Moskvada məscid tikintisinə imkan vermirlər

7-04-2023, 13:54           
Moskvada məscid tikintisinə imkan vermirlər
Fevralın əvvəlindən Moskvanın Kosino-Uxtomski rayonunun sakinləri yaşadıqları ərazidə məscid tikintisinə qarşı küçə etirazları keçirirlər. Change.org saytında Svyatoye gölü ərazisində 60 min nəfərlik məscid tikilməsinin nəzərdə tutulduğu, bu yerin “Rusiyanın və Moskvanın dini, tarixi ziyarətgahı” olması barədə petisiya dərc edilib. Materialın dərcindən sonra petisiyanı 27 mindən çox insan imzalayıb.

Bizimyol.info xəbər verir ki, martın 18-də mətbuat tikinti sahəsinin hasarla qorunmağa başlanması, məlumat lövhəsi asılması, bu yerdə “Dmitriyevski küçəsi” nəqliyyat qovşağının tikintisinin planlaşdırıldığı barədə yazıb. Yazılarda Moskva şəhərsalma komitəsinin iclasının protokolu yer alıb. Belə çıxırdı ki, burada “təhsil və dini təyinatlı obyekt” yerləşəcək. Eyni zamanda, Kosino-Uxtomski rayonunun administrasiyası və Şərq İnzibati Dairəsinin prefekturası layihə çərçivəsində dini obyektlərin tikintisinin nəzərdə tutulmadığını bəyan ediblər.

Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin bildirib ki, sakinlər dini mənəvi-maarif ocağının tikintisi üçün həddindən artıq böyük ərazi ayrılmasından narazıdırlar. Onlar hökumətin məsələni düz-əməlli təsdiq etməməsindən də şikayətlənirlər. Sakinlər deyir ki, məscid tikintisi barədə daha çox kilsədə və tanışlarından eşidiblər.

Hələ martin 12-də sakinlər Müqəddəs göl ətrafında etiraz aksiyası keçiriblər. Bundan bir həftə əvvəl isə onların əlində plakatlar və ikonalar görmək mümkün idi. Sonradan polis kütləvi etiraz aksiyalarının keçirilməsinin cinayət məsuliyyəti daşıması barədə iştirakçılara xəbərdarlıq edib.

Bir müddət əvvəl etirazçılardan biri ərazidə donuz başı basdırmışdı. Buna görə həmin kişini saxlamışdılar.

Məscidin tikintisinə qarşı imzaların toplandığı Kojuxovodakı kilsədə fəaliyyət göstərən din xadimi Aleksi Mityuşin hər il iyulda minlərlə insanın iştirakı ilə xaç yürüşü həyata keçirildiyini bildirir: “Sonra insanlar göldə çimirlər. Qadınların çimərlik geyimində olması müsəlmanlar üçün qəbuledilməzdir. Yerli sakinlər münaqişə baş verə biləcəyindən narahatdırlar. Belə böyük islam kompleksinin pravoslav ziyarətgahı ilə qonşuluğu insanları narahat edir”.

Martın 19-dakı etiraz aksiyasında bir az fərqli şüarlar səsləndirilib. Etitazçılar məscidin məhz bu ərazidə inşasının əleyhinədirlər. Onların fikrincə, rayonun sakitliyi pozula bilər. Amma başqa yerdə tikintiyə etiraz etmirlər.

Çeçenistanın lideri Ramzan Kadırov məscidin inşasına etirazı təxribat adlandırıb. Respublika rəhbəri deyib ki, yalnız ölkəni parçalamaq istəyənlər bu cür çıxış edə bilərlər: “Rusiya torpağının belə qayğısına qalırlarsa, onda avtomatı götürüb səngərlərə getsinlər”.

Moskva meri Sergey Sobyaninin məscid inşası planından danışması Kadırovu sözlərinə əl gəzdirməyə vadar edib. O, merin daha uğurlu həll yolu tapdığını bildirib. Çeçenistan rəhbəri deyib ki, məscid başqa yerdə - şəhər mərkəzinə yaxın tikiləcək. Kadırov adekvat reaksiyaya görə Sobyaninə təşəkkür edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.