Tələbələrin qeydiyyatı ilə bağlı aparılan monitorinqlərin yekunu haqqında
10-09-2024, 08:08
Tələbələrin qeydiyyatı ilə bağlı aparılan monitorinqlərin yekunu haqqında
1. Yaxşı haldır ki, bu il ilk dəfə olaraq çox sayda universitetlər tələbələrin qeydiyyatında kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina etdilər. Universitetlərin hamısının ETN-dəki bütün zəruri dataya giriş imkanı yaradılıb, ETN hətta öz daxili rəqəmsal sistemi olanlar üçün APİ servislər hazırlayır.
Xatırladıram ki, tələbələrin 99% -i HEÇ BİR SƏNƏD yükləmədən portal.edu.az sistemində qeydiyyatdan keçiblər.
2. Az sayda universitetlər, xüsusilə də regionlardakı universitetlər bu il də tələbələrdən qeydiyyat üçün kütləvi formada kağız sənədlər toplamaqda davam ediblər.
Maraqlıdır ki, hətta İKİLİ DİPLOMLARA iddialı olan, rəqəmsal səviyyəsi yetərli inkişaf edən universitetlərin də bəziləri qeydiyyat üçün tələbələrdən kütləvi formada kağız sənədlər toplayıb.
3. Universitetlərin KAĞIZ formada topladıqları sənədlərin (attestat, yaşayış yeri arayışı, sağlamlıq arayışı, güzəştlərlə bağlı notarial sənədlər, şəkillər, hərbi qeydiyyat, şəxsiyyət vəsiqəsinin surətləri, DİM-dən arayışlar və s) hamısı ETN –nin və digər qurumların bazasında rəqəmsal formada olub
4. Portal.edu.az rəqəmsal platformasının kütləvi müraciətlərə dayanıqlı reaksiya verməsi, aidiyyatı dövlət qurumları ilə inteqrasiyaların yüksək səviyyədə işləməsi, kütləvi xarakterli xidmətin qüsursuz olaraq rəqəmsal formada reallaşdırılması istiqamətində ETN və İRİA-nın səyləri təqdirəlayiq olub.
Nəticə :
Düşünürəm ki, ETN tərəfindən, yaxud yuxarıda adı çəkilən hər iki qurum tərəfidnən kağız formada sənəd toplayan universitetlərə bunun qadağan edilməsilə bağlı rəsmi müraciət göndərilməlidir ki, ali təhsil müəssisələrinin bütün pillələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, portal.edu.az üzərindən olacaq.
p.s. Ona görə "kağız formada" sözü işlətdim ki, gələn ildən qanunvericiliyə görə attestat və diplomların da rəqəmsal formaya keçirilməsi gözlənilir.
Bəzi universitetlər tərəfindən rəqəmsal attestatın kağız formada surətinin istənilməməsi üçün indidən tədbirlər görülməsi faydalı olardı.
Osman Gunduz
TEREF