Afrikada üç min illik ağaclar aşkar edilib
27-03-2025, 15:26

Planetimiz hər kəsi öz sirləri və müəmmaları ilə təəccübləndirməyə davam edir. Alimlərin Tanzaniyada son tapıntısı bir daha sübut edib ki, təbiət sürprizlərlə doludur.
Bu barədə focus.ua xəbər verir.
Bildirilir ki, Tanzaniyanın cənub-şərqində Udzunqva dağlarının cəngəlliklərində aparılan tədqiqatlar zamanı beynəlxalq botaniklər qrupu elmə əvvəllər məlum olmayan ağac növü aşkar ediblər. "Tessmannia princeps" (latıncadan tərcümədə - "ən görkəmli") adlandırılan nəhəng ağaclar alimləri öz ölçüləri və yaşı ilə heyrətləndiriblər.
Bu yaşıl nəhənglərin hündürlüyü 35-40 metrə, gövdəsinin diametri isə təxminən 2,7 metrə çatır. Belə bir ağacı əhatəyə almaq üçün ən azı 5-6 nəfər tələb olunur. Lakin əsl sensasiya odur ki, ilkin qiymətləndirmələrə görə, "Tessmannia princeps" növünün bəzi nümunələrinin yaşı 2 000 - 3 000 il ola bilər.
Lakin uzun ömür "Tessmannia princeps"in yeganə xüsusiyyəti deyil. Məlum olub ki, bu ağaclar toxumların yayılması üçün unikal, demək olar ki, "partlayıcı" mexanizmə malikdirlər. Yetişmiş toxumlar qınlardan böyük məsafəyə güclə atılır. Bu üsul bəzi bitki növləri üçün xarakterikdir, lakin nəhəng ağaclar arasında çox nadir hallarda rast gəlinir.
Təəssüf ki, böyük ölçülərinə və uzun ömrünə baxmayaraq, "Tanzaniya nəhəngləri" həssas kateqoriyadadırlar. Alimlər iki kiçik populyasiyada kompakt şəkildə böyüyən cəmi 100-ə yaxın ağac aşkar edə biliblər. Yavaş böyümə tempi və məhdud arealı "Tessmannia princeps" növünü hər hansı xarici təsirlərə qarşı son dərəcə həssas edir. Alimlər onu nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil etməyi təklif edirlər.
Qeyd edək ki, nəhəng ağacların tapıldığı ərazi Udzunqva meşələrinin bərpası üzrə genişmiqyaslı layihənin zonasına daxildir. Layihənin məqsədi qədim tropik meşələrin pərakəndə sahələrini birləşdirmək və onların unikal ekosistemini qorumaqdir.

