Rus politoloqlar yenə Qarabağ "kart"-nı ortaya atıblar
1-09-2016, 07:34
“Problem ondadır ki, biz işğal altındakı ərazilərin hansı vəziyyətdə olduğunu dəqiq bilə bilmirik, çünki müşahidəçilərin ora girişi çətindir. Yalnız ümumi anlayış mövcuddur ki, rayonlar dağıdılıb və orada heç bir fəal həyat yoxdur. Heç nə də baş vermir. Erməni əhali həmin ərazilərə getmir, çünki Ermənistan rəhbərliyi bu ərazilərə gələcəkdə mübadilə obyekti kimi baxır”.
Musavat.com-un məlumatına görə, bu fikri Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli şəxslərindən sayılan politoloq Sergey Markov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində bildirib. Lakin politoloqun sözlərinə görə, böyük dağıntılara və zəhmət tələb eləməsinə rəğmən, Azərbaycan toplumu və dövləti həmin ərazilərin bərpasına çox böyük həvəs və entuziazmla girişəcək və buna nail olacaq.
“Dünya birliyində Dağlıq Qarabağ ətrafındakı bu rayonların Azərbaycan üçün hansı anlam daşımasının dərki yetərlidirmi” sualına Markov belə cavab verib: “Bütün beynəlxalq sənədlər deyir ki, təkcə Dağlıq Qarabağ ətrafındakı rayonlar yox, elə Dağlıq Qarabağın özü də dünya ictimaiyyəti tərəfindən Azərbaycana məxsus ərazilər kimi qəbul edilir. Bunu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, digər sənədlər təsdiq edir. Ancaq beynəlxalq birlik çətin anlasın ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon – Dağlıq Qarabağla eyni şey deyil. Situasiyanın unikallığı da ondadır ki, işğalçı tərəf təkcə ermənilərin kifayət qədər yüksək faiz təşkil etdiyi Dağlıq Qarabağ regionunu yox, həm də ermənilərin minimal sayda olduğu rayonları da zəbt edib. Azərbaycan bu faktı ictimai fikrin malı etməlidir – ki, mütəxəssislər və dövlət liderləri ilə yanaşı, əksər ölkələrin ictimai fikri də bunu bilsin, problemdən baş açsın”.
Politoloq Ermənistanın hazırda 7 rayonu könüllü şəkildə işğaldan azad eləməsinin mümkünlüyünə də toxunub. Bu ərazilərin hərb yolu ilə azad edilməsi ehtimalı artıbmı? Sergey Markov: “Mən düşünürəm ki, “Kazan formulu” üzrə kompromisin formalaşdırılması ehimalı olduqca böyükdür. Həmin formula əsasən, Ermənistan sərhədlərin açılması, bölgənin hərbsizləşdirilməsi və Dağlıq Qarabağın statusu haqda danışıqların başlaması qarşılığında 7 rayonu azad edir. Əgər heç bir sülh anlaşması əldə olunmasa, o zaman ehtimal böyükdür ki, bu rayonlar silah gücünə azad olunacaq. Üstəlik, müharibə həmin 7 rayonla məhdudlaşmayacaq, müharibə Dağlıq Qarabağa da girəcək”.
Bu xüsusda Qarabağa dair danışıqların hazırkı gedişini dəyərləndirən rusiyalı analitik hesab edir ki, indilikdə nizamlama prosesi “Kazan sənədi” əsasında aparılır və proses çox mühüm, intensiv müzakirələr mərhələdəsindədir, lakin qapalı rejimdə aparılır. (musavat.com)
“Orada çoxsaylı həll olunmamış məqamlar var. Ermənistan rəhbərliyi hansısa formada müqavimət göstərmyə çalışır, çünki rəsmi İrəvan yekun etibarilə 7 rayonu Dağlıq Qarabağın müstəqil statusunun Azərbaycan tərəfindən tanınması qarşılığında azad eləmək istəyərdi. Bu rayonların boşaldılması qarşılığında sərhədlərin açılması, bölgənin silahsızlaşdırılması və Dağlıq Qarabağın statusu haqda danışıqlara başlamasını isə erməni tərəfi məğlubiyyət kimi qəbul edir. Ancaq mənə bu, məğlubiyyət kimi görünmür – bu, hər iki tərəf üçün çox mühüm kompromisdir. Zaman Ermənistanın əleyhinə işləyir. Ona görə ki, qüvvələr nisbəti daima Azərbaycanın xeyrinə dəyişir”, – deyə sonda Putinin müşaviri vurğulayıb.