Ermənistan dayandı, indi də Ordumuza buradan “atəş açılır” – İki hərbçimiz…

12-06-2024, 09:47           
Ermənistan dayandı, indi də Ordumuza buradan “atəş açılır” – İki hərbçimiz…
İki hərbçimizin – mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlunun ildırım vurması səbəbindən şəhid olması ictimaiyyətdə narahatlıq doğurub.

Bir qədər əvvəl itkin düşən, ötən gün isə nəşi tapılan əsgərimiz Ceyhun Hüseynovun da ildırım vurması nəticəsində həyatını itirməsi haqda iddialar var, lakin bu məlumat hələ təsdiqlənməyib.

Bəs orduda bu kimi hallara – ildırım vurmasına və bənzər təhlükələrə qarşı hansı tədbirləri görmək olar?

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, hərbçiləri ildırım vurması hadisəsi nadir hallarda baş verir:

“Güc strukturlarının sərhəd xidmətində bu cür hallara qarşı tədbirli olmaq üçün təlimlər keçirilir. Amma burada ildırımın hara düşəcəyini proqnozlaşdırmaq praktiki cəhətdən mümkün deyil. Nəzərə alaq ki, sərhədçilərimiz dövlət sərhədinin bütün perimetrinə nəzarəti həyata keçirməlidirlər. Həmin yağışlı ərazilərdə sözügedən hallardan sığortalanmaq mümkün deyil. Yəni bu, komandan və ya digər məsul şəxslərin günahı deyil”.

Hərbi ekspertin sözlərinə görə, ildırımların tez-tez düşdüyü ərazilərdə hərbçilərin xidməti dayandırılmalıdır:

“Bu isə çox çətin məsələdir. Çünki bəzən kazarma daxilində belə həmin halların yaşanması mümkündür. Ona görə də əvvəlcədən tədbirlərin görülməsi qəliz prosesdir”.

İldırım çaxması prosesini izah edən “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, bu hadisə atmosferdə baş verən ionlaşma nəticəsində yaranır:

“Atmosferdəki molekullar ionlara ayrılır, müsbət və mənfi yüklü zərrəciklər əmələ gəlir. Bu zaman daha çox mənfi yüklü zərrəciklər toplanır və yer səthində özünə uyğun müsbət yüklü ərazi axtarırlar. Həmin ərazilərə daha çox hündür binaların üstü, antenalar, dağların başı, çöl ərazidə duran tək ağaclar, bir sözlə, iti ucu olan bütün obyektlər daxildir. İldırımlar həm də radiodalğa rejmində işləyən cihazları vurur. Məsələn, ildırım vaxtı telefonla danışmaq, açıq havada radioya qulaq asmaq və s. kimi hallarda ildırım vurması ehtimalı çox böyükdür.

İldırımdan qorunmağın müxtəlif yolları var. Əgər avtomobildəsinizsə, həmin anda mütləq onu söndürməli və içərisində gözləməlisiniz. Maşın yolun dik deyil, çökək hissəsində saxlanılmalıdır. Evdə olduğunuz halda küçəyə çıxmamalı, televizor və radionu, telefonu söndürməlisiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.