“Yeni Klinika”nın əməkdaşı “Tramadol” satmaq istəyərkən həbs edildi - TƏFƏRRÜAT
10-09-2024, 17:17
“Yeni Klinika”nın əməkdaşı "Tramadol” satmaq istəyərkən həbs edildi
Bakı Apellyasiya Məhkəməsində güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsində təqsirləndirilən A.Məhərrəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
AzFakt.com xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş əsas cəzaya münasibətdə dəyişdirilib. Hökmlə A.Məhərrəmovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 240.1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 9 aya endirilib.
İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri – 5 ədəd “Tramadol 50 mq” və 1 ədəd üzərində “Alyse 150 mg capsule Pregabaline” dərman preparatını əldə edib. O, 11 fevral 2024-cü il tarixdə, saat 17:15 radələrində Nizami Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq sözügedən Polis İdarəsinin inzibati binasına gətirilib. A.Məhərrəmovun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd “Tramadol 50 mq” və 1 ədəd “Alyse 150 mg capsule Pregabaline” dərman aşkar edilərək götürülüb.
Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd: A.Məhərrəmov “Yeni Klinika”da xəstə baxıcısı vəzifəsində çalışıb.