Ən əzabverici xəstəliklər hansılardır?
17-06-2024, 11:57
"Amiotrofik yan skleroz (Lu Qehriq) ən ağır xəstəliklərdən biridir".
Bunu ABŞ-də çalışan tibb bacısı Culi Makfadden ölümlə nəticələnən ən ağrılı xəstəliklərdən danışarkən deyib.
O qeyd edib ki, onilliklər ərzində bu xəstəliyə yoluxanların əksəriyyətini xilas etmək mümkün olmayıb:
"Bu xəstəlik zamanı əzələ hərəkətlərini idarə edən sinir hüceyrələri tədricən məhv olur. Zamanla tənəffüsdə iştirak edən əzələlər işini dayandırır. Bu səbəbdən ölüm boğulma nəticəsində baş verə bilər".
C.Makfadden bildirib ki, qlioblastoma aqressiv beyin xərçəngidir və hər il təxminən 15 min ABŞ-liyə bu diaqnoz qoyulur:
"Bir çox xəstə qlioblastoma diaqnozundan sonra aylar ərzində işləmək və ya maşın sürmək qabiliyyətini itirir".
Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığı da ağır xəstəliklərdən biridir:
"Bu xəstəlik böyrəklər qanı düzgün filtrasiya edə bilmədikdə baş verir. Bunun səbəbləri şəkərli diabet, yüksək qan təzyiqi, sidik yollarında olan infeksiyalar ola bilər. Xəstəliyin ən yaxşı müalicəsi böyrək transplantasiyasıdır. Müalicə zamanı dializ proseduru (xüsusi cihazla qandan toksinlərin çıxarılması) vacibdir. Dializi dayandırmaq isə çox təhlükəlidir".
Mənbə: Daily Mail