Vətəndaşlar niyə pullarını banklara etibar etmirlər? -

7-04-2023, 00:02           
Vətəndaşlar niyə pullarını banklara etibar etmirlər? -
Cari ilin birinci rübündə əhalinin bankalara yerləşdirdikləri əmanətlərin həcmi azalıb.

Əmanətlərin azalma tendensiyası davam edərsə, Mərkəzi Bank zəruri addımlar atmalıdır.

Mütəxəssislərin fikrinə görə vacib addımlardan biri də depozit faizlərini yenidən vergidən azad etməkdir.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu verginin gətirdiyi zərər onun faydasından daha çox ola bilər:

“Sözügedən depozitlərin həcmini və onun faizlərdən tutulan vergilərin həcmini hazırkı göstəricilər üzrə hesablasaq görərik ki, bu məbləğ 80 milyon manat ətrafındadır.

Yəni 1 fevraldan bərpa edilən vergilər nəticəsində o qədər də böyük olmayan yığım formalaşacaq. Amma onun yaratdığı həyəcan bank sektoruna daha çox zərər vura bilər.

Vergi tutulması qüvvəyə minən kimi əmanətlərin həcmində 27 milyon manat azalma baş verdi. Belə ki, 11,928 milyard manatdan 11,901 milyard manata endi. Əgər bu azalma davam edərsə, o zaman mütləq vergi güzəştləri yenidən bərpa edilməlidir.

Çünki, dünya bank sektorunda həyəcanlı anların yaşanması, ardı-ardına bankların müflis olması, Azərbaycan əmanətçisində qeyri-ixtiyari qorxu yaradır. Bu qorxunun üzərinə də 10 faizli vergini gələndə insanlar əmanətlərini banklardan geri çəkməyə qərar verirlər”.

Ekspert qərarın doğru olmadığını da vurğulayıb:

“Yəni, hazırda Azərbaycanda bankların kütləvi müflis olması kimi heç bir ciddi risk yoxdur. Qorxu və həyəcan yersizdir. Amma əmanətçilərin davranışı fundamental risklərə görə formalaşmır, kütlə davranışlarına görə daha çox formalaşır.

Yəni sıravı əmanətçiyə Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun və ya Eldəniz Əmirovun sözündən daha çox ətrafdakıların davranışları təsir edir.

Yəni adam baxır ki, insanlar əmanətlərini geri çəkir, qoy mən də çəkim. Əsassız yerə banklardan vəsaitlər geri çəkilməyə başlayır.

Beləcə bu heç bir ciddi risk olmadan yaranmış boş bir qorxu, bir neçə ay sonra ciddi problemlər yaradır. Hansı ki bu problemin həlli üçün hökümət həmin vergi vasitəsilə yığılmış vəsaitdən dəfələrlə çox vəsait xərcləməli olur”. //bizim.media//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.