Hansı dövlət qurumları önləyici tədbir görmürlər? – Baş verən yanğınlarla bağlı İLGİNC AÇIQLAMA
22-08-2022, 18:44

Ölkənin müxtəlif ərazilərində baş verən yanğınlar böyükdən-kiçiyə hər kəsi pərişan edib. “Ağ ciyər”lərimiz sayılan yaşıllıqlarımızın yanıb kül olmasında isə təəssüflər olsun ki, əsas faktor insan amilidir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən rəsmi məlumatda qeyd olunub. Belə ki, istər rayonlara səfər edən turistlər, istərsə də həmin ərazilərdə yaşayan yerli insanlar yaşıllıq ərazilərdə istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etmirlər. Bir az da məsuliyyətsizlik isə bu yanğınların baş verməsi ilə nəticələnir.
Bəs bunun qarşısını almaq üçün lazımı addımlar atılırmı? TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda baş verən meşə yanğınlarının bəlkə də 100 faizi antropogen təsirlərlə bağlıdır: “Amma ermənilərin Qarabağda törətdikləri yanğınları çıxsaq, digər ərazilərdəki hadisələr terror xarakterli deyil. Bunun qarşısını almaq üçün yerli icra hakimiyyətləri, bələdiyyələr və meşə idarələri insanların piknik keçirməsi üçün yerlər ayırmalıdır. Həmçinin orada yanğın təhlükəsizliyinin qarşısını almaq üçün önləyici tədbirlər görülməlidir. Təəssüf ki, Azərbaycanda bu kimi tədbirlər həyata keçirilmir. Əksinə insanların məsuliyyətsizliyi səbəbindən yüzlərlə hektar meşə əraziləri yanıb külə dönür”.
Ekspertin sözlərinə görə, bunun qarşısını almaq üçün insanları maarifləndirmək, ön hazırlıqlı olmağı başa salmaq hər birimizin borcudur: “Təəssüf ki, bu kimi maarifləndirici tədbirlər nə məktəblərdə, nə də televiziyalarda öyrədilmir. Televiziyalarda yalnız mənasız verilişlər yayımlanır. Bunları həyata keçirməli olan dövlət qurumları – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi və digərləri önləyici tədbirlər almalıdırlar və bu barədə maarifləndirici məlumatlar yaymalıdırlar. Amma biz bütün bu məsələlərə biganə yanaşırıq”.
Qorxmaz İbrahimli əlavə edib ki, dronlarla yanğınların baş verəcəyi haqda daha tez məlumat almaq mümkündür: “İnsanlar meşəlik ərazilərə piknik üçün getdikləri zaman heç olmasa avtomobillərində su dolu qab saxlamalıdırlar ki, baş verəcək hadisə zamanı ilkin addımlara hazırlıqlı olsunlar. Yanğınlar baş verən zaman isə dronları havaya qaldırıb yerlərini təsbit etmək, helikopter və “Amfibiya” təyyarələrini həmin ərazilərə yönləndirmək mümkündür. Nə yazıq ki, meşələrimiz, əkin sahələrimiz, kənd və otlaqlarımız təhlükə altındadır. Bu isə insanlardan tutmuş heyvanlara və bütün mikroorqanizmlərə qarşı təhlükə törədir”.