Rusiya Baş Qərargah rəisinin İzyumda olduğu təsdiqlənir… - “The New York Times”
2-05-2022, 13:40

“Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın şərqindəki cəbhə xəttində, xüsusilə Xarkov vilayətinin İzyum şəhərində olub. Lakin Ukrayan ordusu işğalçıların mövqelərinə hücum etmədən o, ərazini tərk edə bilib”.
Qafqaz.media xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna və Amerikanın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, aprelin 30-da axşam saatlarında Ukrayna hərbçiləri İzyumda rusların hərbi baza kimi istifadə etdikləri məktəbə hücum ediblər. Rəsmilərin dediyinə görə, Gerasimov bu bazaya baş çəkib, lakin Ukrayna hücumu başlamazdan əvvəl İzyumu tərk etməyi bacarıb.
Amerikalılar Gerasimovun son bir neçə gündə Ukraynanın şərqində olduğunu təsdiqləyirlər, lakin onlar Rusiya bazasına hücumdan xəbərsizdirlər.
Bir gün əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müavini Aleksey Aretoviç demişdi ki, ukraynalı müdafiəçilərin İzyum yaxınlığındakı Rusiya komandanlıq məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 200-ə yaxın işğalçı öldürülüb, onlardan ən azı 30-u yüksək vəzifəli zabitlərdir.
Daha sonra Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Facebook-da Rusiya Federasiyasındakı mənbəyə istinadən yazıb ki, Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimov İzyumda sağ baldır nahiyəsindən qəlpə yarası alıb.