. Kiçikyaşlı uşaqları ev şəraitində müalicə etmək çətindir. Buna görə də çalışmaq lazımdır ki, bu xəstəliyin simptomları yaranarsa, həkimə müraciət edilsin.
-Bəs bu virusa yoluxulduğu zama hansı qidalardan istifadə edilməlidir?
-Bu, koronavirusda olduğu kimidir. Gigiyenik qaydalara tez-tez riayət etmək lazımdır. Qidalara xüsusi diqqət yetirmək lazımdır. Minerallar, vitaminlər çox olan meyvə-tərəvəz qəbul etmək lazımdır. Həmçinin, maye qəbulu artırmaq vacibdir. Spesifik qorunma yolu yoxdur.
-Xəstəliyin üzərinə zamanında düşülməzsə, hansı fəsadlar yarana bilər?
-Bu xəstəlik zamanı bədən davamlı olaraq susuzlaşır. Çünki qaytarma halları baş verdiyi üçün uşaq su itirir. Ona görə də uşağın yaşı kiçikdirsə, valideyn dərhal həkimə müraciət etməlidir. Ən ciddi fəsadı ölümdür. Çünki orqanizm susuzlaşır. Maye orqanizmdə qalmır. Ölüm sözünü işlədib insanları həyəcana salmaq istəmirəm, amma müalicəsiz qalan xəstəlik ölümlə nəticələnə bilər.
-İnsaları qorxuda saxlayan həm də Ümumdünya Səhiyyə Təşkilatıdır.
-Mənim o təşkilatdan zəhləm gedir. Koronavirusla bağlı insanları nə qədər qorxuya saldılar. Bizdə demək olar ki, artıq koronavirus bitib. Amma yenə də ÜST o həyəcanlı bəyanatlarından əl çəkmir. İnsanları bu cür psixoloji gərginlikdən uzaqlaşdırmaq lazımdır. - Son günlər uşaqlar arasında mənşəyi bilinməyən hepatit yayılıb. ÜST bununla da bağlı həyəcan siqnalı verib.
-Sərhəd açıqdırsa, əlbəttə ki, bizim ölkəyə də çata bilər. Amma hələ ki, təşviş yarada biləcək bir şey görmürəm. Kütləvi yoluxma sadəcə bəzi ölkələrdə var.
-Son olaraq, artıq mayın 1-dən etibarən qapalı məkanlarda maska taxmaq tələbi aradan qaldırılır. Bunun uşaqlar üçün ziyanlı tərəfi varmı?
-Uşaqlar maska təbii ki, taxmalıdır. Təkcə koronavirusa görə yox, yayılan bütün xəstəliklərə görə maska taxmaq lazımdır.