SSD və yaddaş kartları 2026-cı ilə qədər kəski bahalaşa bilər - Səbəblər açıqlandı
Bu gün, 16:44

NAND yaddaşa əsaslanan məhsullar, o cümlədən HDD və SSD qurğular yaxın vaxtlarda 30 faizə qədər bahalaşa bilər.
Bu barədə "Tom's Hardware" portalı sənaye mənbələrinə istinadla məlumat yayıb.
İlk olaraq qiymət artımı barədə "SanDisk" açıqlama verib və NAND məhsullarının dəyərini 10 faiz qaldırıb. Ardınca "Western Digital" və "Micron" kimi digər şirkətlər də eyni addımı atıblar. Ötən il sənaye tələbin zəifliyi səbəbindən ziyan edirdisə, indi tam əks proses müşahidə olunur.
Əsas səbəb – süni intellektin öyrədilməsi üçün məlumat emalı mərkəzlərinin ehtiyaclarının kəskin artmasıdır. Artıq 2026-cı ildən etibarən ən iri bulud provayderləri serverlər üçün onlarla eksabayt həcmində SSD-lər alacaqlar.
Mənbələrin bildirdiyinə görə, qiymət artımı yalnız HDD və SSD-lərə deyil, həm də operativ yaddaşa təsir edəcək. Bütün DRAM növləri (DDR4, DDR5, LPDDR4/5) ən azı 10 faiz bahalaşacaq, avtomobil elektronikasında isə artım 70 faizə qədər ola bilər. Hazırda DDR4 çatışmazlığı müşahidə olunur, DDR5 isə tədricən bahalaşır.
Ekspertlər vurğulayırlar ki, 2025-ci ilin sonunda ənənəvi mövsümi ucuzlaşma olmayacaq. Əksinə, gələn ilin ortalarına doğru bazara təzyiq artacaq. Bulud provayderlərinin süni intellekt infrastrukturu üçün yatırımları yüksək sıxlıqlı yaddaş qurğularına tələbi artırır, istehsal gücü isə bu templə ayaqlaşa bilmir.
Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət yaxın vaxtlarda kompüterlərini yeniləmək və ya yeni yaddaş qurğuları almaq istəyən oyunçuların və texnologiya həvəskarlarının planlarına ciddi təsir göstərə bilər.
Paşa Məmmədli