Qalib dövlət nədən 46 il sonra çökdü?.. -Tarixin ibrət dərsi...

23-06-2024, 07:06           
Qalib dövlət nədən 46 il sonra çökdü?.. -Tarixin ibrət dərsi...
“Azərbaycanın erməni faşizm üzərində qələbəsi ilə bağlı narahatlığa əsas yoxdu. Biz SSRI kimi işğalçı müharibə aparmamışıq. Arxasında böyük qüvvələr dayanan Ermənistana qarşı ədalətli müharibə aparıb qalib gəlmişik. Bu qələbə dövlətimizi daha da gücləndirib, birliyimizi möhkəmləndirib. Qələbə digər cəhətləri ilə yanaşı, gələcəyə inamımızı da artırıb...”

Bu gün – 22 iyun – keçmiş Sovet İttifaqı məkanında “Böyük Vətən Müharibəsi” adlanan savaşın başlanmasınınn növbəti ildönümüdür. Cəmi 4 ilə yaxın bir müddətdən sonra SSRİ mütəffiqlərin də dəstəyi ilə çox ağır və faciəli itkilərə rəğmən ölkəyə təcavüz etmiş Hitler faşizmi üzərində qələbə çaldı, işğal edilmiş torpaqlarının hamısını azad etdi və üstəlik, Almaniyanın və ayrıca Şərqi Avropanın böyük bir hissəsini nəzarətə götürdü. Bəs necə oldu ki, SSRİ kimi qalib və nəhəng dövlət cəmi 46 il sonra süquta uğrayaraq yer üzündən silindi. Bunun obyektiv və subyektiv səbəbləri hansılar idi? Stalinin 1930-cu ildə yazdığı eyni adlı məqalədə deyildiyi kimi, müvəffəqiyyətlərdən baş gicəllənmə də səbəblərdən biri idi, yoxsa? Bu gün erməni faşizmi üzərində qələbə çalmış və ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan dövləti üçün tarixin bu dərsinin ibrət götürüləsi məqamları varmı?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, tariz üzrə fəlsəfə doktoru Akif Nağı bunları söyləyib:

“SSRİ Lenin və Stalin tərəfindən süni şəkildə ömrü uzadılmış Rusiya imperiyasından başqa bir şey deyildi. Ona görə də dağılmalı idi. “Böyük Vətən müharibəsi” isə qondarma ifadə idi, həm də bizə bir aidiyyəti yox idi. Rusiyanın 1812-ci ildə Napoleona qarşı apardığı "vətən müharibəsi " ilə bağlı belə adlanmışdı. Və 70 il ərzində bizlər fərqinə varmadıq ki, bu, bizim “böyük müharibə"dirsə, bəs "kiçiyi" nə vaxt olub?..

Bu müharibədə SSRİ-nin qələbəsinin obyektiv və subyektiv səbəblərindən çox danışmaq olar. Stalin böyük qanlar, repressiyalar bahasına mobil, totalitar bir rejim formalaşdırmşdı. Bu güclü rejim obyektiv olaraq qalib gəlməli idi. Obyektiv amillərə həmçinin ölkə ərazisinin genişliyini, böyük insan resurslarını, eyni zamanda sərt iqlim şəraitini göstərmək olar. Subyektiv amillərə Hitlerin özünü bütün dünyaya qarşı qoymasını, Qərb dövlətlərinin faşist təhlükəsini sovetlərin əli ilə zərərsizləşdirmək istəyini də aid etmək mümkündür...

Sovet İttifaqının dağılma səbəblərindən biri də o idi ki, Sovet rəhbərliyi müharibədən sonra imperiyanı genişləndirmək, sovet düşərgəsi deyilən sistemi böyütmək yolunu tutdu. İmperiyalar böyük olduqca, onları idarə etmək çətinləşir və daha fez süqut edirlər. Təbii, burada Qərbin SSRİ-ni içəridən dağıtmaq taktikaşı da qeyd olunmalıdı. Onlar hakimiyyətə öz adamlarını gətirməklə imperiyanı çökdürə bildilər...

Azərbaycanın erməni faşizm üzərində qələbəsi ilə bağlı narahatlığa əsas yoxdu. Biz SSRI kimi işğalçı müharibə aparmamışıq. Arxasında böyük qüvvələr dayanan Ermənistana qarşı ədalətli müharibə aparıb qalib gəlmişik. Bu qələbə dövlətimizi daha da gücləndirib, birliyimizi möhkəmləndirib. Qələbə digər cəhətləri ilə yanaşı, gələcəyə inamımızı da artırıb. Ona görə də, bütün təhlükələrə baxmayaraq dövlətimizin dünya durduqca əbədi olacağına inanırıq. Buna nail olmaq üçün hər kəs istənilən situasiyada dövlət maraqlarını hər şeydən üstün tutmalıdır...”

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.