Göz ətrafı qaralma, diş əti qanaması… – Nədən xəbər verir?
21-04-2024, 00:06
Dietoloq Rıdvan Arslan K vitamini çatışmazlığından danışıb.
Moderator.az xəbər verir ki, həkim bunun qanın laxtalanmasına ciddi təsir göstərə biləcəyini söyləyib.
“K vitamini qaraciyərdə bir sıra laxtalanma faktorlarının aktivləşdirilməsində iştirak edir. Bu amillər qanın laxtalanması və yaraların sağalmağa başlaması üçün vacibdir. K vitamini çatışmazlığı laxtalanma faktorlarının istehsalına və aktivləşməsinə mənfi təsir göstərir. Nəticədə, qanın laxtalanma prosesi zəifləyir və bədən yaralara daha az reaksiya verir”, – deyə Rıdvan Arslan bildirib.
Onun sözlərinə görə, K vitamini çatışmazlığının ən ciddi nəticələrindən biri qanaxmadır:
“Xüsusilə K vitamini çatışmazlığı olan körpələrdə ciddi qanaxma və qanın laxtalanmasının pozulması halı müşahidə edilir.
K vitamini çatışmazlığı dəridə asan göyərmələrə, dırnaqların altında laxtalanmalara, bədənin selikli qişasında qanaxmalara, tünd və qan tərkibli nəcislərə, diş ətlərinin qanamasına və göz altının qaralmasına səbəb olur”.
Bəs K vitamini çatışmazlığı ilə üzləşməmək üçün hansı tədbirləri görmək olar?
Həkim qeyd edib ki, K vitamininin çoxu bədənə xaricdən daxil edilməlidir. Bu səbəblə qidalanmağa xüsusi əhəmiyyət vermək vacibdir.
“K vitamini xüsusilə yaşıl bitkilərdə bol olur. Bunların arasında ispanaq, brokoli və kələm var. Bundan əlavə, lobya və pomidor da K vitamini ehtiva edir. K vitamini heyvan mənşəli qidalardan da əldə edilə bilər. Qırmızı və ağ ət, qaraciyər, yumurta və süd bu vitaminlə zəngindir. Qoz, fındıq və anakardiya kimi çərəzlər də orqanizmi bu vacib vitaminlə təmin edə bilər.
Əncir, üzüm, nar, kivi və böyürtkən kimi meyvələrlə də təhlükəli K vitamini çatışmazlığından qorunmaq olar”, – deyə Rıdvan Arslan vurğulayıb.