Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
20-04-2024, 16:34
Əgər yadplanetlilər mövcuddursa, inanıldığı kimi yaşıl yox, bənövşəyi rəngdədirlər.
Bu barədə ABŞ-nin Kornell Universitetinin yeni araşdırmasında deyilir.
Amerikalı elm adamlarına görə, insanların həyatı yaşıl rənglə əlaqələndirmək vərdişi planetimizin spesifik şəraiti ilə bağlıdır. Yer kürəsi bitkiləri qidalandıran çoxlu Günəş işığı alır: fotosintez bitkilərə rəng verən yaşıl piqment xlorofil sayəsində baş verir.
Tədqiqatçılar qeyd edirlər ki, başqa planetdə yaşayış şəraiti tamamilə fərqli ola bilər. Məsələn, işıq çatışmazlığı şəraitində görünməz infraqırmızı şüaların istehlakı səbəbindən orada fotosintezin fərqli olması mümkündür. Bitkilər və bakteriyalar bu vəziyyətdə yaşıl yox, bənövşəyi piqmentlərə sahib ola bilərlər. Yəni “bənövşəyi bir dünya”...
“Bənövşəyi bakteriyalar geniş şəraitdə inkişaf edə bilərlər ki, bu da onları müxtəlif dünyalara hakim ola biləcək həyat üçün əsas rəqibə çevirir”, - tədqiqatın müəlliflərindən biri Ligiya Fonseka Koelyo deyib.
Qeyd olunur ki, elm adamlarına bu məlumat ilk növbədə yerdənkənar həyat axtarışlarını daha effektif etmək üçün lazımdır.
İndiyədək 5500-dən çox ekzoplanet, o cümlədən 30-dan çox Yerə bənzər planetin olduğu təsdiqlənib. Hazırda bu planetlərin kimyəvi tərkibini öyrənmək üçün xüsusi teleskopların hazırlanması üzərində iş aparılır.
Araşdırmada vurğulanır ki, oxşar bənövşəyi bitki və bakteriyalara Yer kürəsində Günəş işığının olmadığı və ya kəskin çatışmazlığı olan bir çox bölgələrdə rast gəlmək olar. Bənövşəyi fotosintez yaşıl fotosintezdən daha az səmərəlidir, buna görə də Yerdə yaşıl bitkilər üstünlük təşkil edir və planetin yalnız ən uyğun gəlməyən hissələri bənövşəyi olaraq qalır.