MMX: sürücülərin baş bəlası - ARAŞDIRMA

4-06-2016, 12:15           

Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müxtəlif cəzalar, o cümlədən cərimələr tətbiq edilməklə inzibati protokollar tərtib edilir. Bəzi hallarda isə MMX-lar, yəni Mərkəzi Məlumat Mərkəzində qeydə alınan cərimələr sürücünün pasport qeydiyyatında olduğu ünvana məktub formasında gəlir. Məktubda sürücüdən törətdiyi yol hərəkəti qaydası pozuntusuna görə cərimənin məbləği, onun qısa vaxt ərzində ödənilməsi və ya 10 gün müddətində qərardan şikayət edə biləcəyi bildirilir.

Bu, məsələnin rəsmi tərəfi. İndi isə keçək vətəndaşların üzləşdiyi problemlərə. Qanunvericilik göstərir ki, protokol tərtib olunduğu vaxtdan 2 ay keçərsə, sürücünün idarə etdiyi avtomobil dərhal və qeyd-şərtsiz DYP əməkdaşları tərəfindən duracağa salınmalıdır. Sürücülər hesab edir ki, bu halda onların hüquqları pozulur. Çünki bildiriş almayan sürücü harada, hansı yolda, nə zaman yol hərəkəti qaydasını pozduğunu bilə bilməz. Nəzərə alsaq ki, qanuna görə protokol yazılan gündən 3 ay keçərsə, vətəndaş 6 ay müddətində sürücülük hüququndan məhrum edilməlidir.

Hüquqşünas Ərşad Hüseynov mövzu ilə bağlı qanunvericiliyin tələblərini belə izah edir: "Qanunvericilik deyir ki, elektron protokol hər bir kəsin yaşadığı ünvanın yerli Yol Polisi Şöbəsinə göndərilir. Tutaq ki, Suraxanı sakinidirsə, oranın Yol Polisi Şöbəsinə. Qanuna görə, 2 gün müddətində yerli şöbə bunu çap edib vətəndaşın ünvanına göndərməlidir. Cəmi 2 gün".

Sürücü: "Polis saxladıb məni, deyib cərimən var. Heç bilməmişəm, üstünə də nə qədər faiz gəlib".

Narahat doğuran məsələlərdən ən başlıcası isə cəriməsinin olduğu barədə məlumat alan, xəbər tutan sürücünün banklarda vaxt itkisi ilə üzləşməsidir. Belə ki, banka gedən vətəndaşa bildirilir ki, cərimə ilə bağlı bildiriş hələ DYP tərəfindən elektron sistemə "otuzdurulmayıb", yəni daxil edilməyib. Bu minvalla cərimənin ödənilməsi süni şəkildə uzadılır və sonda bildiriş sistemdə peyda olan zaman məlum olur ki, sürücü cəriməni vaxtında ödəmədiyinə görə üzərinə əlavə faiz gəlib.

Sürücü: "Cəlilabadda postda məni saxlatdılar, dedilər ki, avtovağzalın üstündə 2 dənə MMX var, maşına həbs qoyulub. Dedim ola bilməz, bu maşının sürücüsü mənəm. Açdı öz kompüterində məni göstərdi".

Sürücü: "Təcrübədə bir obyektiv səbəb də var. Bizim bəzi sürücülərin ünvanla bağlı problemləri olur. Amma bu, az sürücülərə aiddir. Olsun bir 20 faiz. Böyük əksəriyyətinin ünvanı, yaşadığı mənzil bəllidir".

Sürücü: "Keçən il saxladılar, dedilər 3 MMX var. Onlardan birindən belə xəbərim olmayıb. Maşını aparıb tulladılar cərimə meydançasına. Evə zəng elədim, gətirib ödədim".

Sürücülər iddia edirlər ki, bu "sistemə otuzdurulma tələsi" qəsdən qurulub və əlavə pul qoparmaq məqsədi daşıyır. Çünki yeni qaydalara görə, ödənilən cərimənin 25 faizi bonus olaraq yol polisi əməkdaşlarının maaşına əlavə edilir.

Apardığımız sorğu zamanı sürücülərin böyük əksəriyyəti Respublika Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemi hələ də normal qura bilməməsindən şikayətləndi. Əziyyət çəkən isə vətəndaşdır. Çünki hazırkı qanunda "vətəndaşa bildiriş çatmayıbsa, məsuliyyət daşımır" bəndi İXM-də heç bir yerdə qeyd olunmayıb.

Məsələ ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin də mövqeyini bilmək maraqlı olardı. Lakın İdarədən məsələyə münasibət bildirmək istəmədilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.