Tələbələrə xoş xəbər: Bakalavr müddəti 3 il ola bilər

10-10-2024, 16:34           
Tələbələrə xoş xəbər: Bakalavr müddəti 3 il ola bilər
Ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmə gəlir. Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı deyib. Nazir bildirib ki, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyəti olmayan məsələlər olur. Onun sözlərinə görə, ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişiklikliyə hazırıqsa, bunu etmək mümkündür.

TEREF xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri müasir təhsil parametrlərindən xeyli geri qalır:

“Baxmayaraq ki, 2024-cü ildir, Azərbaycan universitetləri hələ də 1985-ci ildən bəri keçə bilməyiblər. Yəni bizim universitetlərimiz hələ də mühazirə-seminar yanaşmasından irəli keçməyib. Tədris materialları, dərsliklərin hamısı köhnədir. Ali təhsil müəssisələrindən məzun olan şəxslər əmək bazarında öz ixtisaslarına uyğun işləyə bilmirlər. Çünki universitetlər müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına uyğun kadr hazırlaya bilmir. Ona görə hazırlaya bilmir ki, tələbələrin 4 il univeristetlərdə keçirdikləri vaxt ərzində əldə etdikləri biliklər gələcək karyeralarında onlara lazım olmur”.

Ekspertin fikrincə, bir çox ixtisaslarda bakalavr müddəti 3 ilə endirilə bilər:

“Ümumiyyətlə, müasir yanaşmada 4 illik univeristet artıq məqbul deyil. Yəni bizim gənclərimiz əmək bazarına daha tez və çevik hazır olmalıdırlar. Bu gün Azərbaycan universitetlərində bakalavr pilləsinin 4 il olması lazımsızdır. Düşünürəm ki, bir çox ixtisaslar üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Misal üçün, jurnalist və ya mühasib olmaq üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Daha qısa müddət ərzində bu kimi ixtisasların bilik və bacarıqlarına yiyələnmək mümkündür. Bu cür ixtisasların sayı olduqca çoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.