ABŞ-ın 12 milyard dollarlıq hərbi yardım paketində nələr var? – HHM sistemləri birləşdirilir
12-05-2023, 09:44

ABŞ-ın Ukraynaya 1.2 milyard dollar dəyərində ayırdığı son hərbi yardım paketinə hərbi qələbənin təmin olunmasında müstəsna rol oynayacaq silahlar daxildir.
“AzPolitika.info” xəbər verir ki, paket çərçivəsində Pentaqon Ukraynada olan bütün hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Hazırda Ukrayna səmasına bir çox fərqli növ HHM sistemləri qoruyur. Qərb istehsallı sistemlərlə (İRİS-T, NASAMS, Patriot, Crotale) yanaşı çox sayda sovet istehsallı sistemlər (“Buk”, S-300 və s.) də mövcuddur. Ekspertlər bildirirlər ki, Ukraynada mövcud olan HHM sistemlərin 80%-i sovet istehsallı, 20%-i isə qərb istehsallıdır və problem ondadır ki, onlar fərqli mexanizmlər üzərində fəaliyyət göstərirlər.
Qərb istehsallı HHM sistemləri məlumatları - koordinatları, atılan raketlərin trayektoriyaları AWACS-dan (xəbərdarlıq və nəzarət avia sistemi) alır. AWACS xüsusi radiolokasiya təyyarələridir və bu təyyarələr çox böyük ərazini əhatə edərək səmanın nəzarətini təmin edir. Rusiya-Ukrayna müharibəsi kontekstində isə, Rusiya tərəfindən atılan raketlər dərhal AWACS tərəfindən aşkar edilir və koordinatlar, trayektoriyalar qərb istehsallı HHM sistemlərə ötürülür. Bu məlumata əsasən, HHM sistemləri də həmin raketləri zərərsizləşdirir.
Ukrayna HHM sistemləri isə fərqli prinsiplə fəaliyyət göstərir. Onların öz kiçik radiolokasiya stansiyaları var və səmaya nəzarət etmək üçün öz radarlarını işə salmaq məcburiyyətində olurlar. Problemlər də burdan başlayır. Ukraynanın radiolokasiya stansiyaları işə salınanda xüsusi şüalar buraxır və rusiyalıların Su-35S, Su-30SM qırıcıları bu şüaları aşkar edərək X-31 anti-radar raketlərilə bu stansiyaları məhv etmək imkanı yaranır.
ABŞ-ın Ukraynaya ayırdığı 1.2 milyard dollar dəyərində hərbi yardım paketində sovet istehsallı HHM sistemlərin AWACS-a inteqrasiyası nəzərdə tutulub, bu qərar birmənalı olaraq Ukrayna hərbi hava qüvvələrinin Ukrayna səmasının nəzarəti məsələsində Rusiyanı üstələməyə imkan verir.
Ekspertlərə görə, Ukraynanın sovet istehsallı HHM sistemlərin AWACS-a inteqrasiyası təxminən 50 ədəd F-16 qırıcının verilməsinə bərabərdir.