TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ: "Qırmızı diplom"unuz bu məqamda işinizə yaraya bilər...
27-02-2024, 09:54

Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə qırmızı diplom verilir. Bu diplomu almaq üçün isə Elm və təhsil nazirliyinin müəyyən etdiyi şərtlərə cavab vermək lazımdır. Tələbə bütün fənlərdən “əla” qiymət almalıdır.
Bəs qırmızı diplomun hansısa üstünlüyü varmı?
Mövzu haqqında Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında danışıb.
“Ümumilikdə hansısa güzəşt nəzərdə tutulmur. Hansısa işlə təmin olunmağa bu qırmızı diplom təminat vermir. Hər hansısa işlə təmin olunması prosesi sadəcə müəyyən biliklər əsasında həyata keçirilir. Əvvəlki dövrlərdə orta məktəbi qızıl və ya gümüşlə bitirənlər istənilən universitetə qəbul ola bilərdilər. Həmin dövrlərdə orta məktəblərin səviyyəsi, verdikləri təhsilin keyfiyyəti daha yüksək səviyyədə idi, rüşvət və digər amillər rol oynamırdı. Hazırda bunu tətbiq etmək müəyyən qədər çətin olar. Çünki orta məktəblərdə dərs keyfiyyəti olduqca aşağıdır. Buna görə də bu sui-istifadəyə yol aça bilər”.
Deputat qeyd edib ki, ali məktəblərdə əvvəlki dövrlərdə qırmızı diplom məzunların universitetdə qalıb işləməsi, öz ixtisası üzrə pedoqoki fəaliyyət göstərmək üçün üstünlük hesab olunurdu.
“İndiki şəraitdə universitet təhsili fərqlənmə, qırmızı diplom ilə bitirmənin xüsusi imtiyazı nəzərdə tutulmur. Çünki artıq əmək bazarında ancaq bilik və bacarıq və ona uyğun gələn qabiliyyət olduğu halda işlə təminat baş tutur. Qırmızı diplom nüansının dövlət qulluğuna qəbul olma prosesin nəzərə alınması mümkün ola bilər. Lakin bu hansı dərəcədə obyektiv veriləcək bu açığı düşündürücüdür”.
Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında bildirib ki, qırmızı diplom almaq üçün tələbələr Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərtlərə cavab verməlidir.
“İlk növbədə qeyd edim ki, bu gün ali təhsil əldə etmək məsələsi olduqca vacibdir. Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir.
Qaydalara görə ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu "əla", digərləri isə "yaxşı" olduğu halda onlara fərqlənmə diplomu verilir.
Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda "qeyri-kafi" - F, 51-60 bal topladıqda "qənaətbəxş" - E, 61-70 bal topladıqda "kafi" - D, 71-80 bal topladıqda "yaxşı" - C, 81-90 bal topladıqda "çox yaxşı"- B, 91-100 bal topladıqda "əla" - A alır.
Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.
Etiraf edək ki, ali məktəbləri fərqlənmə ilə bitirən şəxslər yüksək biliklər və peşə vərdişlərinə yiyələnmiş orta mütəxəssislər hesab olunurlar.
Sözsüz ki, əmək bazarında onların üstün mövqeyi də qorunur. Çünki hər hansı bir müəssisə yüksək qabiliyyətli , bacarıqlı insanların çalışmasına üstünlük verir. Bu mənada indiyə qədər ali məktəbi fərqlənmə ilə bitirən adamların cəmiyyətdə aldıqları bilikləri doğrultduqlarını görürəm. Onlara inam və etibar əksər hallarda özünü təsdiq edir. O cümlədən ali məktəblərin də imici qorunur.
Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində qırmızı diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 1 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta siz magistratura pilləsində təhsil alsanız belə, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur.
Dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur. Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil.
Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq qırmızı diplomun heç bir özəlliyi yoxdur
Əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir.
Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı diplom” verilir”.
Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxudr. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir.
Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”.
Fidan Vəlisoy