Elm sahəsi üzrə xərclərin azaldılmasının səbəbi nədir? - nazirdən açıqlama

18-06-2022, 00:03           
Elm sahəsi üzrə xərclərin azaldılmasının səbəbi nədir? -
Samir Şərifov: 2021-ci il üzrə ayrılan vəsait də 15 % az istifadə olunub

Ötən il dövlət büdcəsinin xərclərinin sosial yönümlülüyü qorunub. AYNA xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, xəzinədarlıq orqanları təqdim olunan büdcə sifarişlərini maliyyələşdirir: "Belə bir sifariş təqdim olunmayıbsa və yaxud müəyyən vəzifələrin icrası üçün daha az vəsait tələb olunubsa, yaxud hər hansı bir normativ-hüquqi sənədlər bu vəsaitin ayrılmasına şərait yaratmayıbsa və ya qadağan edibsə, şübhəsiz ki, belə xərclərin maliyyələşdirilməsi təmin olunmur və büdcə təşkilatı bu xərcləri üzrə sifarişləri təqdim etmir. Bu baxımdan hesabatda göstərildiyi kimi, bütün xərclərin icra olunmaması ilə əlaqədar müvafiq izah edici məlumat verilib".

Nazir elm sahəsi üzrə xərclərin az müəyyən edilməsi ilə bağlı qeyd edib ki, hətta 2021-ci il üzrə ayrılan vəsait də 15 % az istifadə olunub: "Bu xərclərin tam icra olunmaması, müəyyən mənada bu sahədə çoxlu problemlərlə bağlıdır. Bu problemlərin həlli üçün həmin sahəyə ayrılan vəsaitlər daha çox tələb olunacaq, yəni vəsaitləri sərf etmək qabiliyyəti olduğu təqdirdə, biz bu sahədə də müəyyən irəliləyiş, eyni zamanda, dövlət büdcəsinin xərclərinin səmərəli istifadəsini müşahidə etdiyimiz halda büdcə ayrılmaları bu sahəyə artırılacaq".

S.Şərifov müdafiə və təhlükəsizlik üzrə xərclərin tam təmin olunduğunu qeyd edib: "Səhiyyə xərcləri 2021-ci ildə nəzərdə tutulduğundan daha artıq icra edilib. Bu da ötən il pandemiya ilə bağlı problemlərimizin tam həllini tapmaması ilə bağlıdır. Hələ də pandemiyanın mənfi təsirləri müşahidə edilirdi".

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə ilk olaraq ötən il vəsaitin itkisiz ayrılması və əməli icrasının istifadəsinə başlanılıb: "Bununla yanaşı, digər vacib layihələrə də vəsait ayrılıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.