Milyarder İsgəndər Xəlilovun bankdan istefasının pərdəarxası - şok iddialar
10-10-2016, 09:44
Ünlü iş adamı Bakıda niyə cəzalandırıldı; Rusiyadakı məşhur azərbaycanlının kapitalı ilə maliyyələşən “NIKOIL Bank”ın filiallarının qəfil bağlanmasına və rəhbərliyin ittiham olunmasına səbəb nə olub?; İş adamının Müşahidə Şurası sədrliyindən istefası haqlı suallar doğurur...
Ötən həftəsonu ölkənin bank sektorunda çox diqqətçəkən bir hadisə baş verdi. “İSR” Şirkətlər Qrupunun prezidenti milyarder İsgəndər Xəlilov gözlənilmədən Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən “NIKOIL Bank”ın Müşahidə Şurasının sədri postundan istefaya getdi.
Bu barədə bankdan yayılmış rəsmi xəbərdə qısaca olaraq qeyd edilib ki, səhmdarların növbədənkənar ümumi yığıncağında İ.Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub. Onun yerinə Marina Valeryevna Kulişova təyin edilib. Bankdan onu da bildiriblər ki, Müşahidə Şurasının tərkibindən çıxsa da, İ.Xəlilov “NIKOIL Bank”ın səhmdarlarından biri olaraq qalır.
Qeyd edək ki, sentyabrın 15-də də “NIKOIL Bank”ın Müşahidə Şurasının tərkibində bəzi dəyişikliklər baş verib. İldar Müslümov, Sergey Mitirev və İvan Romanovski Müşahidə Şurasını tərk ediblər. Onların niyə bu qərarı verdikləri barədə isə məlumat yayılmayıb.
*****
Azərbaycanın bank sektoruna 1994-cü ildən daxil olan və kifayət qədər populyarlıq qazanan “NIKOIL Bank” İ.Xəlilovun maliyyəsi ilə yaradılıb. Onun bu bankı yaxın dostu, “LUKoil”prezidenti Vahid Ələkbərovun dəstəyi ilə yaratdığı sirr deyil. 2013-cü ildə metronun “28 may” stansiyasının yaxınlığındakı bankın mərkəzi ofisinin açılışında V.Ələkbərov da iştirak edib. Məlumdur ki, İ.Xəlilov 1994-2000 illər arası “LUKoil” prezidentinin əvvəl məsləhətçisi, sonra şirkətin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri və vitse-prezidenti olub.
Son aylar Azərbaycanın bank sektorundakı böhran təbii ki, “NIKOIL | Bank”dan da yan keçməyib. İddialara görə, bank ciddi maliyə çatışmazlığı ilə üzləşib. Amma bankın Müşahidə Şurasındakı müəmmalı istefalar və əsas fiqurun rəhbərlikdən getməsini diqqətçəkən edən daha ciddi səbəblər var. Belə ki, sentyabrın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası gözlənilmədən bankın 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyəti üçün verilmiş icazələri ləğv edib.
İcazələrin ləğv olunmasına səbəb sözügedən filiallarda MBNP tərəfindən müəyyən edilmiş sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib.
Yoxlama zamanı filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatının aparılmadığı məlum olub. Nəzarət Palatası müəyyən edib ki, “kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”nin tələbləri, borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub. O cümlədən, Nəzarət Palatasının aprelin 5-dən xarici valyuta ilə istehlak kreditlərinin verilməsinə qoyduğu bir aylıq qadağaya da əməl edilməyib, xarici valyuta ilə kreditlər verilib. Palatanın yaydığı məlumatda baş verənlərdə məhz bank rəhbərliyi günahlandırılıb. “Sadalanan səbəblər qeyri-sağlam və dayanıqlı bank təcrübəsinə zidd olmaqla idarəetmə sistemindəki fundamental problemlərdən qaynaqlanıb” deyə, məlumatda bildirilib. Bu, ittihamın birbaşa hədəfi isə, sözsüz ki, İ.Xəlilovdur.
Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda yaranmış vəziyyəti normallaşdırmaq üçün prezident İlham Əliyevin fərmanı ilə yaradılıb ki, indi bank sektorunda əsas söz sahibi də bu qurumdur. Hətta Milli Bank sədri də bu kimi məsələlərə müdaxilə edə bilmir. Rusiyadakı milyonçu azərbaycanlıların (V.Ələkbərovun da banka şərikliyi barədə iddialar var) kapitalı ilə maliyyələşən “NIKOIL Bank”ın filiallarının bağlanması kimi sərt qərar, eləcə də rəhbərliyin açıq şəkildə ittiham olunması sıradan hadisə deyil. Üstəlik, baş verənlərdən sonra Müşahidə Şurasındakı istefalar, nəhayət İ.Xəlilovun özünün də rəhbərlikdən kənara çəkilməsi suallar doğurur.
