MƏHKƏMƏ SƏDRİ VƏKİLLƏRİN BOSTANINA DAŞ ATDI, TOPA TUTULDU

7-04-2023, 18:53           
MƏHKƏMƏ SƏDRİ VƏKİLLƏRİN BOSTANINA DAŞ ATDI, TOPA TUTULDU
- Vəkillər:
“Bu sözləri deyən hakim, elə özü insan həyatını, taleyini şablon zənn edəndir!”
“Hakimlərin də verdikləri hökmlərin əksəriyyəti sıfır əsaslandırmadır"
“Sədrin bu yanaşması onu göstərir ki həmin məhkəmədə ədalət yoxdur"
"BACM-da bir neçə hakim var ki notariat funksiyasını həyata keçirərək ittihamları olduğu kimi təsdiqləyir"
"Lap tutaq ki, şablondur, məgər şablon olması əsassız olmasına dəlalət edir?!"
"Vəkillərin vəsatətlərini də hakimlər şablon xarakterli ifadələrlə rədd edir"
E-huquq.az Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovdan müsahibə alıb. Sədr vəkillərin də bostanına daş ataraq deyib ki, əksər işlərdə şablon şikayətlərdən, vəsatətlərdən istifadə edirlər, narkotiklə bağlı işlərin isə “demək olar ki, hamısında vəkillər tərəfindən istifadə olunan vəsatətlər şablon xarakter daşıyır”.
İsmayıl Xəlilovun dedikləri vəkillərin etirazına səbəb olub. Onlar sədri də, onun rəhbərlik etdiyi məhkəməni də top atəşinə tutublar. Kənardan da dəstəkçiləri az olmayıb. Ümid edirik ki, BACM-da salamatçılıqdır...
Müzakirələrdən maraqlı hissələri təqdim edirik:
Anar Mövsümoğlu, vəkil:
"Şablon vəsatətlər yoxda şablon hökmlər?
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, "təcrübə göstərir ki, əksər işlərdə şablon şikayətlərdən, vəsatətlərdən istifadə olunur. Məsələn, məhkəmədə baxılan işlərin 60%-ni narkotik vasitələrlə bağlı işlər təşkil edir. Onların demək olar ki, hamısında vəkillər tərəfindən istifadə olunan vəsatətlər şablon xarakter daşıyır. Sizin dediyiniz iradlar da məhz həmin işlərlə bağlıdır. Bir şablondan ibarət şikayətlər götürülərək bütün işlərdə istifadə olunur. Şübhəli şəxs döyülüb, zora məruz qalıb, onun tutulma vaxtı ilə üstünə baxış keçirilmə vaxtı uyğun gəlmir, evində axtarış və götürmə qanunsuz aparılıb, narkotik vasitə onun deyil, və s. sanki eyni şikayət və vəsatəti vəkillər bir-birinə ötürməklə yayırlar. Amma əslində belə olmalı deyil. Hər bir iş üzrə fərdi xüsusiyyətlər nəzərə alınmaqla müdafiə taktikası qurulmalıdır".
İsmayıl Xəlilov bunu nəyə əsasən deyib onu bilmirəm. Ancaq burada vəkilləri günahlandırmağı hec cür anlaya bilmirəm. Narkotik işlərindən söhbət gedirsə burada şablon vəsatətlərin yaranmasının səbəbkarı vəkillər yox ibtidai istintaqı aparan orqanlardır. Bir çox hallarda bu kateqoriyadan olan işlərdə şübhəli şəxsin tutulması vaxtı və yeri ittihamla üst üstə düşmür. Şəxs saxlanılan kimi dərhal onun üzərinə baxış keçirilmir, əməliyyat qeydiyyat işi ümumiyyətlə mövcud olmur, şəxs saxlanarkən ona xəsarət yetirilir və bu həm istintaq təxridxanasının qeydiyyatı həm də bəzi hallarda ekspert rəyləri ilə sübut olunur. Şəxsi axtarış və götürmə, o cümlədən avtomobilə və mənzilə baxış keçirilməsi qanunun tələblərinə uyğun həyata keçirilmir. Bu qeyd olunan məsələlərin hər biri də məhz sübutların siyahıdan çıxarılması və bəraət verilməsi üçün əsaslardır. Təzadlı hal odur ki məhkəmələr, elə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəbul olunan bəraət hökmləri də bir çox hallarda məhz elə bu "şablon" əsaslara görə verilir. Çünki bu kateqoriyadan olan işlərdə sübutlar demək olar ki şablon olur və müstəsna hallarda işin faktiki halları spesifik olur.
Digər tərəfdən ad çəkməsəm də hamı gözəl bilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə hakim var ki onlar ümumiyyətlə hakimlik etmir, bir növ notariat funksiyasını həyata keçirərək ittihamları olduğu kimi təsdiqləyir. İsmayıl Xəlilov da yəqin ki bunu gözəl bilir və həmin hallarla mübarizə aparılsa daha yaxşı olar.
Vəkilliyin probleminə gəldikdə bunu qeyd etmək istəyirəm ki problem şablon vəsatətlərin verilməsi deyil, burada problem bir çox hallarda xüsusən dövlət hesabına hüquqi xidmət göstərən vəkillərin ümumiyyətlə vəsatət verməməsidir. Hər bir halda müstəntiq, təhqiqatçı, hakim və ya vəkil olmağından asılı olmayaraq keyfiyyətli iş görmək vicdan və bilik tələb edir. Bunlar olmayandan sonra keyfiyyətli işdən söhbət gedə bilməz."
