Gömrükdə rüşvət alınmır, inanaqmı?
8-06-2016, 16:18
Azərbaycanda neçə illərdir dövlət struturlarındakı rüşvətxorluğa qarşı mübarizə aparıldığı bəyan edilir. Buna baxmayaraq Azərbaycanın adı beynəlxalq təşkilatların hesabatlarında hələ də ən çox rüşvət alınan ölkələr siyahısındadır. Yerli və beynəlxalq ekspertlər bunun səbəbini rüşvətxorluğun Azərbaycanda az qala dövlət siyasətinə çevrilməsi ilə izah edirlər. Rüşvət verib vəzifəyə təyin olunmaqdan tutmuş, vergi, gömrük sistemində problemlə üzləşdirilməmək üçün ən asan yol, el arasında deyildiyi kimi, məhz hansısa vəzifəliyə hörmət etməkdən keçirdi.
Vergi və gömrük sistemində rüşvət olduğunu təsadüfən, yaxud qərəzçi mövqedən çəkmədik. Məsələn, uzun illər vergi müfəttişlərinin sahibkarlardan rüşvət almaqdan ötrü belə bir taktikaları mövcud olub. Mağazaya gələn müfəttiş cərimə yazmaqdan ötrü müəyyən miqdarda onun sahibindən “razılıq” istəyib. Razılıq verilməyəndə isə müxtəlif vasitələrlə xüsusilə kiçik sahibkarlara təzyiqlər edilib. Vergi sistemində pul yığılması üçün düşünülən digər fəndlər də mövcuddur. Sahibkarların iddia etdiklərinə görə, son vaxtlar müfəttişlər obyektə gələndə özləri ilə ayrıca dəftər gətirir, onun üzərinə yazılan adı göstərərək filankəs, yaxud filan fond üçün pul yığıldığını iddia edirlər. İndi sahibkarlardan bu cür bəhanə ilə pul yığılması çox dəbdədir.
Gömrük sisteminə gəldikdə, burada rüşvət olduğunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev özü dolayısı ilə təsdiqləyib. O, ANS televiziyasının ötən bazar günü efirə gedən “Hesabat” verilişində bir sıra məsələlərə aydınıq gətirib. Komitə sədri həmin açıqlamasında deyib: “Yaşıl dəhliz”in yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik”.
Göründüyü kimi, Aydın Əliyev onun rəhbərlik etdiyi komitədə rüşvət olduğunu etiraf edib. Bu etirafa görə, komitə sədrinə bir neçə sual da ünvanlamaq olardı. Məsələn, belə: “Deməli, “Yaşıl dəhliz” yaradılmasaydı gömrükdə rüşvət elə əvvəlki kimi davam edəcəkdimi?”. Yaxud, Aydın Əliyev “Yaşıl dəhliz”in tətbiqindən sonra gömrük sistemində rüşvətin büsbütün yığışdırılmasına təminat verirmi?”
Bu sualara onun hansı cavabları verə biləcəyindən asılı olmayaraq, demək olar ki, çox sayda fərmanların imzalanmasına, yeni qaydaların tətbiqinə baxmayaraq, ümumilikdə Azərbaycanın dövlət strukturlarında rüşvət və korrupsiyadan imtina edilməsindən danışmaq olmaz. Ən başlıcası ona görə ki, uzun illərdir dövlət strukturlarının çalışanların əksəriyyəti məhz rüşvət və korrupsiya yolu ilə milyonlar qazanmağa vərdiş ediblər. Bundan əlavə, rüşvətxorluq Azərbaycanda az qala dövlət səviyyəsində bir siyasətə çevrilib.
Aydın Əliyevin Dövlət Gömrük Komitəsində rüşvətin birmənalı şəkildə aradan qaldırıldığını iddia etməsinə gəldikdə, ölkənin ən tanınmış ekspertləri bu iddiaya şübhəli yanaşırlar. Onların əksəriyyətinin fikrincə, komitə sədrinin rüşvətin birmənalı aradan qaldırılması ilə bağlı öyünməsi, ən azı düzgün səslənmir. Bəzi ekspertlər isə hətta iddia edirlər ki, gömrük sistemində rüşvət həmişə var, amma adıçəkilən “Yaşıl dəhliz”in tətbiqi rüşvətin səviyyəsinin azalmasında əhəmiyyətli rol oynasın. Bunun üçün isə həmin qaydaların düzgün tətbiq edilməsi başlıca şərtdir.
Prezident İlham Əliyev bu il martın 4-də Azərbaycanda sahibkarlığa dəstək məqsədi ilə gömrük prosedurlarında islahat aparılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda “Yaşıl dəhliz” kimi vasitələrin tətbiqi də nəzərdə tutulub.
Ümumiyyətlə, indi gömrük orqanları sistemində dörd dəhliz sistem-formasından istifadə edilir:
yaşıl dəhliz – mallara və ya nəqliyyat vasitələrinə yoxlama, eləcə də şəxsi yoxlama tətbiq edilmədən buraxılışıdır;
mavi dəhliz – malların və ya nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük nəzarəti formaların tətbiqi;
sarı dəhliz – məlumatların, sənədlərin, o cümlədən buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanılmasıdır;
qırmızı dəhliz – lazım olan məlumatların, sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin yoxlanılmasıdır.
Ekspertlər iddia edirlər ki, bütün bunlara baxmayaraq, indi gömrük orqanlarında “qara dəhliz” adlandırıla bilinəcək bir sistem də tətbiq edilir. Gömrükçülər rüşvəti hazırda məhz həmin “qara dəhliz” sisteminin qaydalarını tətbiq etməklə alırlar.aztoday.az