*****
İ.Xəlilovun 1995-ci ildə yaratdığı “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya və Türkiyə ilə yanaşı digər ölkələrdə də ofis və filialları fəaliyyət göstərir. Holdinq illərdir ki, neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyətlə məğuldur. “Hilton Baku Hotel”in sahibi olan İ. Xəlilovun biznesinin böyük hissəsi Rusiyadadır. İnternet üzərindən apardığımız qısa araşdırma onu deməyə əsas verir ki, milyarder həmyerlimizin biznes işləri Rusiyadakı böhrana baxmayaraq, pis getmir. Məsələn, holdinqə daxil olan “Resurs Treydinq” ASC Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biri olaraq mövqeyinin saxlayır. Bu ilin mayında isə “Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə holdinqin şirkətlərindən biri qalib gəlib ki, layihənin dəyəri bir neçə yüz milyon dollardır. Yəni İ.Xəlilovun Azərbaycandakı bankından fərqli olaraq Rusiyadakı biznesi böhranda deyil. Bu da bir daha diqqəti İ.Xəlilovun bankının filiallarının möhürlənməsinə (onların sırasında 11 ildir fəaliyyət göstərəni də vardı) və rəhbərlikdəki postundan qəfil istefasına yönəldir. “NIKOIL Bank”da olan problemlər indi bütün ölkə banklarında var və digərlərində vəziyyət bəlkə də daha pisdir. Yəni maraq mövzusu bankda baş verənlər deyil; bu, geniş oxucu auditoriyası üçün də ciddi maraq kəsb etmir. Amma İ.Xəlilov dünyaca məşhur personadır, “Forbes”in siyahısında olan azərbaycanlı iş adamlarından biridir.
*****
Məlumdur ki, İ.Xəlilov 2012-ci ildə yaradılmış Rusiya Azərbaycan Təşkilatları Ittifaqında (Azərbaycan mediasında “Milyarderlər İttifaqı” kimi tanınırdı) təmsil olunurdu. Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun rəhbərlik etdiyi bu qurumda təmsil olunanların hakimiyyətlə münasibətlərində müəyyən gərginlik də yaranmışdı. O zamanlar İ.Xəlilov bu barədə məlumatları təkzib etdi və hakimiyyətlə heç bir problem yaşamadığını dedi. İ.Xəlilovun biznesinə, doğrudan da, heç bir təhlükə olmadı və biznesmen haqlı çıxdı. Bu ilin əvvəlində isə ölkə başçısı diaspora sahəsindəki xidmətlərinə görə İ.Xəlilova Azərbaycanın yüksək dövlət ödüllərindən birini verdi. Mümkündür ki, indi də milyarder bu tipli “gərginlik” iddialarını təkzib etsin. Amma bu dəfə də onun “sıxışdırılması”nı hakimiyyətlə münasibətlərində yaranmış gərginlikdə axtarmaq lazım gəlir. İddia olunur ki, İ.Xəlilovun holdinqinə daxil olan bir şirkətin Bakıda yaşayış binası tikintisi yarımçıq saxlanılıb. Pul verib, mənzili ala bilməyənlərlə bağlı ötən aylarda keçirilən məhkəmədə İ.Xəlilovun şirkətinin nümayəndəsi binanın yarımçıq qalmasının səbəbi kimi iqtidardakı yüksək mövqeli şəxsin adını çəkib. Əslində isə milyarderin binasının tikilməsinin yarımçıq dayandırılmasına Nazirlər Kabineti (NK) qərar veribmiş... NK rəsmiləri də məhkəmədə səslənən iddiadan sonra tikintinin onların qərarı ilə dayandırıldığını bir daha təsdiq etməyə zərurət görüblər...
*****
Bankda baş verənlərlə yarımçıq qalmış bina olayının bir-biri ilə əlaqəsi olduğunu iddia etmək fikrindən uzağıq. Amma Azərbaycanda bu kimi olayların heç də təsadüfən baş vermədiyini İ.Xəlilov da yaxşı bilər...
“YM”