Eşşək ətindən kolbasanı xərçəng yaradan tomat pastaları əvəzləyib
25-07-2016, 13:07
Dükan-bazarlarımızda satılan “Senyor” və “SSSR” markalı pastaların tərkibində təhlükəli birləşmələr var
Azərbaycanda geni dəyişdirilmiş məhsulların (GMO) satışının qarşısının alınması yolunda atılan addımlar yetərli deyil. Qadağalara baxmayaraq ölkəyə tərkibində insan orqanizmi üçün ziyanlı olan qida məhsulları gətirilməkdədir.
Bir müddət əvvəl Azərbaycana zebu ətindən kolbasa məmulatlarının gətirildiyi, ölkə ərazisində təkdırnaqlıların, hətta caynaqlı heyvan-quşların ətindən belə ət və ət məhsullarının hazırlandığını yazmışdıq. Oxucumuz Qabil Abdullayevin redaksiyamıza yolladığı şikayətdə Azərbaycanın dükan-bazarlarında satılan “Senyor” və “SSSR” markalı tomat pastalarının zərərli əlavələrlə zəngin olması haqda fikirlər əksini tapıb.
Oxucumuzun qeydlərindən belə aydın olur ki, Rusiyada istehsal olunan “Senyor” və “SSSR” markalı tomat pastası məhsularının tərkibində pomidorla yanaşı, insan orqanizmi üçün təhlükəli benzoy və sorbat turşuları, şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzonat var. Bu məhsullar xörək hazırlanan zaman temperaturun yüksəlməsi nəticəsində xərçəng yaradan maddəyə çevrilir.
Maraqlıdır ki, tomat pastalarının qablaşdırılması üzərində Azərbaycan dilində tərkib haqda məlumat var. Həmin məlumatda tomatın hazırlanmasında istifadə olunan kartof nişastası şəkli dəyişdirilmiş kimi qeyd edilir. Belə anlamaq olar ki, bu söz oyunudur və “şəkli dəyişdirilmiş” sözləri “geni modifikasiya edilmiş” sözünün yazılmaması, alıcının diqqətinə çatdırılmaması üçün məlumat lövhəciyində yer alıb. Üstəlik, tomat məhsulların yararlılıq müddəti ən aşağısı 2 il olmalıdır. “SSSR” və “Senyor”un yararlılıq müddəti yarıbayarı azdır. Belə görünür ki, istehsalçı dolayısı ilə özü də məhsulun təmiz pomidordan hazırlanmış tomat pastası olmadığını etiraf edir.
Bəs belə məhsullar Azərbaycana necə ayaq açır və onların ölkəyə gətirilməsinin qarşısını dövlət orqanları niyə almırlar?
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev iş adamlarına GMO-məhsulların ölkəyə gətirilməməsi ilə bağlı dəfələrlə çağırış edib. Ekoloqlar da qida təhlükəsizliyi baxımından bu məhsulların ölkəyə daxil olmasının qadağan edilməsinin vacibliyini bildirirlər.
//azinforum.az/