"Pegasus" Qarabağ müharibəsi vaxtı Ermənistanda kimləri izləyib

26-05-2023, 09:04           
"Pegasus" Qarabağ müharibəsi vaxtı Ermənistanda kimləri izləyib
Ermənistanın ictimai xadimləri 2020-ci ildə Qarabağ müharibəsi vaxtı “Pegasus” casus
proqramının hədəfində olub.
Bir qrup beynəlxalq təşkilatın birgə araşdırması izləmənin Azərbaycan-Ermənistan münaqişəsi
ilə bağlı ola biləcəyini üzə çıxarıb.
Araşdırmanı Amnesty International-ın Security Lab təhlükəsizlik laboratoriyası, mobil
təhlükəsizlik tədqiqatçısı Ruben Muradyan, Access Now, Citizen Lab və CyberHUB-AM
təşkilatları aparıblar.
Mayın 25-də yayılmış məlumatda deyilir ki, jurnalistlər, hüquq müdafiəçiləri və rəsmilərin də
olduğu ən azı 13 Ermənistan vətəndaşı, 2020-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər
“NSO Group”un “Pegasus” casus proqramı ilə izlənib.
Ermənistanda kimlər hədəf alınıb
“Amnesty International”-ın Təhlükəsizlik Laboratoriyası, AzadlıqRadiosunun erməni xidmətinin
iki jurnalistinin – Karlen Aslanyan və Astqik Bedevyanın telefonunda virus olduğunu müəyyən
edib. Qurbanlar sırasında Ermənistanın İnsan Hüquqları Ombudsmanı, Birləşmiş Millətlər
Təşkilatının rəsmiləri, Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü və Ermənistan
vətəndaş cəmiyyətinin daha yeddi nümayəndəsi də var.
“Bu araşdırma Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətlərinə qarşı casus proqramı
təhdidlərinin ciddiliyini önə çıxarır. Hakimiyyətlər ifadə azadlığını boğmağa yönəlik bütün
səyləri dayandırmalı, hər iki ölkədə “Pegasus” hücumları müstəqil və şəffaf
araşdırılmalıdır”. Bunu “Amnesty International”-ın Təhlükəsizlik Laboratoriyasının rəhbəri Donça
O Serbail (Donncha Ó Cearbhaill) bildirib.
Ayrı-ayrı qurbanlar üzrə araşdırmalar göstərir ki, izləmə Qarabağ münaqişəsi kontekstində
gerçəkləşib. Ermənistanda “Pegasus” viruslarının ilk klasteri ölkənin 2020-ci ildə Azərbaycanla
Qarabağ müharibəsində məğlubiyyətindən sonrakı siyasi böhran zamanı baş verib və 2021-ci ilə
qədər davam edib. İkinci isə 2022-ci ildə tərəflər arasında eskalasiya, Soçi və Praqada sülh
danışıqları, eyni zamanda Azərbaycanın dekabrdan Laçın dəhlizini bloklaması ilə üst-üstə
düşüb.
“Azatutyun” radiosunun jurnalistləri Aslanyan və Bedevyan, 2021-ci ilin aprel və may aylarında
Ermənistanda siyasi böhran və Qarabağ müharibəsinin nəticələrini işıqlandırarkən hədəfdə
olublar.
“Təsadüfi deyil ki, “Pegasus” casus proqramları ilə hədəfə alınan Ermənistan xidməti
jurnalistlərimiz kəskin xəbərləri ilə ad çıxarıblar”, – AzadlıqRadiosunun Prezidenti Ceymi
Flay (Jamie Fly) deyib.
“Onların şəxsi həyatının belə kobud şəkildə pozulmasından qəzəbliyəm və Azərbaycan
hökumətinin məsuliyyət daşıdığına dair güclü şübhələrim var. Tərəfdaşlarımıza göstərdikləri
köməyə görə minnətdaram”, – o əlavə edib.
Azərbaycan
“Pegasus” Azərbaycanda da jurnalistləri, vətəndaş cəmiyyəti və siyasi müxalifət
nümayəndələrini geniş miqyasda izləmək üçün istifadə olunub. 1000-dən çox Azərbaycan
nömrəsinin Pegasus-un hökumət müştərisi tərəfindən hədəf seçildiyi aşkarlanıb.
Amnesty İnternational-ın Təhlükəsizlik Laboratoriyası 2019-2021-ci illər arasında Azərbaycan
vətəndaş cəmiyyətinin ən azı beş üzvünün, o cümlədən AzadlıqRadiosunun keçmiş
əməkdaşı Xədicə İsmayılovanın da cihazlarının “Pegasus”a yoluxduğunu müəyyənləşdirib.
2021-ci ildə Azərbaycanda ictimai fəalların, jurnalistlərin “Pegasus” proqramıyla izləndiyi
açıqlansa da, hakimiyyətdən bu iddiaları cavablandıran olmamışdı.
“Amnesty Tech” bütün dünya üzrə səlahiyyətliləri, insan hüquqlarını zərbə vuran casus
proqramlarını qadağan etməyə, bu proqramların səbəb olduğu böhranı yoluna qoymağa çağırır.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir
hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində
Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.