Birdən yağmadı yağış, bitmədi qamış, bəs onda nə olacaq? - İqtisadçı ekspert hökümətin hesabatını şərh etdi
8-10-2016, 23:06
“Ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli getməyəcyik, ən yaxşı halda geriyə – ötən əsrin 60-80-ci illə
rinə qayıdırıq. Bu müasir iqtisadiyyatın inkişaf yolu deyil. Beləliklə də bu müşavirə də yaranmış çoxsaylı suallara cavab vermək əvəzinə, yeni suallar yaratdı”
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu bu fikirləri Nazirlər Kabinetinin müşavirəsi ilə bağlı fikirlərini öz facebook səhifəsində bölüşərkən qeyd edib.
Q.İbadoğlunun fikrincə, görünür hökumət də yaxşı anlayır ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir.
Ekspert deyib ki, birdən yağmadı yağış bitmədi qamış, bəs onda nə olacaq?
“Dünən Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışları dinlədim. Başlıca məqsədi ölkədə makroiqtisadi durumu dəyərləndirmək olan çıxışlarda yalnız sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilərdən başqa heç bir məlumat səslənmədi. Cari ilin 9 ayının yekunu xarakterizə edən ümumi daxili məhsula (ÜDM) belə istinad olunmadı, onun tənəzzülündən danılmadı, dollarla ifadə olunan nominal ÜDM-in nədən 2014-cü ildə qeydə alınan 75 milyarddan bu ilin sonuna 35 milyard dollara enməsinin hesabı belə sorulmadı. Qeyri-neft ÜDM-nin sürətlə enişinin fəsadları da dəyərləndirilmədi.
121 min daimi iş yerinin açılması (inandırıcı olmasa da), 36 min iş yerinin bağlanması qeyd olunsa da, nədən hər ay orta hesabla 6 min nəfərin iş yerini itirməsinin səbəbləri də təhlil olunmadı. Hətta rəsmi olaraq ayda 6 min nəfər iş yerini itirirsə, bu o deməkdir ki, hər ay 25 mindən çox ailə üzvünün dolanışığı pisləşir. Çünki, ev təsərrüfatlarının əmək müayinəsi göstərir ki, ailələrinn böyük əksəriyyətində 1 nəfər işləyir. Baxmayaraq ki, bu hələ rəsmi rəqəmdir, gerçəklikdə qeyri-rəsmi olaraq daha çox iş yerləri bağlanıb və təəssüf ki, onun dinamikası müsbətdir”-deyə, ekspert vurğulayıb.
Ekspert bildirib ki, müşavirədə gözləntilərin əskinə olaraq nə baş nazir, nə iqtsiadiyyat, nə maliyyə naziri çıxış edib, hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etmədilər: “Görünür onlar da yaxşi bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir. Hətta Mərkəzi Bankın sədri manatdan da danışmadı ki, investorlar və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Elə bil ki, elə manat belə də olmalıymış və bu normal iqtisadi proses heç kimi narahat etmir”.
Q.İbadoğlu əlavə edib ki, milli iqtisadiyyatla bağlı söhbət əsasən iki mövzuda oldu. “Kənd təsərrüfatında ənənəvi təsərrüfatçılıq formalarının bərpası, heyvandarlığın inkişafı və turistlərin ölkəyə cəlbi. Bir sözlə əsas məsələ ölkəyə valyuta gətirmək və ölkədən valyuta getməsinə yol verməmək. Tapşırıq belə oldu.
Heç kəs demədi ki, bu çıxış yolu deyil və tezliklə bu məqsədlərə nail olmaq mümkün deyil. Ölkənin gələcəyi bilik iqtisadiyyatına keçiddən, innovasiya yönlü məhsul istehsalının təşkilindən, yəni təhsilin, elmin inkişafından və texnologiyaların səmərəli tətbiqindən asılıdır. Deyılmədi ki, biz ənənəvi bazarlara yalnız beyin məhsulları ilə çıxa bilərik. Yoxsa, kolxoz və sovxoz prinsipi ilə bütün torpaqları ekstensiv yolla əkməklə və mal-qaranın cinsini dəyişməklə iqtsiadiyyatı inkişaf etdirmək olmaz. Bu müasir iqtisadiyyatın inkişaf yolu deyil, ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli getməyəcyik, ən yaxşı halda geriyə – ötən əsrin 60-80-ci illərinə qayıdırıq.
Beləliklə də bu müşavirə də yaranmış çoxsaylı suallara cavab vermək əvəzinə, yeni suallar yaratdı və eyni zamanda xalqa mesaj verdi ki, bu gününüzə də şükür edin, allaha dua edin ki, kəndçiyə dəstək olsun. Çünki, birdən yağmadı yağış bitmədi qamış, bəs onda nə olacaq?”.(politika.az)