“4 min kredit istəyəndə adıma 1,2 milyon kredit olduğu deyildi”
31-08-2016, 16:27
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatətlər verib.
O, Beynəlxalq Bankın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq məhkəməyə təqdim edilməsini istəyib. Vəkil 2008-2014-cü illər arasında Vergilər Nazirliyi tərəfindən Beynəlxalq Bankla bağlı cinayət işi açıldığını deyib: "Yoxlamalardan sonra cinayət işinə xitam verilib. Həmin sənədlər də məhkəməyə təqdim edilməlidir".
F.Mehdiyev digər vəsatətində isə Beynəlxalq Bankın illik maliyyə hesabaltlarının internetdə hər il yerləşdirildiyini bildirib: "Lakin hazırda həmin məlumatlar internet resurslarından çıxarılıb".
Vəkilin sonuncu vəsatətində isə Beynəlxalq Bankla “Aqrarkredit” QSC arasında çoxtərəfli saziş imzalandığını qeyd edib. O, tərəflər arasında imzalanmış sənədlərin məhkəməyə təqdim olunmasını tələb edib.
Hakim bildirib ki, vəsatətlər şahidlərin dinidirilməsi mərhələsindən sonra müzakirə ediləcək.
Daha sonra şahidlər ifadə verib. "İnter Tekstil” şirkətinin əməkdaşı olan Zahid Bağırov dindirilərkən rəhbərlikdən ona baş ofisə gedərək sənədlərə qol çəkmək tapşırığının verildiyini vurğulayıb: "Məni maşınla aparıb, sənədə qol çəkməyimi istədilər. Düşündüm ki, bu, işlə bağlı olar. İşlədiyim yerdə 250 manat maaş alırdım. Sonra da işdən çıxdım. Heç bir məsələdən də xəbərim yoxdur”.
O, rəhbərliyin kim olduğunu bilmədiyini deyib: "Çalışdığım şirkətdə rəhbərliyin kim olduğunu dəqiq bilmirəm. Hərdən Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri olan Şakir Xəlilov verib".
Şahid Samir Əliyev təqsirləndirilənlərdən Azad Cavadovun bacanağı olduğunu və onun şirkətində çalışdığını qeyd edib: "2011-ci ildə Azad Cavadov tərəfindən banka gedərək sənədlərin imzalanması üçün göstəriş almışam. Mənə kredit götürüləcəyini dedi. Həmin 780 min 700 manat pul zavod üçün götürülüb".
Prokuror "kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib" sualını ünvanlayıb. S.Əliyev isə bundan xəbəri olmadığını və həmin məbləği müəssisənin borclarının ödənilməsi üçün götürüldüyünü deyib.
Təqsirləndirilən A.Cavadovun dostu Emin Nəbiyev də oxşar ifadə verib. O bildirib ki, A.Cavadovun tapşırığı ilə adına 700 min manat kredit götürülüb: "Həmin kreditin Lənkəranda istirahət mərkəzinin tikilməsi ilə bağlı götürülməsindən xəbərsizəm".
"İnter Security" mühafizə şirkətinin əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xəqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da məhkəmədə ifadə veriblər.
Şirkətin işçilərindən Emin Nəbiyev ifadəsində sənədlərə qol çəkdiyini, lakin bunun kredit müqaviləsi olduğundan xəbəri olmadığını bildirib: "Özüm 4 min manat kredit götürmək istəyən zaman bankdan mənə adıma 1 milyon 250 min manat kredit olduğu deyildi".
Günün ikinci yarısında davam etdirilən prosesdə Beynəlxalq Bankın Nərimanov filialının baş xəzinadarı İradə Cəfərova ifadə verib.
O bildirib ki, şirkətin əməkdaşları filiala gəlib kredit müqavilələrinə qol çəkiblər: "Daha sonra pulu baş ofisdən götürüb onlara verirdik".
Prokuror "kreditləri həmin şəxslərin özləri gəlib, qol çəkib götürüdümü" sualını verib. İ.Cəfərova da həmin şəxslərin özülərinin gəlib, imza atdığını deyib.
Daha sonra Beynəlxalq Bankın Nərimanov filialının marketinq şöbəsinin müdri Qalib Rzayev dindirilib. Proses sentyabrın 2-də davam etdiriləcək
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.
Report.az