Vergilər Nazirliyinin «qara siyahısı»nda şok adlar - Terror təşkilatı, nazir qardaşı, keçmiş banki

14-10-2016, 00:13           
Vergilər Nazirliyinin «qara siyahısı»nda şok adlar - Terror təşkilatı, nazir qardaşı, keçmiş banki
Terror təşkilatı, nazir qardaşı, keçmiş bankiri nə birləşdirir? Məşhur şirkət rəhbərlərinin ölkədən çıxışına qadağa qoyulub. Vergilər Nazirliyi web-səhifəsində vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin son siyahısını açıqlayıb. Bizimyol.info-un araşdırmasına görə, bunların arasında məşhur şirkətlərin rəhbərləri də var, həbsdə olan keçmiş bankirin nəzarətində olan müəssisələrə formal başçılıq edənlər də, nazir qardaşının öz təşkilatında marionet kimi istifadə etdiyi adamlar da, terror təşkilatının adı ilə yaradılmış müəssisəyə sahiblik edən də.

“Çudo Peçka”-nın rəhbəri ölkədən gedə bilməz

Siyahıda 569 müəssisə rəhbərinin adı var. Hətta elə sahibkar var ki, eyni vaxtda 20-30 müəssisəyə rəhbərlik edir və qadağa siyahısında adı müəssisələrin sayı qədər çəkilib. Əvvəlcə məşhur şirkətlərdən başlayaq. Hər kəsin tanıdığı “Çudo Peçka” MMC-nin işləri gördüyümüz qədər pis getmir, şəhərin müxtəlif yerlərində filialları olan müəssisəni boş görmək mümkün deyil. Sən demə, çeşidli şirniyyatlar, fast-food-lar, cürbəcür yeməklər və içkilər təklif edən MMC-nin vergi borcu varmış. Rəhbəri olaraq Fuad Məmmədovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Nazir qardaşı vergi borcunun altına öz işçisini verib

Daha bir vergi borcu olan tanınmış müəssisə “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-dir. Cəmiyyətin səhm-nəzarət paketinin sahibi Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovdur. Cənab Əhmədov bir vaxtlar neft şirkətinin strukturu olmuş müəssisənin səhmlərini aldıqdan bir müddət sonra, ortaqlarından qurtulmaq üçün cəmiyyəti xəyalında “ləğv edib”, yerində yüksəkmərtəbəli binalar tikdirir. 400 səhmdarı da saymır. Amma çabalara rəğmən gördüyünüz kimi, Vergilər Nazirliyi onu qeydiyyatdan çıxartmayıb, üstəlik müəssisənin vergi borcu da yaranıb. Ölkədən çıxışına əngəl qoyulan isə müəssisənin əsas sahiblərindən olan nazir qardaşı deyil, cəmiyyətin idarə heyətinin formal olaraq sədri Yusif Abbasovdur. Zavallı Abbasov bizə verdiyi müsahibəsində müəssisənin fəaliyyətindən xəbərsiz olduğunu, sədrlikdən istefa verəcəyini demişdi. Heç ümumi yığıncaqlarda da görünmürdü. Onun fikrincə, yığıncaqlara gəlməməklə arzusuna çatıb. Amma mərdimazarları axtarmaqla deyil. “Getdim”, deməklə də getmək olmurmuş, gərək məsələni rəsmi şəkildə həll edəydi. Adamın xəbəri yoxdursa, onda agah olsun ki, Əhmədovun sayəsində ölkədən çıxmaq ona yasaqdır.

Həbsdə olan “İnter sekurity” rəhbərinə ölkədən çıxış qadağası

Çıxışına qadağa qoyulan bir nəfər də “məşhur” var, amma bu, çox absurd gəldi. Adam zatən ölkədən çıxa bilməz ki! Barəsində məhkəmə gedir, bu gün-sabah hökmü də oxunacaq. Söhbət keçmiş bankir Cahangir Hacıyevə məxsus “İnter sekurity” mühafizə şirkətinin rəhbəri olmuş İbrahim Hüseynovdan gedir. Həm həbsdədir, həm də ölkədən çıxa bilməz. Hətta həbsdən qaçacaq olsa da ölkədən çıxışına əngəl var. Hacıyevin Azərbaycan Beynəlxalq Bankından səxavətlə maliyyələşdirdiyi “Kainat” ASC-nin idarə heyətinin sədri Tehmur Mustafayevin də vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulub. Mustafayev qəzetimizə də bir-iki dəfə “maraqlı” müsahibə verib. Deyirdi ki, onu güdaza verirlər. Adam haqlıymış. Amma özünün günahıdır, müəssisənin xərclərini birə-beş şişirdəndə anlaqlıydı.

