Rusiya Ukraynanın dəmir yolları şəbəkəsini niyə dağıtmır? - "Çoxlu suallar var..."
5-05-2022, 08:31
"Kreml sanki Qərbin Ukraynaya silah göndərməsinin qarşısını almaq üçün çox səy göstərmir".
Teref.az-ın yazdığına görə, "AzPolitika.info" xəbər verir ki, “New York Times” qəzetinin bəzi təhlilçilərin və Qərb rəsmilərinin təcavüzün niyə daha betər olmaması haqda şərhlərindən bəhs edən məqaləsində belə deyilir.
"Məsələn, Rusiya Ukraynada dəmiryollarını, yolları, körpüləri daha aqressiv şəkildə vura bilərdi ki, Qərbin silahları cəbhə xəttinə gedib çıxmasın. Yaxud paytaxt Kiyev ətrafında infrastrukturu bombalayardı ki, Qərb liderləri birlik və qətiyyət nümayişindən ötrü Prezident Volodimir Zelenskiyə baş çəkməsinlər. Ya da kiberhücumlar, sabotaj, Avropaya enerji ixracını kəsməklə Qərbə daha çox zərbə vura bilərdi", - deyə məqalədə vurğulanır.
Müəlliflər bir səbəbi sadəcə səriştəsizlikdə görürlər. Müharibənin ilk həftələrində Rusiya ordusu gözləntilərdən xeyli aşağı qabiliyyətli olduğunu ortaya qoydu. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin son həftələr nəzərəçarpacaq dərəcədə ehtiyatlı davranır, Ukraynanın şərqində hücum ləng gedir, Ukraynada infrastrukturu sıradan çıxarmağa tələsmir, NATO ilə münaqişəni gərginləşdirə biləcək hərəkətlərdən qaçır.
İndi qərb rəsmilərini düşündürən sual Putinin taktikanı dəyişərək müharibəni intensiv mərhələyə keçirmək ehtimalıyla bağlıdır. 9 may – 2-ci Dünya Müharibəsində qələbənin ildönümü ərəfəsində bu sual özəlliklə aktuallaşıb.
Britaniyanın Müdafiə naziri Ben Vallas ötən həftə deyib ki, Putin parad çıxışında Ukraynaya qarşı rəsmən müharibə və ölkədə kütləvi səfərbərlik elan edə bilər. Amerika və Avropa rəsmiləri Ukraynada daha ləng və üzücü hərbi kampaniya gözləyirlər, amma Putinin daha geniş müharibə elan edəcəyi ehtimalını də rədd etmirlər. İndiliksə Ukrayna qüvvələri yenidən qruplaşır, Qərbdən silahları alıb yığırlar.
Bu yaxınlaradək Karnegi Moskva Mərkəzinin direktoru olmuş Dmitri Trenin Ukraynanın işğalını “qəribə, xüsusi müharibə” adlandırır: “Rusiya özü üçün sərt limitlər qoyub və bunu heç cür izah etmək mümkün deyil. Bu ilk öncə Rusiya vətəndaşları qarşısında çoxlu suallar yaradır”.
Reallıqda isə Rusiya Ukraynanın infrastrukturunu, dəmiryollarını hədəfə alıb. Amma rəsmilər zərbələrin miqyasının böyük olmamasının bir səbəbini Ukraynanın havadan müdafiəsinin Rusiya təyyarələrinə yaratdığı təhdidlə izah edirlər.
Digər arqument ondan ibarətdir ki, Moskva Ukraynada infrastrukturu çox dağıtmaqdan yayınır, çünki hələ də bu ölkəni nəzarətə alacağıyla bağlı xam xəyalları var.
Amerikanın aparıcı müdafiə rəsmisinin qəzetə dediyinə görə, Putin Ukraynanın dəmiryolu şəbəkəsini ona görə dağıtmır ki, özünün bu ölkədə avadanlıq və əsgər daşımasına maneə yaratmaq istəmir.