Qadın kilsədən pulla aldığı kişini döyərək diləndirir: “Ölsə, birini də gətirəcəyəm” – REPORTAJ/FOTO

8-12-2022, 00:24           
Qadın kilsədən pulla aldığı kişini döyərək diləndirir:
Bakı şəhərində qadın yaşlı kişini diləndirir.

Jurnalistlər Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında qocanın diləndirilməsinin şahidi olublar.


Yaxınlıqda yaşayan və çalışan sakinlər əməkdaşlarımıza bildiriblər ki, kişi illərdir Zoya Balabanova adlı qadın tərəfindən hər gün döyülərək səhər saat 10:00-dan axşam 21-22:00-dək ərazidə diləndirilir.



İddia ediblər ki, Z.Balabanova hər gün iki-üç saatdan bir kişinin insanlardan yığdığı pulları mənimsəyir.

Biz də buz kimi soyuq havada diləndirilən kişinin fotolarını çəkdik və qadının əraziyə yaxınlaşmasını gözlədik.

Elə bu zaman əraziyə Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşdılar. Onlar maşından belə, düşmədən bizdən:

“Niyə anlaqsız şəxsin şəklini çəkirsiniz?” – deyə soruşdular. Səbəbini izah etdik. Onlara niyə ərazidə illərdir bu cür halın baş verdiyi halda müdaxiləyə səy göstərmədiklərini soruşduq. Polislər isə ərazini tərk etdilər.



Ərazidə çalışan Ziyafət adlı şəxs iddia edir ki, qadın yaşlı kişini kilsədən pulla alıb:

“On ilə yaxındır, kişi burada diləndirilir. Hər gün səhər saatlarından gecə 21-22 radələrinə kimi burada qalır. Artıq kişi çox yaşlanıb, onu buraya ağacla döyə-döyə gətirir. Qadın yaşlı kişiyə zülm verir, dövlət qurumları isə məsələyə müdaxilə etmir. Həmin ağacı qadın mağazanın içindəki dəmir borunun altında saxlayır”.



O qeyd edib ki, qoca hər gün dilənməklə 50-60 manat pul yığır:

“Bizim millət rəhmlidir və əksəriyyət qocaya pul verir. Qadın hər gün müəyyən saatlarda gəlib pulları aparır. Biz qadına yaşlı kişiyə belə zülm etməsini irad tutduqda isə: “Öz işimdir”, – deyir. Hətta biz ona dedik ki, bu qədər döyülməklə, saatlarla soyuqda qalmaqla bu kişi öləcək.

Zoya isə dedi ki, bu öləcək, evdə biri də var, onu gətirəcəyəm. Polis gəldi, bir neçə dəfə bunları ərazidən qovdu, amma qadın yenə də kişini hər gün döyə-döyə gətirir. Qocanı, bir ağacı var, onunla döyür”.



İki saatdan çox vaxt keçdikdən sonra Zoya adlı qadın əraziyə yaxınlaşdı və kişinin yığdığı pulları mənimsədi. Bizə, sadəcə, fotoları silməyimizi hökm elədi.

Biz isə ümid edirik ki, dövlət qurumları qadının kişini diləndirməsi ilə bağlı tədbirlər görəcək və onun isti yerə aparılaraq yerləşdirilməsi təmin olunacaq… (Oxu.az)













Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.