İŞİD Azərbaycanda qeydiyyatdan keçib

Borclular arasında bir maraqlı ada da rast gəldik: "İSİL" MMC. Rəhbəri İdrak Kərimovdur. Müəssisənin adı Azərbaycan dilində heç nə demir. Amma nəzərə alsaq ki, bizdə əksər müəssisələrin adı ingilis dilindədir və düşünmək olar ki, MMC terror təşkilatının abbreviaturasıdır. İSİL - The Islamic State of Iraq and the Levant - tərcümədə İraq və Şam İslam Dövləti-dir. Bu, həm də ingiliscədə İSİS kimi tanınır - The Islamic State of Iraq and Syria. Bəlkə də abbreviaturanın başqa açıqlaması var, misal üçün, rəhbərinin adı ilə ilk hərf eyni başlayır. Amma terror təşkilatının adına bənzədiyindən diqqət etməyə dəyər.

“Akkord” rəhbəri də “qara siyahı”-dadır

“Akkord Beton” MMC-nin rəhbəri Uğur Babyev də vergi borcuna görə ölkədən çıxa bilməz. Qeyd edək ki, “Akkord” Şirkətlər Qrupunun əksər kompleksləri “uğur” layihəsi adı ilə təqdim edilir.
Səhmdar Cəmiyyətləri xirtdəyəcən borcdadır

Vergi borcuna görə bir çox səhmdar cəmiyyətlərinin idarə heyəti sədrlərinin də ölkədən çıxışına qadağa qoyulub. “Temirli Qrup” (Rüstəm Temirov), “Şirvan-Mehmanxana” (Orxan Məmmədov), “Gəncə Ət-Süd” (Vəkil Məmmədov), “Gəncə Şərab-1” (Mirməhəmməd Məmmədov), “Gəncə Quraşdırma” (Mayıl Məmmədov), “Gəncə Tikinti Quraşdırma” (Ətayə Ələkbərova), “Titan” (Mahir Məmmədov), “Bakı Körpü-Tunel” (Zakir İbrahimov), “Qarabağ-Pambıq” (Mehman Abdullayev), “Ağcabədi-Pambıq” (Əliş Qaraşov), “İmişli Pambıq” (Asif Əliyev), “Qaradağ Tikinti Materialları” (Əmrağa Xəlilov), “Qaradağ Maşınqayırma” (Asif Bədəlov), “Ucar Tikinti Avtonəqliyyat” (Muxdar Əzizov), “Qazax Konserv” (Firdovsi Hadıyev), “Zaqatala-Tütün” (Bayram Mahmudov) belə müəssisələrdəndir. Çoxunu hələ sadalamırıq.

Eyni vaxtda 30 müəssisəyə başçılıq edir və... vergi ödəmir

Siyahıda 30 müəssisənin icra orqanının rəhbəri kimi Rəhimov Elman Hətəm oğlunun adı göstərilib. Rəhimov “TEXNOSTAR", "PANDORA", "MONSTER", "KANİN", "AZƏR TEXNO İNVEST", "ERA TİKİNTİ QURAŞDIRMA", "ART FEN", "DONDARLI SERVİS", "BİTLZ", "AMAZON-R", "POLIMER-ART", "KAS-TEXAS-24", "SELQ-UNIVERSAL-68", "KANBERRA", "BEL-MOR", "MİRABELLA", "AURA -L", "SİLVER PARTNER", "GOLD İDEA","QRINBERG", "AEROSFER", "KALİPSO-R", "BOSFOR-LD","REAL SERVIS", KARTAXENA", "ENDAVOR", "KARPATIYA", "ŞİRVAN HOLDİNQ", "YUNİ STAR", "KEMPİNQ" məhdud məsuliyyətli cəmiyyətlərinə başçılıq edir.

Qandayev Şamil Ramazan oğlunun rəhbərlik etdiyi 21 müəssisənin vergi borcu var. Bunlar "RESMOND", "BERET", "UNİKAL SUPPLY", "ATENTO", "TƏCHİZAT-GN", "VENUS-K", "PRİMERO 2013", "TERZO", "MEMAR SERVİS A", “TESORO”, "FORTEKS", "TAURUS", "TERFOPEN", "KORNET", "ROYAL GRUP", "FULL HOUSE LİMİTED", "GOLD SOLUTİON", "SİEMPRE", "ALTAF", "AQAT-SC", "VENTURA" məhdud məsuliyyətli cəmiyyətləridir.
Əliyev Teymur Mömin oğlu rəhbərlik etdiyi 17 müəssisənin vergi borcuna görə ölkədən çıxa bilməz. Bunlar "RELEASE K", "ÇEVİK GROUP", "POLİQON 2014", "FOLDER M", "POLEREN 58", "PROGRESS 1987", “KARS 2014", "AZ İMPULS M", "İNTEL 2014", "X-PERİA", "ENGİNER COMPANY", "İHLAMUR-2014", "S-MİKRON", "CRUİSER 1959", "ZLS SƏNAYE", "GRASE 2013", “PROFESSİONAL DC” məhdud məsuliyyətli cəmiyyətləridir.

Əlövsət Əliyevin adı da rəhbərlik etdiyi "ONAUL S", "ERA 99", "KASPER MM", "LİDER A", "SS 10", "AFARİ", "CİEL S", "SİNBOL AA", "TİTUL Q" məhdud məsuliyyətli cəmiyyətlərin vergi borcuna görə siyahıda yer alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.