Azərbaycanda dünyanı qorxudan “X” virusu yayılıb? - Məşhur həkim açıqladı
7-02-2024, 00:09

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı “X” xəstəliyinin yayılacağı və COVID-19-dan 20 dəfə daha çox ölümə səbəb ola biləcəyi iddiası ilə çıxış edib.
Dünya İqtisadi Forumu (WEF) isə bəyan edib ki, bütün dünya yeni pandemiyaya hazır olmalıdır. Xəstəliyin törədicisi məlum olmadığı üçün buna “X” adı verilib. Bundan əlavə, iddialara görə, bu xəstəlik artıq Afrika ölkələrində yayılmağa başlayıb. Son günlər ölkəmizdə də qripəbənzər, yoluxduruculuğu yüksək, simptomları koronavirusla oxşar olan infeksiya yayılıb. Xəstələr sağaldıqdan bir neçə gün sonra bu virusa yenidən yoluxduqlarını deyirlər.
İnfeksionist Mərdan Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hazırda bir sıra virus infeksiyası yayılıb:
"Hazırda ölkəmizdə dövriyyədə bir neçə virus var. Sağaldıqdan sonra yenidən eyni virusa yoluxmaq olmur. Bir neçə gün ara ilə iki fərqli virusa yoluxa bilərsiniz. Dövriyyədə qrip, koronavirus, həm rotavirus var. Qızılca da çox yayılıb, amma bilinən bir xəstəlikdir, səpkilərdən anlamaq olur və kəskin respirator virus infeksiyası deyil.
Amma digər viruslar bir-birinə bənzər formada müşahidə olunur. Koronavirusu isə çox vaxt analiz də etmirik, əvvəlki formada yox, daha yüngül formada gedir".
Onun sözlərinə görə, hazırda "X" virusu yayılmayıb:
"Bu yayılanlar "X" virusu deyil. Çünki o, hazırda mövcud olan bir virus deyil. Gələcəkdə yayılması gözlənilən bir virusdur. Bu da ÜST-ün hesablamalarına əsasən müəyyənləşir. Onlar hesablayıblar ki, belə pandemiya olacağı təqdirdə hazırlıqlı olaq. Lakin indi bu virus nə ölkəmizdə, nə dünya ölkələrində yayılıb".