Təhsil krediti üçün kimlər müraciət edə bilər? - ƏSAS TƏLƏBLƏR

4-09-2024, 07:54           
Təhsil krediti üçün kimlər müraciət edə bilər? - ƏSAS TƏLƏBLƏR
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir.

Abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Ödənişli əsaslarla təhsil alan tələbələr üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu ( TTKF) yaradılmışdır.

Qaydaya əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təshili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alan şəxslər yararlana bilirlər.

Təhsil Tələbə Krediti Fondu “Operativ Media”nın sorğusuna cavab olaraq bildirib ki, bu günə kimi fonda 49 000 müraciət daxil olub, onlardan 38300 təhsil krediti rəsmiləşib.

Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ayaz Mustafayev ən çox verilən suallara aydınlıq gətirib

Tələbə kreditinin neçə növü mövcuddur?

“TTK-nin iki növü var: sosial və standart. İlk öncə qeyd edim ki, TTK elektron portal vasitəsilə təyin edilir. İnteqrasiya olunmuş digər qurumlara elektron sorğular vasitəsilə müraciət edənlərin statusunu yoxlayır və müəyyənləşdirir, bundan sonra TTK təyin olunur.

Hansı tələbələr sosial kreditdən yararlana bilir?

Aşağıdakı qeyd olunan statuslara malik tələbələr sosial TTK-dən istifadə etmək hüququna malikdirlər. Sosial TTK-lar özü də iki hissəyə ayrılır. Tələbəyə və ailə üzvlərinə görə verilən kreditlər:

Tələbəyə münasibətdə

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, yəni 3-cü qrup əlillər və ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr sosial kreditdən yararlana bilir.

Valideynlərə münasibətdə

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, yəni 1-ci və 2-ci qrup əlil olan, işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr sosial kreditdən yararlana bilir.

Nazirlə Kabinetinin 11 may 2024-cü il tarixli “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərarına əsasən sosial ttk-nin əhatə dairəsi genişləndirildi və bu istiqamətdə daha çox tələbə sosial ttk almaq imkanı əldə edir.

“Ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr:

“Bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr:

“Bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr:

Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr sosial TTK-dən istifadə etmək hüququna malikdirlər

Bəs hansı tələbələr standart TTK-dən istifadə etmək hüququna malikdirlər?

“Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər.

Bakalavriat birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında minimum 250 bal toplayanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar), magistratura səviyyəsində 50 bal, orta ixtisas üçün (kollec) 110 bal, peşə təhsili üçün isə orta attestat balı 3 olanlar, illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər, xüsusi qabiliyyət tələb edən ixtisaslarda bakalavr 100 bal, magistr üçün 30 bal toplayan tələbələr standart TTK-dən istifadə etmək hüququna malikdirlər”.

TTK-dən yararlanan tələbələrə hansı güzəştlər edilir?

“Sosial TTK -dən yararlanmış tələbənin həmin semestr üzrə ÜOMG 71 bal və yuxarı olarsa, o zaman həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Bundan başqa Sosial TTK -dən yararlanmış tələbənin təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olarsa, götürdüyü TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.

Standart TTK üzrə isə tələbənin ÜOMG-si 91 bal və yuxarı olarsa, həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Standart TTK üzrə isə tələbənin təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olarsa, götürdüyü TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur”.

Fond yeni qəbul olmuş tələbələrə kredit verilməsi ilə bağlı suallara da aydınlıq gətirib:

"Təhsil tələbə krediti hər semestr verilir. Əgər tələbə bu il qəbul olubsa, bakalavr pilləsinin I kursunun birinci semestr üçün müraciət edə bilər. Sosial statusa malik olan tələbələrin qəbul balları nəzərə alınmır. Standart kreditdə müraciət etmək istəyən tələbələr isə 250 balı keçməlidir. Bu zaman tələbə illik təhsil haqqının 20 faizini ödəyir. Yəni tələbə təhsil haqqının 20 faizini özü qarşılayır. Yerdə qalan məbləğ isə fond tərəfindən qarşılanır".

Tələbə bu krediti nə zaman ödəməyə başlayır?

“Təhsil dövrünü başa vurduqdan sonra tələbənin əmək bazarına daxil olub işləməsi üçün 2 illik güzəşt dövrü verilir. Bu dövr ərzində də tələbənin götürdüyü TTK faiz hesablanmır və geri qaytarılması tələb olunmur. Həmin müddət ərzində tələbə işləməyə başlayarsa artıq bankın ona göndərəcəyi qrafik üzrə 10 il ərzində TTK-nin geri qaytarmağa başlamalıdır”.

Hansı halda TTK-nə faiz hesablanmır və geri qaytarılması tələb olunmur?

“Aşağıdakı 5 haldan biri baş verərsə, TTK-nə faiz hesablanmır və geri qaytarılması tələb olunmur:

Yuxarı təhsil səviyyəsində əyani təhsil, yəni bakalavr səviyyəsini bitirən tələbə magistraturaya daxil olarsa, həqiqi hərbi xidmətə gedərsə, məhkumluq halı yaşanarsa (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması), işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətində və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti zamanı götürdüyü TTK-ə faiz hesablanmır və kreditin geri qaytarılması tələb olunmur".

Tələbələr TTK almaq üçün ilk olaraq nə etməlidirlər?

“Təhsil tələbə kreditinə müraciətlər tamamilə onlayn həyata keçirilir. https://www.e-ttkf.edu.az/ saytı ilə bir neçə pilləli müraciəti tamamlanan tələbənin ərizəsi müvafiq banka göndərilir. Əgər məlumat təsdiqlənərsə, kredit məbləği birbaşa olaraq tələbənin təhsil aldığı universitetin hesabına köçürülür. Tələbə prosesi canlı şəkildə yoxlaya bilər”.

Gülcahan Məmmədova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.