Rəşad Cabbarov, vəkil:
"Şablon olmasın deyə növbəti vəsatətdə təqsirləndirilənin çəkisi, boyu, saçının rəngi, ayaqqabısının ölçüsü və s. barədə də dəlillərdən istifadə etmək lazımdır.)"
Emil Mirzəyev, vəkil:
“Hakimlərin də verdikləri hökmlərin əksəriyyəti sıfır əsaslandırmadır.
Vəkillərin nüfüzüdur ki, Ali Məhkəməyə mülki işlərə vəkillər buraxılmır.”
Vəfadar Piriyev, vəkil:
“Lap tutaq ki, şablondur! Məgər şablon olması əsassız olmasına dəlalət edir?! Əsassız şəkildə təmin olunmayan vəsatətə nə deyək?! Nəysə…”
Ramil Rüstəmov, vəkil:
“Sədrin bu yanaşması onu göstərir ki həmin məhkəmədə ədalət yoxdur. Ona görə də, verdiyimiz vəsatətlər bir cümlə ilə ya rədd edilir ya da baxılmamış saxlanılır.”
İlkin Ukalayev, vəkil:
“Əsaslı vəsatətlərin təmin olunmaması ilə bağlı istintaqın və məhkəmənin əsaslandırması da şablon xarakter daşıyır.”
Ramiz Aydayev, vəkil:
“Bir sıra hallarda vəkillər tərəfindən verilmiş əsaslı vəsatətlər də hakimlər tərəfindən şablon xarakterli ifadələrlə rədd edilir. Ümumiyyətlə, vəkillərin əsaslı vəsatətlərinə bəzi hakimlər tərəfindən qısqanclıqla yanaşılır, onlara qarşı səbirsiz münasibət göstərilir, əsassız iradlar bildirilir. Amma ittihamçının mahiyyətdən kənar, məzmunsuz suallarını eşitməməzliyə vurur, heç vaxt vəkillərə qarşı olduğu kimi sözləri ni kəsmək kimi hərəkətlər etmirlər. Daha doğrusu, ittiham və müdafiə tərəflərinə bərabər imkan yaratmırlar.”
İlkin Ukalayev, vəkil:
“Əsaslı vəsatətlərin təmin olunmaması ilə bağlı istintaqın və məhkəmənin əsaslandırması da şablon xarakter daşıyır.”
Samirə Əhmədova, vəkil:
“Bu sözləri deyən hakim, elə özü insan həyatını, taleyini şablon zənn edəndir!”
İlqar Rüstəmov, vəkil:
"Maraqlı olan hüquqşünasları 10 aprel 2023-cü il tarixdə saat 11.00-da icraatımda CM-nin 234.4.1, 234.4.3 və 29, 317-ci maddələri ilə təsqirləndirilən şəxsin son məhkəmə iclasına dəvət edirəm. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə 9 il 06 ay cəza istəyib. Həmin gün mənim müdafiəçi çıxışım olacaq.
Təqsirləndirilən şəxsə ittiham elan olunur ki, bəs sən filankəslə qabaqcadan əlbir olub, cəza çəkdiyin müəssisədən onun mobil nömrəsinə zəng edib, bank kartına pul köçürtdürüb, narkotik vasitəni cəzaçəkmə müəssisəsinə gətirtmək istəmisən.
Müdafiəçi kimi verdiyim sorğuya cavab olaraq cəzaçəkmə müəssisəsinin rəisi göstərib ki, müdafiə etdiyiniz şəxs həmin tarixdə heç kimlə telefon vasitəsilə əlaqə saxlamayıb. Bank kartı məsələsinə gəldikdə isə işdə şahid qismində dindirilən şəxs ümumiyyətlə bank hesab kartının olmadığını bildirib. Məhkəməyə həmin şəxsin adına hər hansı bankda hesan kartının olub-olmamasının müəyyən edilməsi üçün verdiyim vəsatət isə təmin edilmir. Məhkəmə mənə bildirir ki, “məhkəmə sübut toplayan orqan deyil”. Halbuki, bu mülki iş üzrə icraat deyil! Vəsatətə qoşma edilərək qəbzlər əlavə edilir ki, həmin məlumat bank sirrinə aid olduğundan yalnız məhkəmə qərarı ilə əldə edilə bilər.
Məsələn, mənim bu statusumla yəqin bütün hüquqşünaslar razılaşarlar ki, məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi üçün vəsatəti təmin etməlidir."
SÖZARDI
Vəsatət vermək vəkilin hüququ ilə vəzifəsi arasındadır, amma ədalətli hökm çıxarmaq hakimin birbaşa vəzifəsidir. Vəsatət oldu ya olmadı, özəlliklə də, cinayət işlərində hakim işin bütün hallarını hərtərəfli araşdırmalı, sübutları toplamalı, onları qiymətləndirməlidir.
Şikayət və vəsatətlərin şablon olması isə vəkillərin peşəkarlıq problemindən daha çox, məhkəmənin ədalət problemi ilə bağlıdır. Əsaslı şikayət və vəsatətlərin kütləvi əsassız rədd edildiyi sistemdə şablon normaya çevriləcək.
Yeri gəlmişkən, İsmayıl Xəlilovun müsahibəsi də, özü demişkən, "şablon xarakterlidir". Palaz boyda yazıda ədalət mühakiməsinin real problemləri və onların səbəbləri barədə danışmağa cəsarəti çatmayan məhkəmə məmurunun günahı əzik duruma salınmış kəsimin üzərinə yıxması da ədalətsiz olmaqla yanaşı, bir balaca da qeyri-etik...
Hüquqkar
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.