SOCAR: vitse-prezidentin petrol imperiyası - Araşdırma
9-06-2016, 17:49
İsmayılov Mikayıl İsmayıl oğlu. İlk baxışda bu ad oxuculara heç nə demir.
Lakin internet resurslarında axtarış verdikdə bu isim ölkənin ən skandallı neft oliqarxı kimi çıxır. O, Bakının nə Hacı Zeynalabdin Tağıyevi, nə də Murtuza Muxtarovudur. Mikayıl İsmayılov Ağsunun Çiyni kəndindən olan hazırda SOCAR-ın vitse-prezidentidir.
2005-dən parlayan ulduz
O, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib. 1988-ci ildə həmin institutu bitirmişdir.
1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub.
M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Və elə 2005-ci ildən İsmayılov neft oliqarxı kimi güclənməyə başlayıb. İndi dövlət məmurunun neft pullarına qazandığı sərvətin sayı-hesabı yoxdur.
teref.az vizual.az-a istinadən bildirir ki, İsmayılov SOCAR-ın ən sirli, mübhəm koorrupsioner məmurlarından biridir.
Neapolda 66 otaqlı villa
Elə bu günlərdə daha bir sirrinin üstü açılıb. Azerinews.tv dəyəri milyonlarla manatla ölçülən qəsrinin fotolarını yayıb. Həmin qəsr 3 mərtəbədən ibarət olmaqla yanaşı, 66 otaqlıdır. Bir hektar ərazidə inşa edilmiş qəsrin girişi xüsusi mühafizəçilər tərəfindən qorunur. Binaya giriş isə yeraltı keçid vasitəsiylə həyata keçirilir.
SOCAR-ın əsas fiqurlarından biri olan Mikayıl İsmayılov həmin qəsri Xətai rayonu ərazində yerləşən Neapol Dairəsi deyilən ərazidə inşa etdirib.
Onu da bildirək ki, Mikayıl İsmayılovun villa və qəsrləri bununla yekunlaşmır. Onun həmiçinin ölkənin ən səfalı yerlərində bahalı binalar inşa etdirdiyi də deyilir. Məsələn, sözügedən şəxsin hazırda Şamaxı, Quba və Qəbələdə də hektarlarla ərazidə özünə villa tikdirdiyi vurğulanır.
"Cadillac”, "Chevrolet” və "Vita1000” biznesi
ARDNŞ-in avtomobil parkından başlayaq. Bu parkın balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi "Cadillac” və "Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu "icad” da təsadüfi deyil. Yox, söhbət bu maşınların texniki parametrlərindən də getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır - Mikayıl İsmayılov. Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti... "Cadillac Bakı Mərkəzi” və "Chevrolet Azerbaijan” diler firmalarının sahibi odur.
M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də yastığın altında saxlamır. Həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır. Azərbaycanda ən böyük təbii meyvə şirəsi istehsalı zavodlarından biri ona məxsusdur. Bu zavodun məhsullarının qutusunun üzərində "Azgranat” yazısını görə bilərsiniz.
M.İsmayılov öz əlaqələrindən istifadə edərək "Vita1000” əmtəə nişanlı məhsulların bu növdən olan digər məhsulları bazardan sıxışdırmasına nail olub. "Vita1000” bu uğuruna görə, öz keyfiyyətinə və ya qeyri-adi dadına yox, M.İsmayılovun "döyüşkən ruhu”na borcludur. Bu "mübariz ruh”u ona rəqiblərinə divan tutmaq imkanı verir.
Ağsunun bölüşdürülməsi
Məlumdur ki, Ağsu rayonuna əhalinin sosial müdafiəsi və inkişafı naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev başçılıq edir. Yəni Ənvər Seyidəliyev rayonun icra başçısı vəzifəsində çalışır. Rayonun hakimi-mütləq şəxsləri arasında dövlət neft şirkətinin vitse prezidenti Mikayıl İsmayılovun da adı çəkilir.
Mikayıl İsmayılov neftin pullarını oğurlayaraq Ağsunun Hacıqədirli və Sarvan kəndlərinin ərazisində əhalinin ümumi istifadəsində olan örüş və pay torpaqlarını zor gücünə əllərindən alaraq, orada böyük mal ferması tikdirir. Hələ bu azmış kimi həmin fermaya gedən yolun asfaltlaşması üçün əhalinin əkin torpaqlarının üst qatını zədələyərək oraya torpaq daşıtdırır.
200 ev və Türkanda cah-cəlalın sahibi
Məlum olub ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi "evlər kralı" olan məmurdan bəhs edib.
Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var.
Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Bu azmış kimi, M.İsmayılov Bakının Hövsan qəsəbəsində dəyəri milyardlarla ölçülən mülklərə sahibdir. M.İsmayılova məxsus olduğu bildirilən və Türkan kəndində dənizkənarı ərazidə yerləşən 7 imarətlik cah-cəlalı var.
M.İsmayılov Türkan qəsəbəsində dənizin kənarında on hektarlarla ərazini zəbt edib. Bu ərazi Mikayıl İsmayılov tərəfindən 6 metr hündürlüyündə hasarlanıb, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində oliqarx neftçi 7 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Bu ərazi artıq neçə illərdir ki, zəbt edilib.
Mikayıl İsmayılov bu cah-cəlalı yay aylarında istirahəti üçün inşa etdirib. Ərazidə gecə-gündüz ondan artıq idmançı saxlayan Mikayıl İsmayılov həmin idmançıların köməyi ilə buralara heç kimi buraxmır.
Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur. Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.