44 yaşlı kişi anasını niyə qətlə yetirib? — TƏFƏRRÜAT

7-02-2024, 15:25           
44 yaşlı kişi anasını niyə qətlə yetirib? — TƏFƏRRÜAT
Xaçmaz rayonunda 1979-cu il təvəllüdlü Ramiz Sultanov anası, 1956-cı il təvəllüdlü Səmən Sultanovanı öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramiz “paranoid şizofreniya” xroniki psixi xəstəlik nəticəsində anlaqsız vəziyyətdə olub və öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyərək anası Səmənin cadu edib, onun xəstələnməsinə səbəb olduğundan şübhələnib. O, anasını qəsdən öldürmək qərarına gəlib.

Ramiz öz niyyətini həyata keçirmək məqsədi ilə 13 yanvar 2022-ci ildə saat 17 radələrində Xaçmaz rayonu Əzizli kəndində yerləşən yaşadığı evin birinci mərtəbəsindəki saxlanc yerinə daxil olub. Oradan götürdüyü balta ilə Səmənin baş və sifət nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq onu öldürüb.

Hadisəni törədən Ramizin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ittihama aidiyyəti olmayan, məntiqsiz və psixi xəstəliyi təcəssüm edən ifadələr işlədib. O, işin faktiki hallarına dair ifadə vermək iqtidarında olmayıb.

Zərərçəkmiş şəxs Səmənin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, baş vermiş hadisəni gözüylə görməyib: “Təqsirləndirilən şəxs anasını əvvəl də vurub, anasının bir neçə yerində sınıqlar yaranıb. Bir qardaşını da baltayla vurub. O, 5 il ruhi-əsəb dispanserində qalıb, sonra buraxılıb. Nəzarətsiz qaldığına görə belə hadisə törədib. Nə səbəbə anasını vurduğunu bilmirəm”.

Şahid qismində ifadə verən qətlə yetirilən qadının oğlu, təqsirləndirilən şəxsin qardaşı isə ifadəsində göstərib ki, hazırda Xaçmaz rayonu Əzizli kəndində yerləşən evində tək yaşayır: “Bacılarım Kifayət və Məlahət vəfat edib, digər bacım Sədaqət isə ailə həyatı quraraq Xaçmaz rayonu Hacıqurbanoba kəndinə köçüb. Böyük qardaşı Nəriman 2004-cü ildə ailə həyatı qurub və yaşadığım evin qonşuluğunda yerləşən evə köçüb, ailəsi ilə birlikdə orada yaşayıb. Digər qardaşım Ramiz isə anam Səmən və onunla birlikdə ata evində yaşayıb. Qardaşım Ramiz uzun illərdir psixi xəstəlikdən əziyyət çəkir. Ramizin psixi xəstəliyi olduğundan səbəbsiz yerə aqresivləşərək ətrafdakı insanlara xəsarət yetirib. Hətta uşaq vaxtı Ramiz balta ilə mənim başına xəsarət yetirib. Həmin xəsarətdən sonra məndə psixoloji problemlər yaranıb. Hazırda mən də psixi xəstəlikdən əziyyət çəkirəm. Ramizin 2015-ci ildə anamın sağlamlığına xəsarət yetirməsi ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi istintaq olunub, Ramiz həbs edilib. Ramiz psixi xəstə olduğundan məhkəmənin qərarı ilə sonuncu, tibb müəssisəsinə yerləşdirilib və 2021-ci ilin yay aylarında xəstəxanadan buraxılıb. Anam Səmən heç bir yerdə işləməyib, aldığı təqaüdlə özünü dolandırıb. Ramiz bizimlə yaşadığı müddət ərzində gah mənimlə, gah da anam Səmənlə yola getməyib. Ramiz bəzən durduq yerdə əsəbləşib mənimlə sözlü mübahisə edib. Bəzən də evə gəlib bizimlə mehriban davranıb”.

Şahid qeyd edib ki, 13 yanvar 2022-ci ildə nahar yeməyindən sonra evdə öz yataq otağında yatıb: “Təxminən 1 saat sonra yuxudan oyandım. Yataq otağımda bir ədəd siqarət yandıraraq çəkdim. Həmin vaxt yatdığım otağın pəncərənin yanından inilti səsi eşitdim. Evdən həyətə çıxanda yaşadığım evin birinci mərtəbəsində yerləşən saxlanc yerində kiminsə ağlamaq səsini eşitdim. Bundan sonra dərhal saxlanc yerinə tərəf gedərək qapını açdım. İçəri daxil olanda anam Səmənin beli üstə yerdə uzandığını, sonuncunun baş nahiyəsində isə balta olduğunu gördüm. Dərhal anamın yanına yaxınlaşaraq onun baş nahiyəsinə kimin xəsarət yetirdiyini soruşdum. Səmən ağlayaraq Ramiz tərəfindən başına balta ilə vurulduğunu bildirdi. Bundan sonra anamdan Ramizin harda olduğunu soruşdum. Anam özündən gedərək mənə cavab vermədi. Bundan sonra dərhal evdən çölə çıxaraq “ay camaat kömək edin, anamı baltaladılar” deyərək qonşulardan kömək istədim. Həmkəndlilərim Polad, Elnur və Nazim yanıma gələrək nə baş verdiyini soruşdular. Həmin şəxslərə Ramizin anamı baltaladığını, anamın vəziyyətinin ağır olduğunu bildirdim. İlk növbədə Poladgil mənə inanmadılar, evə girmək istəməsələr də, mənim dəfələrlə israrımdan sonra Polad mənimlə birlikdə yaşadığım evin birinci mərtəbəsindəki saxlanc yerinə daxil olduq. Bundan sonra Nazim dayı dərhal mobil telefonu ilə təcili tibbi yardıma zəng etdi və bir müddət sonra oraya təcili tibbi yardım gəldi. Təcili tibbi yardımın əməkdaşları anamın yaralı halda xəstanaya apardılar. Anam xəstəxanaya aparılsa da, orada anama edilən ilkin tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ramizin nə vaxtsa bədbəxt hadisə törədəcəyini anama desəm də, anam “Allah onu elə yaradıb, sən də bir tərəfən başlama” deyərək mənə irad bildirib”.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Ramiz cinayət məsuliyyətindən və cəzadan azad edilib. Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə Ramizin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilib.

Fariz Məlikli
Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru