Göycayda tibb işçilərinin pambıq yığması ilə əlaqədar:“Tibb işçilərinin pambıq yığması əmək funksiyasına ziddir”
15-10-2016, 00:07
Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda yayılan xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva faktı təsdiqləyərək bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər:
“Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq. Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər”.
Məslə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti Qaynarinfo.Az-aaçıqlamasında bildirildi ki, pambıq yığımında iştirak edən şəxslər səhiyyə işçiləri yox, texniki işçilərdir:"Onlar könüllü olaraq pambıq yığımında iştirak ediblər. Əvvəllər də bu kimi hallar olub. Növbədə olmayan insan hara istəsə gedə bilər. Nazirlik buna qarışmır".
Hüquqşünas Üzeyir Məmmədli məsələyə münasibət bildirərkən qeyd etdi ki, tibb işçilərinin pambıq yığımına cəlb edilməsi əmək funksiyasına ziddir:
"Burda göründüyü kimi, səhiyyə işçiləri iş vaxtından əlavə əməyə cəlb olunub. Özü də onların birbaşa əmək funksiyasına aidiyyatı olmayan işlərə. Əmək Məcəlləsinin 101-ci maddəsində iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar qeyd olunub. Amma qeyd etdiyim kimi, pambıq yığımı səhiyyə işiçisinin əmək funksiyasına daxil deyil. Ona görə də, səhiyyə işçilərinin iş vaxtından əlavə pambıq yığımına cəlb olunması qanunsuzdur. Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
İşçinin əmək funksiyasının anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsində verilir:
Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsi var. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə- min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Xəbərdə deyilir ki, güclü yağışlar yağacaq pambıq vaxtında yığılmasa xarab olacaq. Onlar güclü yağışı (Təbii fəlakət ) müstəsna hal kimi qələmə verirlər. Amma ehtimal olunan güclü yağışlar təbii fəlakət deyil. Qısaca desək, iş vaxtından əlavə işə cəlb olunmaq üçün əmək məcəlləsində sadalanan müstəsna hallar var. Amma bu halda o yoxdur. Əsas məsələ də bu işçilərin əmək funksiyasına daxil deyil".
Criminal.az